Hər hansı bir xalqın tarixini onun arxivləri,muzeyləri, tarix boyu yaratdığı əsərlər əks etdirir.Ümummilli lider Heydər Əliyev
2021-ci il dekabrın 23-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin (ARP İİ İSSA) 100 illik yubileyi ”Gülüstan” sarayında keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Prezidentin İşlər müdirinin müavini Leyla xanım Məmmədova, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Sevinc Süleymanova, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Macarıstan və Çex Respublikalarının dipkorpusunun nümayəndələri, Dövlət Kino-Foto Sənədləri Arxivinin direktoru Vüqar Tapdıqlı, “Azad Azərbaycan” Teleradio Şirkətinin bədii şurasının sədri Etibar Babayev, Azərbaycan Respublikasının ziyalıları – AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov, fizika elmləri doktoru, professor Adilə Abbasova, Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova, Bakı Dövlət Universitetinin “Azərbaycan tarixi” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Azad Rzayev, tarix üzrə fəlsəfə doktoru Rauf Rzayev, bir sıra dövlət qurumlarının nümayəndələri, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin əməkdaşları, AzTV, AzərTac və bir sıra KİV nümayəndələri iştirak etmişlər.
Yubiley tədbirində öncə iştirakçılara döş nişanı təqdim olunmuşdur. Sonra Sarayın zalında tədbir açıq elan edilmiş və ilk məruzə ilə Yubiley tədbirində çıxış edən Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin müavini Leyla Məmmədova tariximizin həlledici məqamlarını əks etdirən sənədlərin mühafizə olunduğu bu mənəvi xəzinənin 2021-ci ilin dekabrında 100 illiyinin tamam olduğunu söyləmiş, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin kollektivini bu əlamətdar gün münasibətilə təbrik etmiş, Arxivin əməkdaşlarına müzəffər xalqımızın şanlı tarixinin araşdırılması işində müvəffəqiyyətlər arzulamışdır.
Leyla Məmmədova çıxışında bildirmişdir ki, xalqımızın tarixi yaddaşının mühafizəçisi olan bu Arxiv hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olub. Məruzəçi onu da qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyevin göstərdiyi diqqət və qayğını davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün də Arxivdə mühafizə edilən sənədlərə böyük diqqət ayırır. Prezidentin 2007-ci il 21 iyun tarixli 2247 saylı Sərəncamı ilə o zamankı Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət Arxivi Milli Arxiv İdarəsinin tabeliyindən çıxarılaraq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyinə verilib. 2009-cu il 22 iyul tarixli 404 saylı Sərəncamla isə Arxivin adı dəyişdirilərək Siyasi Sənədlər Arxivi adlandırılıb. L.Məmmədova qeyd etmişdir ki, hazırda Arxiv öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 oktyabr tarixli 1465 saylı Fərmanı ilə İctimai-Siyasi Sənədlər Arxivi adı altında davam etdirir.
Çıxışının davamında Leyla Məmmədova demişdir ki, İctimai-Siyasi Sənədlər Arxivi Azərbaycanın XX əsr tarixinin öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb edən sənədlərlə zəngindir və bu sənədlər tariximizin araşdırılmamış səhifələrinin tədqiq edilməsində xüsusi əhəmiyyət kəsb edir. Məruzəçi Arxivin zəngin elmi kitabxanaya malik olduğunu da bildirmiş və auditoriyann diqqətinə çatdırmışdır ki, bu elmi kitabxanada sovet dönəminə, habelə müasir dövrümüzə aid ədəbiyyat və dövri mətbuat nümunələri ilə yanaşı, nadir kitablar və ilkin mənbələr, XX əsrin əvvəllərinə aid nadir mətbu orqanları mühafizə olunur. Çıxışının sonunda Leyla Məmmədova xalqın tarixi yaddaşının qorunmasında gərəkli iş aparan Arxiv əməkdaşlarına uğurlar arzulamışdır.
ARP İİ İSSA-nın direktoru Elmira Ələkbərova çıxış edərək demişdir ki, 3683 fondu olan və 2 milyondan çox saxlama vahidini mühafizə edən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivi 1921-ci ilin dekabr ayında yaradılmışdır. Məruzəçi qeyd etmişdir ki, bu möhtəşəm sarayda 100 illik yubileyi qeyd edilən Arxiv XX əsr Azərbaycan tarixində özünəməxsus yer tutmuşdur. Belə ki, XIX əsrin sonu - XX əsrin 90-cı illərinin əvvəllərinin sosial - siyаsi, iqtisаdi və mədəni mənzərəsini geniş əks etdirən qiymətli sənədləri mühafizə edən ARP İİ İSSA göstərilən xronoloji çərçivədə Azərbaycan tаrixinin yеnidən işlənilməsi və müstəqillik düşüncəsi bаxımındаn dəyərləndirilməsi üçün zəngin bаzа hesab olunur. Məruzəçi onu da bildirmişdir ki, bu bazada Azərbaycan Parlamentinin iclaslarının stenoqramları, Bakı, Şamaxı, Göyçay, Qarabağ, Zəngəzur, İrəvan, Lənkəran və digər bölgələrdə erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımını göstərən faktiki materiallar, habelə bu soyqırımı araşdıran Fövqəladə Komissiyanın, Paris Sülh Konfransına ezam olunmuş Azərbaycan nümayəndə heyətinin sənədləri, xarici diplomatik nümayəndələrin etimadnamələri, XX əsrin əvvəllərində Cənubi Qafqazda müsəlman qaçqınların yaşadıqları faciələr, qanlı olaylar haqqında faktiki materiallar, Bakıda Azərbaycan Dövlət Bankının açılması, AXC hökumətinə təqdim olunan hərbi və mülki xidmətlərə görə orden və medalların eskizləri və bir çox digər qiymətli sənədlər, o cümlədən 1948-1953-cü illərdə azərbaycanlıların öz tаrixi tоrpаqlаrındаn dеpоrtаsiyаsını əks etdirən sənədlər toplanmışdır. Çıxışında Elmira Ələkbərova auditoriyanın diqqətinə çatdırmışdır ki, ARP İİ İSSA-nın fondları dünyanın bir sıra arxiv və institutları ilə beynəlxalq əməkdaşlıq sayəsində günü-gündən daha da zənginləşdirilir və yeni sənədlər tədqiqatçılarımızın istifadəsinə təqdim edilir.
Azərbaycan həqiqətlərini Yubiley iştirakçılarının nəzərinə çatdıran ARP İİ İSSA-nın direktoru Elmira Ələkbərova çıxışında bildirmişdir ki, Аrxivin 1 saylı fondunda mühafizə olunan 4600-dən çox saxlama vahidində toplanmış qiymətli sənədlər Аzərbаycаnın İkinci dünyа mühаribəsində Hitler Almaniyası üzərində qələbənin əldə olunmasında danılmaz rolunu əks etdirir. Məruzəçi qeyd etmişdir ki, bu sənədlər mühаribənin təkcə birinci ilində Bаkı neftçilərinin cəbhəyə 23,5 mln.t nеftin verdiyini, ölkə zəhmətkeşlərinin öz şəxsi əmаnətlərindən müdаfiə fоndunа 15 kq qızıl, 952 kq gümüş, 320 mln. mаnаt pul verdiklərini, cəbhəyə 125 vаqоn isti pаltаr göndərdiklərini göstərir.
Elmira Ələkbərova onu da qeyd etmişdir ki, Arxivdə mühafizə edilən qiymətli sənədlərin böyük qismi 1969-1982-ci illəri əhatə edir. Məruzəçi söyləmişdir ki, Azərbaycan xalqının tarixinə parlaq quruculuq illəri kimi daxil olmuş bir dövrdə Ulu Öndərin gördüyü mühüm işlər Arxivin 1 sаylı fоndundа mühafizə olunan sənədlərdə öz əksini tapmışdır. E.Ələkbərova bildirmişdir ki, bu sənədlərə 1969-1982-ci illərdə kеçirilən XXVIII, XXIX və XXX qurultаyların, 55 Plеnum, 447 Bürо və 101 Kаtiblik iclаsının prоtоkоl mаtеriаllаrı və stеnоqrаmlаrı, həmçinin çоxsаylı zоnа müşаvirələrinin, müxtəlif görüş və tədbirlərin materialları aiddir.
Çıxışda məruzəçi auditoriyanın diqqətinə çatdırmışdır ki, 2021-ci ilin dekabr ayında 100 yaşı tamam olan Arxiv tərəfindən bu müddət ərzində bir çox qiymətli toplular nəşr edilmişdir. Hələ 1946-cı ildən başlayaraq 1983-cü ilədək Pаrtiyа Arxivinin еlmi əsərləri еlmi məcmuə şəklində 31 cilddə nəşr olunmuşdur. Bu işi davam etdirən ARP İİ İSSA son beş il ərzində 1969-1982-ci illərdə Azərbaycan SSR-in ictimai-siyasi, iqtisadı və mədəni mənzərəsini əks etdirən 10 cild sənədlər toplusunu nəşr etdirmişdir. Sonuncu 2 cildlik toplu 2021-ci ildə nəşr olunmuşdur. Bu toplu “Azərbaycanda mədəniyyət və incəsənət. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Büro və Katibliyinin qərarları” adlanır və bu nəşrdə göstərilən xronoloji çərçivədə Azərbaycan SSR-də mədəniyyətin və incəsənətin inkişafına dair Ali Partiya orqanlarının fəaliyyətini əks etdirən sənədlər dərc olunub. E.Ələkbərova çıxışının sonunda tədbir iştirakçılarının diqqətinə çatdırmışdır ki, tarixin öyrənilməmiş səhifələrini və Azərbaycan həqiqətlərini ölkə ictimaiyyətinə və dünyaya tanıtmaq üçün Arxiv əməkdaşları yеni lаyihələr üzərində çalışır və Ulu Öndər Heydər Əliyevin arxiv işi haqqında fikirlərini unutmurlar: “Əgər biz Azərbaycanı müstəqil bir dövlət kimi dünyaya yaxşı tanıtmaq istəyiriksə, Azərbaycanın qədim tarixini, əsrlər boyu keçdiyi yolu gərək həm öz vətəndaşlarımıza, həm də bütün ölkələrdə olan elm adamlarına, respublikamıza maraq göstərən adamlara tanıdaq”.
ARP İİ İSSA-nın 100 illik yubiley tədbirində həmçinin Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova “Sənədlər şahidlik edir”, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov “Arxiv materialları elmi araşdırmaların əsası kimi”, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov “Azərbaycanın siyasi arenasının bir əsrlik güzgüsü – İctimai-Siyasi Sənədlər Arxivi” adlı məruzələrlə çıxış etmişlər. Öz məruzələrində natiqlər qiymətli sənədləri mühafizə edən Arxivin elmi-tədqiqat ocağı olduğunu qeyd etmiş və bildirmişlər ki, ARP İİ İSSA-nın fondlarında saxlanılan sənədlər sırasında elə nadir sənədlər vardır ki, hətta Rusiyanın eyni funksiyalı arxivlərində belə onları əldə etmək mümkünsüzdür. Natiqlər belə bir məqama da toxunmuşlar ki, 100 illik yubileyi qeyd olunan Arxiv yalnız tarixi bir mənbə funksiyasını daşımır. Onlar tədbir iştirakçlarının diqqətinə belə bir həqiqəti çatdırmışlar ki, ARP İİ İSSA eyni zamanda Azərbaycan cəmiyyətinin ictimai-siyasi, iqtisadi, mədəni həyatını özündə əks etdirən bir qiymətli xəzinədir.
Tədbirin davamında İctimai-Siyasi Sənədlər Arxivinin yaranma tarixindən, keçdiyi yoldan və fəaliyyətindən bəhs edən ”Şanlı tarixin mühafizəçisi” adlı videoçarx nümayiş olunmuş, daha sonra sarayın foyesində Yubiley iştirakçılarına “Yaddaşlara həkk olunmuş ömür yolu”, “Bir daha yüksələn bayraq bir daha enməz!”, “1920-1940-cı illərdə elm və maarif”, “Siyasi repressiya qurbanları”, “Hər şey Vətən üçün, hər şey Qələbə üçün!”, “Quruculuq salnaməsi – 1969-1982”, “Qarabağ Azərbaycandır!”, “Nizami Gəncəvi – 840”, ”Nizami Gəncəvi – 880”, “Bərpa prosesi və sənədlərin ikinci həyatı”, “Elmi kitabxananın Xüsusi fondunda mühafizə olunan nadir ədəbiyyat, qəzet və jurnallar” mövzularında sərgi təqdim edilmişdir. Bu sərgiyə bələdçilik edən İctimai-Siyasi Sənədlər Arxivinin əməkdaşları – N.Muradova, Ü.Həmidova, N.Bədəlova, R.Yaqubova, E.Kərimli və S.Soltanova tədbir iştirakçılarına sərgidə nümayiş olunan hər bir stend üzrə ətraflı məlumat vermişlər. Sonra tədbir iştirakçılarına Arxivdə nəşr olunan sənədlər topluları təqdim olunmuş, ARP İİ İSSA-nın direktoru Elmira Ələkbərova Yubiley tədbirinin keçirilməsində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin rəhbərliyinə və ”Gülüstan” sarayında tədbir iştirakçılarına təqdim edilən sərginin hazırlanmasında əməyi olan Arxiv əməkdaşlarına, ”Şanlı tarixin mühafizəçisi” adlı videoçarxın çəkiliş qrupuna minnətdarlığını bildirmişdir.