2022-ci il yanvarın 19-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivində (ARP İİ İSSA) 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir.
Arxivin foyesində Azərbaycan xalqının tarixinə şəhidlərin qanı ilə yazılmış Yanvar hadisələrinə həsr olunmuş videoçarxın nümayişindən sonra ARP İİ İSSA-nın direktoru Elmira Ələkbərova tədbir iştirakçılarını 20 Yanvar faciəsi qurbanlarının timsalında Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət etdi.
E.Ələkbərova Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistan və onların havadarları olan sabiq SSRİ rəhbərliyinin hərəkətlərinə öz qəti etirazını nümayiş etdirmək üçün Bakının küçə və meydanlarına axışan geniş xalq kütlələrinə qarşı törədilmiş qanlı Yanvar hadisəsinin dövlət müstəqilliyinin bərpasında dönüş nöqtəsi olduğunu və məhz bu faciədən sonra milli azadlıq hərəkatının tam siyasi reallığa çevrildiyini qeyd etdi.
1990-cı il 20 yanvar tarixində baş vermiş bu dəhşətli faciənin insanlığa qarşı böyük cinayət olduğunu vurğulayan E.Ələkbərova, bu qanlı hadisəyə ilk olaraq məhz Ümummilli Lider Heydər Əliyevin münasibət bildirdiyini, hadisəni törədənlərə qarşı çox sərt mövqe tutduğunu qeyd etdi və Ulu Öndərin 21 yanvar 1990-cı il tarixində Azərbaycanın Moskvadakı daimi nümayəndəliyindəki çıxışında bu qanlı hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bir daha Arxiv əməkdaşlarının diqqətinə çatdırdı.
E.Ələkbərova qeyd etdi ki, bu terror aktına dövlət səviyyəsində tam hüquqi-siyasi qiymət ilk dəfə Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra verilmiş və Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il martın 29-da Milli Məclisdə qəbul edilən qərarda “Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi” qiymətləndirilmişdir.
Sonda E.Ələkbərova qanlı Yanvar hadisəsinin Azərbaycan tarixinə həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yazıldığını vurğulayaraq Ulu Öndər Heydər Əliyevin müdrik kəlamını bir daha tədbir iştirakçılarına xatırlatdı: “20 Yanvar hadisələrini bir faciə kimi təsvir etmək azdır. 20 Yanvar Azərbaycan xalqının milli azadlıq uğrunda, öz mənliyini müdafiə etmək yolunda göstərdiyi qəhrəmanlıq nümunəsidir”.
Anım tədbirinin davamında ARP İİ İSSA əməkdaşları foyedə açılmış 1990-cı il qanlı Yanvar hadisələrini özündə əks etdirən “Şəhidlərin qanı ilə yazılmış kitablar” adlı sərgi ilə tanış oldular. Elmi araşdırmalar və elmi kitabxana şöbəsinin məsləhətçi-baş kitabxanaçısı S.Qədirova tədbir iştirakçılarının diqqətini Rafiq Səməndərin “Şəhidlər”, Əlisahib Əroğulun “Erməni-Daşnak faşizmi və Azərbaycan”, Çapay Sultanovun “İmperatorluğun son darbesi”, Kubra Əliyarlının “Şəhidlərimiz xatirələrdə” kitablarına yönəldərək bildirdi ki, sərgidə nümayiş olunan əsərlərin müəllifləri bu qətliamın günahkarlarının vəhşi simasını göstərmiş, onların bəşər övladına qarşı bəslədikləri kin və küdurətin dərin köklərə malik olduğunu vurğulamışlar. S. Qədirova qeyd etdi ki, bu vətənpərvər müəlliflərin əsas məqsədi tarixi həqiqətlərin geniş oxucu auditoriyasına çatdırmaq, müstəqilliyə gedən yolun salnaməsini yazan 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək olmuşdur...
Allah bütün şəhidlərimizə rəhmət eləsin.