44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğalçı Ermənistan ordusunu darmadağın etmişdir. Azərbaycan xalqının qüdrətinin və milli qürurunun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
2021-ci il noyabrın 5-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivində (ARPİİ İSSA) Vətən müharibəsində qazanılmış tarixi qələbənin birinci ildönümünə həsr olunmuş “8 noyabr – Azərbaycan xalqının Zəfər Günüdür” mövzusunda tədbir keçirilmişdir. Böyük qürur hissi ilə tədbiri açan ARPİİ İSSA-nın direktoru Elmira Ələkbərova çıxış edərək demişdir ki, Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın davamlı təxribatlarının qarşısını almaq, düşmən tapdağında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı əks-hücum əməliyyatı nəticəsində oktyabrın 4-də Cəbrayıl, oktyabrın17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı və noyabrın 8-də Şuşa şəhəri, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etmişdir. 28 illik həsrətdən sonra Qarabağın tacı olan Şuşa şəhərinin erməni faşistlərinin işğalından azad edilməsi dünya hərb tarixinə düşəcək bənzərsiz, xüsusi hazırlanmış misilsiz hərbi əməliyyatlar nəticəsində olmuşdur. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılmasını, Rusiya Federasiyasının sülhməramlı kontingentinin erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməsini, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsini bəyan etmiş, 2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad olunmuşdur.
Sonra Elmira Ələkbərova Arxiv əməkdaşlarını Zəfər Gününə həsr olunmuş “Müzəffər Ali Baş Komandan və şanlı Ordumuz”, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Vətən müharibəsi qəhrəmanları” adlı stendləri əhatə edən sərgi ilə tanış etmişdir. “Müzəffər Ali Baş Komandan və şanlı Ordumuz” adlı stend haqqında ətraflı məlumat verən Arxivin direktoru Vətən müharibəsi dövründə Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqına müraciətlərindən, keçirdiyi operativ müşavirələrdən, xarici televiziya kanallarına, agentliklərə verilmiş müsahibələrindən parçalara diqqəti yönəldərək bildirmişdir ki, 44 gün ərzində keçirilən hərbi əməliyyatlar dövründə Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu tərəfindən mənfur qonşularımızın işğal etdiyi torpaqlar azad olunmuş, Ermənistan kapitulyasiyaya məcbur edilmiş, məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmış və ədalətin bərpası üçün başlanmış bu zəfər yürüşündə möhtəşəm qələbə qazanılmışdır.
Daha sonra tədbir iştirakçılarına “Şəhidlər ölməz, Vətən bölünməz” adlı stendi təqdim edən Elmira Ələkbərova 44 günlük müharibə dövründə 2908 şəhid verən rəşadətli Azərbaycan Ordusunun addım-addım irəliləyərək Ermənistanın uzun illər ərzində qurduğu mühəndis istehkamlarını məhv etməsindən, qəhrəman əsgər və zabitlərin, şəhidlərin qanı və canı bahasına torpaqlarımızı, maddi-mədəni abidələrimizi erməni faşistlərindən azad etməsindən danışdı.
ARPİİ İSSA-nın direktoru Elmira Ələkbərova “Vətən müharibəsi qəhrəmanları” adlı stendlə bağlı bildirdi ki, 44 günlük müharibədə Müzəffər Azərbaycan Ordusunun əsgər və zabitləri döyüş meydanında igidlik, mərdlik nümunələri göstərmiş, qəhrəmanlıq dastanları yazmışlar. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən 83 nəfərə, ondan 49-u sağlığında, 34 nəfəri isə ölümündən sonra, Vətən Müharibəsi Qəhrəmanı adı verilmişdir. Vətən Müharibəsi Qəhrəmanı adı alan 83 nəfərdən 2 nəfəri general-leytenant, 3 nəfəri general-mayor, 10 nəfəri polkovnik, 1 nəfəri 1-ci dərəcəli kapitan, 13 nəfəri polkovnik-leytenant, 18 nəfəri mayor, 13 nəfəri kapitan, 6 nəfəri baş leytenant, 6 nəfəri baş gizir, 2 nəfəri gizir, 5 nəfəri kiçik gizir, 1 nəfəri kiçik miçman, 3 nəfəri isə əsgərdir.
Tədbirin ikinci hissəsində ARPİİ İSSA-nın əməkdaşlarına Ermənistanın təxribatlarının və növbəti hərbi təcavüzünün qarşısını almaq məqsədi ilə 2020-ci il sentyabrın 27-də bütün cəbhə boyu genişmiqyaslı əks-hücumun başlanması, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun Vətən müharibəsi dövründə işğalçı Ermənistan ordusuna sarsıdıcı zərbələr endirərək, onu darmadağın olunduğunu əks etdirən “Müzəffər Ali Baş Komandan” adlı videoçarx nümayiş etdirilmişdir.
Sonda tədbir iştirakçılarını Zəfər Günü ilə təbrik edən Arxivin direktoru Elmira Ələkbərova bu qələbənin çağdaş Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını söyləmiş, sərginin hazırlanmasında əməyi olan ARPİİ İSSA-nın əməkdaşlarına minnətdarlığını bildirmişdir.