XX ƏSR TARİXİNƏ QANLA YAZILMIŞ FACİƏ: XOCALI SOYQIRIMI

Xocalı soyqırımı XX əsrdə bəşəriyyətin şahid olduğu ən dəhşətli qətliamlardan biridir. Bu qanlı cinayəti erməni faşistləri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə həyata keçirmişlər. Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı soyqırımı hər il fevralın 26-da “Xocalı soyqırımı günü” kimi qeyd olunur.

2022-ci il fevralın 25-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivində (ARPİİ İSSA) Azərbaycan tarixinin qara səhifələrindən olan Xocalı soyqrımının 30-cu ildönümünə həsr olunmuş “XX əsr tarixinə qanla yazılmış faciə: Xocalı soyqırımı” mövzusunda anım tədbiri keçirildi. Tədbiri açan ARPİİ İİSSA-nın direktoru Elmira Ələkbərova bildirdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının bilavasitə köməkliyi və iştirakı ilə Xocalı şəhərinə hücum edib, Xocalı şəhərinin dinc əhalisinə qarşı xüsusi qəddarlıqla divan tutmuşlar. Erməni faşistlərinin törədikləri bu qanlı cinayət nəticəsində 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs ağlasığmaz vəhşiliklə qətlə yetirilmiş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər isə girov götürülmürdür. E. Ələkbərova qeyd etdi ki, Xocalı həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün Azərbaycan Respublikasının rəhbərliyi bu illər ərzində diplomatik müstəvidə uğurlu siyasət aparmış, 2008-ci ildən “Xocalıya ədalət” beynəlxalq kampaniyası geniş vüsət almışdır. Arxivin direktoru Elmira Ələkbərova bildirmişldir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət” beynəlxalq kampaniyası bəşəriyyəti müharibəyə, ədalətsizliyə qarşı çıxmağa səsləyir, zorakılığı, ölümü pisləyir. Çıxışının sonunda Elmira Ələkbərova tədbir iştirakçılarını Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət etdi.

Anım tədbirinin davamında ARPİİ İSSA-nın foyesində açılmış “XX əsr tarixinə qanla yazılmış faciə: Xocalı soyqırımı” adlı sərgi nümayiş olunmuş, arxivin əməkdaşları “Xocalı soyqırımı: kitabların dili ilə...”, “Xocalı soyqırımı: dəlillər və sübutlar...” adlı stendlər ilə tanış olmuşlar. Vasif Səmədov, Rövşən Vəlizadənin “Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model) III cildliyi, Qənirə Paşayeva, Həvva Məmmədovanın “Xocalı Soyqırımı (26 fevral 1992) Şahidlərin dilindən” , Səriyyə Müslümqızının "Xocalıdan gələn var" (Guest from Khojaly), Nəsiman Yaqublunun “Xocalı Soyqırımı”, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin hazırladığı “Xocalı -1992”, “Ходжалы. Очевидцы о военных преступлениях суд нам Арменией” adlı kitablar və digər ədəbiyyat “Xocalı soyqırımı: kitabların dili ilə...” adlı stenddə nümayiş olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin elmi katibi Həcər Verdiyeva tədbir iştirakçılarının diqqətinə çatdırmışdır ki, bəşəriyyəti sarsıdan Xocalı soyqırımında erməni millətçilərinin xüsusi amansızlıqla törətdikləri cinayətləri dəlillər və sübutlar əsasında göstərən bu kitabların müəllifləri belə bir həqiqəti xüsusi olaraq vurğulamışlar ki, Xocalı şəhərinin sakinləri yalnız etnik mənsubiyyətlərinə — azərbaycanlı olduqlarına görə xüsusi amansızlıqla öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər. Həcər Verdiyeva bildirmişdir ki, Xocalı soyqırımı BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında Konvensiyada göstərilən hərəkətlərə düz mütənasibdir və Xocalı şəhərinin əhalisi məhz etnik mənsubiyyətinə görə erməni millətçiləri tərəfindən kütləvi şəkildə qətlə yetirilmişlər.

“Xocalı soyqırımı: dəlillər və sübutlar...” adlı stenddə Ümummilli Lider Heydər Əliyevin 1993-cü il 26 iyul tarixli BMT Təhlükəsizlik Şurasının sədrinə yazılı müraciəti, 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisinin Bütün dünya azərbaycanlılarına müraciəti, Ümummilli Lider Heydər Əliyevin 1994-cü il martın 1-də Xocalı soyqırımı qurbanlarının ailələrinə müraciəti, Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında Konvensiyaya qoşulmaq barədə Azərbaycan Respublikasının Qanunu, 1997-ci il 25 fevral tarixli “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, Ulu Öndər Heydər Əliyevin 2002-ci il 25 fevral tarixli Xocalı soyqırımının onuncu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciəti, 2012-ci il 17 yanvar tarixli Xocalı soyqırımının iyirminci ildönümü haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı, 2017-ci il 24 yanvar tarixli Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı, 2022-ci il 28 yanvar tarixli Xocalı soyqırımının otuzuncu ildönümü haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı, Xocalı soyqırımının beynəlxalq cinayət kimi tanınması üçün əsas verən hüquqi sənədlərin siyahısı və Xocalı soyqırımının beynəlxalq hüquqi nəticələrini göstərən material nümayiş edilmişdir. Bu stendə salınmış sənədlər haqda məlumat verən H. Verdiyeva qeyd etmişdir ki, Xocalı soyqırımına hüquqi-siyasi qiymət Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə verilmiş və 1994-cü il fevralın 24-ü iclasında Milli Məclis fevralın 26-sı tarixini «Xocalı soyqırımı günü» elan etmək haqqında qərar qəbul edib, Bütün dünya azərbaycanlılarına müraciətində göstərmişdir ki, Xocalı faciəsi xalqımıza qarşı törədilmiş soyqırımı — genosiddir.

Sərginin nümayişindən sonra Həcər Verdiyeva Xocalı soyqırımının ön tarixi ilə bağlı məlumat verib bildirmişdir ki, Qafqazda allohton əhali olan, kökləri Balkanlara çıxan, uzaq keçmişdə baş verən miqrasiya dalğaları nəticəsində Kiçik Asiyada, oradan da Fərat ətrafı məkanda yerləşən pərakəndə ermənilər IV əsrin sonlarında dövlətçiliklərini itirdikdə erməni-qriqorian kilsəsinin ətrafında birləşmiş, XIX əsrin birin otuzilliyində İran və Osmanlı imperiyasından Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürüldükdən sonra erməni-qriqorian kilsəsinin uydurduğu “Böyük Ermənistan” əfsanəsini reallaşdırmaq üçün bu etnos Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə çıxış etmiş, qanlı cinayətlər törətmiş və Xocalı soyqırımı da bu cinayətlərdən biri olmuşdur.

Tədbirin sonunda “İnformasiya-maarifləndirmə çərçivəsində erməni ictimaiyyətinə dəstək” layihəsinin yaradıcı heyətinin çəkdiyi video-çarx nümayiş olunmuşdur. Xocalı soyqrımının baş verməsində 366-cı motoatıcı alayın komandir heyətinin cinayətkar fəaliyyətini, erməni faşistlərinin vəhşiliklərini dəlillər və sübutlar əsasında göstərən bu video-çarx tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.