Dekabrın 12-si Ümummilli Lider Heydər Əliyevin anım günüdür.
Müstəqil Azərbaycanın qurucusu, onun banisi Ulu Öndər Heydər Əliyev böyük tarixi şəxsiyyətdir. Tarixi şəxsiyyətlər hər əsrdə doğulmur. Onlar tarixi yaradırlar. Ulu Öndər Heydər Əliyev də tarix yaradan dahi şəxsiyyətlərdəndir. Heydər Əliyev ömrü Azərbaycanın müasir dövr tarixinə müdriklik, vətənpərvərlik, azadlıqsevərlik kimi bəşəri dəyərləri bəxş etməklə bərabər, həm də çağdaş tariximizdə xalq-rəhbər birliyinin yenilməzliyini həqiqətə çevirdi. Azərbaycan xalqının tolerant dəyərlərini dünyaya göstərdi. Azad dünya, xoşbəxt gələcək, bəşəriyyətin yaşaması üçün qurub yaradanların daim xatırlanacağını göstərdi.
Bəşər tarixini öyrənənlər, onun haqqında yazanların sayı çox olsa da, tarix yaradanların sayı azdır və bu qüdrət yalnız seçilmişlərə nəsib olur. Ulu Öndərin "Mən mənalı həyatımın düz altmış ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub" sözləri bir ömrün hesabatıdır.
Azərbaycan Kommunist Partiyası MK-nın 1969-cu il 14 iyul tarixli Plenumunun qərarı ilə Azərbaycan Kommunist Partiyası MK-nın I katibi vəzifəsinə seçilən Ümummilli Lider Heydər Əliyev (ARPİİ İSSA. F.1, siy.56, sax. vah.5, v.2.) sovet imperiyası dövründə sərt totalitar rejimin az da olsa verdiyi imkanlardan maksimum istifadə edərək, bəzən isə məhdudlaşdırıcı qanunlardan məharətlə yan keçərək Azərbaycanın sosial-iqtisadi, siyasi-mədəni inkişafı, bütövlükdə onun çiçəklənməsi üçün mümkün olan hər şeyi etmişdir. Bu illərdə Bakıda, Naxçıvanda, Gəncədə, Əli Bayramlıda, Lənkəranda, Xankəndində bir-birinin ardınca bir sıra sənaye müəssisələri tikilib istifadəyə verilmiş, o cümlədən elektronika, elektrotexnika, cihazqayırma sahələri inkişaf etmişdi. Keçmiş Sovet İttifaqında ən uca bəndlərdən biri sayılan, 120 metr hündürlüyə malik olan 1976-cı ildə Tərtərçayın üzərində inşa edilmiş Sərsəng su bəndi respublikanın ən iri tikintilərindən olmuş, 50 kilovat gücündə Sərsəng su elektrik stansiyası da tikilib xalqın istifadəsinə verilmişdir.
O illərdə XX əsrin yeni növ nəqliyyatı – Metro xətlərinin tikintisi də yüksələn xətlə gedirdi. 1970-ci il aprelin 17-də “Ulduz”, 1972-ci il noyabrın 6-da Bakı metropolitenin 5 illiyi günündə “Əzizbəyov”, “Avrora” (indiki “Qara Qarayev”), “Neftçilər” stansiyaları işə salındı, 1976-cı ilin sonlarında “Nizami” stansiyası açıldı (ARPİİ İSSA. F.1, siy.63, sax. vah.46, v.53.). 1979-cu ildə “Depo” stansiyası fəaliyyətə başladı. Tezliklə, ikinci növbənin stansiyaları (“Elmlər Akademiyası”, “Memar Əcəmi”) sərnişinləri qəbul etdilər.
1972-ci ildən inşası başlanmış nəhəng, müasir tipli, elmi-texniki tərəqqinin mövcud tələblərinə cavab verən Bakı Məişət Kondisionerləri zavodu (ARPİİ İSSA. F.1, siy.59, sax. vah.85, v.8.) 1975-ci il dekabrın 25-də işə düşdü. Heydər Əliyev istismara verilən bu zavodun ölkə iqtisadiyyatında tutduğu yeri göstərərək, Bakı zəhmətkeşləri nümayəndələrinin mitinqində demişdi: “Azərbaycan sənayesinin tarixi fəhlə sinfinin bir çox diqqətəlayiq nailiyyətləri ilə zəngindir. Lakin bu gün cəsarətlə deyə bilərik ki, respublikamızın sənaye tarixində buna bənzər əmək rəşadəti heç bir zaman olmamışdır... ”
1976-cı il dekabrın 25-də Azərbaycanda ən iri neft emalı qurğusu (ELOV-AVT) işə salındı. Ümummilli Liderin təşəbbüsü ilə XX əsrin 70-80-ci illərində Azərbaycan SSR-də iri dəniz neft donanması yaradıldı. Dənizin 200 metr dərinliyində 6 min metrlik quyu qazmağa qabil olan “Şelf-2” qurğusunun istismara buraxılmasında şəxsən iştirak edən Ulu Öndər Heydər Əliyev vaxtaşırı olaraq bu müəssisənin işi ilə maraqlanırdı.
XX əsrin 70-ci illərindən başlayaraq, Ulu Öndərin ölkə iqtisadiyyatının inkişafı istiqamətində apardığı uğurlu siyasət nəticəsində Azərbaycanda qaz sənayesində mühüm işlər görülmüşdü. 1970-1982-ci illərdə respublikanın başdan-başa qazlaşdırılması işləri həyata keçirilmiş, 1977-ci ildə Bərdədə ən güclü qazdoldurma məntəqəsi tikilib istismara verilmişdi. 1975-ci ildə 300 kilometr uzunluğunda Yevlax-Naxçıvan magistral qaz kəmərinin tikintisi başlanmış, 1979-cu ildə kəmərin Xankəndi hissəsi, 1980-ci ilin sonunda isə Xankəndi-Naxçıvan hissəsi istismara verilmişdi.
Ümummilli Lider Heydər Əliyev Azərbaycanı qəlbən sevən, onun tarixini qoruyan həmişəyaşar Lider olub. Keçmiş SSRİ Dövlət Plan Komitəsinin Sədri Nikolay Baybakov demişdir: “Mən Azərbaycanı, Azərbaycan xalqını Heydər Əliyev qədər sevən ikinci adam tanımıram”. Məhz bu sevgi Ümummilli Lideri Azərbaycan tarixinin ilkin qaynaqlarını qorumağa kömək edirdi. 1978-ci ilin əvvəllərində məlum olmuşdu ki, Azərbaycan tarixinin qədim dövlətlərindən olmuş Qafqaz Albaniyasının paytaxtı qədim Qəbələ şəhərinin (Çuxur Qəbələ) xarabalıqları məhv olmaq təhlükəsi ilə üzləşib. Buna səbəb isə XX əsrin 70-ci illərində əsası qoyulan Qəbələ Radiolokasiya Stansiyasının tikintisi olmuşdu. Hazırlanmış Qəbələ Radiolokasiya Stansiyasının layihəsinə görə yüksək gərginlikli elektrik xətlərinin dirəkləri birbaşa Çuxur Qəbələdə basdırılmışdı və bu da qədim abidənin məhv edilməsi demək idi. “Erməni əli” ilə hazırlanmış bu layihə Azərbaycan xalqına, Azərbaycan tarixinə qarşı yönəlmiş bir qəsd idi. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə 17 yanvar 1978-ci ildə AKP MK-nın Bürosu erməni hiyləsinin qarşısını almaq üçün Çuxur Qəbələ abidəsinin qorunması haqda qərar qəbul edir. Bu qərara görə Çuxur Qəbələdə tikinti işləri dayandırılır, Azərbaycan SSR MEA-ya tapşırılır ki, bu ərazidə aparılan arxeoloji işin həcmi genişləndirilsin və Qutqaşen rayonunun (indiki Qəbələ rayonu) etnoqrafiyasının öyrənilməsi gücləndirilsin. Qərarda Azərbaycan SSR Nazirlər Sovetinə tapşırılır ki, qədim Qəbələ şəhərinin qorunması üçün müvafiq tədbirlər görülsün və Çuxur Qəbələ ərazisində qoruq yaradılsın (ARPİİ İSSA. F.1, siy.65, sax. vah.21, vərəqlər 49, 50, 51.). Beləliklə, Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixinin erkən orta ərlər dövrünə aid qədim abidənin qorunub saxlanmasına nail olur.
Çağdaş tariximizin 2-ci dönüş nöqtəsi 1993-cü il iyunun 15-dən başlayır. Həmişəyaşar Lider Heydər Əliyev xalqı öz arxasınca aparmaq iqtidarına malik böyük bir şəxsiyyət idi və məhz buna görə 1993-cü ildə - XX əsr tariximizin ən ağır anlarında xalq ona üz tutmuş, hakimiyyətə dəvət etmişdi. Ümummilli Lider Heydər Əliyev sonralar o günləri belə xatırlayırdı: “Eşidəndə ki, mənim doğma vətənim, mənim doğma torpağım dağılır, uzun müddət bu vətənin, ölkənin inkişafına xidmət etmiş bir adam kimi mən bilirəm ki, biz burada nələr etmişik və bu dağılır, şübhəsiz ki, özümü qurban verməli oldum və gəldim, məsuliyyəti öz üzərimə götürdüm”.
Milləti vətəndaş müharibəsindən qurtaran Ulu Öndər xalqın təkidi ilə ikinci dəfə Azərbaycana rəhbərliyə qayıtdıqdan sonra ölkədə demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət aparıldı, dövlətçiliyin əsasları qoyuldu, insan hüquq və azadlıqların başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıldı. XX əsrin sonlarında müstəqilliyi bərpa olunmuş Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi, ciddi islahatlara start verildi. Beynəlxalq münasibətlər sisteminə daxil olan Azərbaycan Respublikası regional liderdən qlobal aktora çevrildi.
Ümummilli Lider yenidən hakimiyyətə gəldiyi ilk günlərdən neft sənayesinin inkişafına xüsusi diqqət yetirirdi. Heydər Əliyevin apardığı neft strategiyası nəticəsində 1994-cü il sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi” adlanan transmilli neft müqaviləsi imzalandı. Ölkəmizin “Əsrin müqaviləsi”ndən başlanan yolu haqda Ulu Öndər demişdir: “1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyanın da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir”. Çox dərin milli köklər, milli dəyərlər üzərində qurulmuş Azərbaycan Respublikası bu illərdə sürətli inkişaf xəttini götürdü. 1997-ci ildə Bakı – Novorossiysk Şimal ixrac boru kəməri, 1999-cu ildə isə Bakı – Supsa Qərb ixrac boru kəməri istifadəyə verildi. Məhz o illərdə aparılan uğurlu siyasət nəticəsində Azərbaycan Respublikası iqtisadı inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı olan bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi. Ölkədə gedən islahatlar, o cümlədən milli ordu quruculuğu işləri dövlətimiz üçün həlledici rol oynadı, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizənin təməl daşı oldu. Qoyulan bu təməl nəticəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində müzəffər Azərbaycan Ordusunun sarsıdıcı zərbələri ilə əzilən Ermənistanın cinayətkar ordusu darmadağın edildi, tarixi torpaqlarımız erməni işğalından azad oldu.
Ulu Öndər Heydər Əliyevin qurub yaratmaq eşqi sonsuz, doğma Azərbaycanına olan məhəbbəti ölçüyəgəlməz idi. 2001-ci il Dünya Azərbaycanlılarının I Qurultayında söylədiyi kəlam kiçikdən tutmuş böyüyə qədər hər bir kəsin yaddaşındadır. “Mən həmişə fəxr etmişəm və indi də fəxr edirəm ki, mən Azərbaycanlıyam”. Ümummilli Lider Heydər Əliyev daim Azərbaycan xalqını özünə, öz istedadına inanmağa, öz kökünə qayıtmağa və özü ilə, özünün keçmişi və bu günü ilə fəxr etməyə səsləyirdi. O, həmişə bizimlə olacaq, həmişəyaşar Lider Heydər Əliyev daim bizim qəlbimizdə ölməz və parlaq şəxsiyyət kimi yaşayacaqdır!