XX ƏSR AZƏRBAYCAN TARİXİNİN ŞANLI SƏHİFƏSİ – 15 SENTYABR 1918-Cİ İL

1917-ci il Fevral inqilabı Romanovlar Rusiyasına son qoydu. Mütləqiyyət devrildikdən sonra Rusiyanın ictimai-siyasi həyatında baş verən fasiləsiz radikal dəyişikliklər Qafqaz meqaregionundan yan keçmədi. Milli-azadlıq hərəkatı özünün yeni mərhələsinə daxil oldu, demokratik azadlıqlar uğrunda mübarizə genişləndi. 1917-ci il Oktyabr çevrilişindən sonra Qafqaz bölgəsində siyasi vəziyyət mürəkkəbləşdi. Bolşevik hakimiyyətini qəbul etmək istəməyən, lakin Rusiyadan da ayrılmağa hazır olmayan gürcü menşevikləri, müsəlman siyasi partiyaları, ilk növbədə “Müsavat” partiyası, eyni zamanda ermənilərin “Daşnaksutyün” partiyası 1917-ci ilin noyabrında Tiflis şəhərində Qafqaz Komissarlığını, daha sonra Zaqafqaziya Seymini yaratsalar da bölgədə cərəyan edən sosial-siyasi proseslər bu qurumların mövcudluğunu qısa müddətli etdi. Bu zaman anti-bolşevik əhval-ruhiyyəli qüvvələr Tiflisdə toplanmışdısa da bolşeviklər Bakıda üstünlüyü ələ ala bilmiş, “bütün hakimiyyət Sovetlərə” şüarını irəli sürmüşdülər. Həmçinin bu dövrdə erməni millətçiləri, ilk növbədə daşnaklar yaranmış siyasi səbatsızlıqdan istifadə edərək, İrəvan və Qarabağ torpaqlarında qırğınlar törədir, “Böyük Ermənistan” əfsanəsini reallaşdırmaq üçün Azərbaycan torpaqlarında etnik təmizləmə siyasəti aparırlar. Eyni zamanda 1918-ci ilin əvvəllərində daşnak-hnçak təlimini bolşevizm ideologiyası ilə pərdələyən S.Şaumyan və onun quldur dəstələri Bakı quberniyasında dilindən, dinindən, cinsindən, yaşından asılı olmayaraq on minlərlə dinc əhalini məhv edir, soyqırıma məruz qoyurlar.

1918-ci il may ayının sonlarında Cənubi Qafqazda üç müstəqil dövlət: Gürcüstan Demokratik Respublikası, Ermənistan Demokratik Respublikası (Ararat Respublikası), Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan edilir. Gürcüstan və Azərbaycandan fərqli olaraq, Ararat Respublikası ermənilərə aid olmayan ərazidə Azərbaycanın tarixi torpağı olan İrəvan məkanında yaranmış və təxminən 9.000 kv. km ərazini əhatə etmişdi. Lakin daşnak hökuməti əldə etdiyi torpaqlarla kifayətlənmək istəmirdi. Belə ki, Batum müqaviləsinin şərtlərinə görə İrəvan məkanının bütün ərazisi deyil, yalnız Gümrü, Şərur, Üçkilsə və İrəvan bölgələrinin bir hissəsi Ararat Respublikasının tərkibinə daxil edilmişdi. Bu zaman Naxçıvan ərazisinin köklü əhalisi, Azərbaycan türkləri, erməni millətçilərinin İrəvan məkanında apardıqları antiazərbaycan siyasətlə barışmayaraq, Ararat Respublikasına tabe olmaqdan imtina etmişdilər. Tarixən özünə yad torpaqlarda “vətən” axtaran, Azərbaycanın tarixi torpaqları –  İrəvan bölgəsində qondarma dövlətini yaradan erməni millətçiləri Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edir və separat amildən istifadə edərək, Azərbaycan tarixinə “Qarabağ məsələsi”ni gətirirlər.

1918-ci il mayın 28-də Azərbaycanın müstəqil dövləti elan olunsa da, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Batum müqaviləsinin şərtlərinə görə Osmanlı dövləti ölkənin təhlükəsizliyini və əsayişini qorumaq üçün Tiflisdə yerləşən AXC hökumətinə kömək üçün hərbi yardım öhdəliyini öz üzərinə götürür. Bu öhdəlik erməni-bolşevik işğalı altında olan Bakı və ətraf rayonlara da aid idi. Qarşıya qoyulan məqsədə çatmaq üçün 1918-ci il iyunun 5-də Gəncədə 5-ci türk diviziyası yerləşdirilir. Ardınca Gəncəyə 15-ci türk diviziyası da daxil olur. 1918-ci il iyunun 26-da yaranmış Əlahiddə Azərbaycan Korpusu Nuru paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu ilə birləşir və Azərbaycanda erməni-bolşevik cinayətlərinə son qoymaq və Bakının azad edilməsi üçün hərbi əməliyyatlar başlanır.

1918-ci ilin mayın sonlarında Cənubi Qafqazda üç müstəqil dövlətin yaranması, sözdə bölgədə bolşevizmi “süngü” ucunda yaymaq, lakin əməldə “Böyük Ermənistan” əfsanəsini həyata keçirmək məqsədini qarşıya qoyan  S.Şaumyanın planlarını pozur və o, ilk növbədə Azərbaycan Xalq Cümhuriyyətini “beşikdəcə” boğmaq qərarını verib 1918-ci il iyunun əvvəllərində “Gəncə yürüşünə” başlayır, ancaq məqsədinə çata bilmir. Belə ki, 1918-ci iyulun 1-də Göyçay ətrafında Bakı Xalq Komissarları Sovetinin (XKS) hərbi qüvvələri Qafqaz İslam Ordusu və Əlahiddə Azərbaycan Korpusunun birləşmiş qoşunları tərəfindən darmadağın edilir. Bu yürüşdə iştirak edən 4 mindən çox daşnak yaraqlısı məğlubiyyət qisasını dinc əhalidən almağa qərar verir. Qanlarında insanlara qarşı genetik nifrət daşıyan daşnak yaraqlıları Bakı quberniyasının Göyçay qəzasının bir çox kəndlərində etnik təmizləmə aparır, dinc əhalini qırırlar. Belə bir soyqırımı 1918-ci ilin iyulunda Kürdəmirdə də baş verir. Göyçay qəzasında baş verən bu qanlı olaylara Qafqaz İslam Ordusu son qoyur və 1918-ci il iyulun 7-dən 10-dək Kürdəmir uğrunda gedən döyüşlər nəticəsində erməni quldur dəstələri darmadağın edilir. 1918-ci il iyulun 20-də isə Şamaxı azad olur.

 “Gəncə yürüşü”nün məğlubiyyəti bolşeviklərin Bakıda mövqeyini zəiflədir. İyulun sonlarında Qafqaz İslam Ordusu Bakının 16 km-ə çatır və şəhər ətrafında döyüşlər davam edir, lakin bolşeviklər danışıqlara getmir və kapitulyasiya etmirlər. Bolşeviklərin siyasi iflasa uğraması və Bakının erməni-bolşevik təhlükəsindən azad olması reallığı ilə barışmaq istəməyən eser və menşeviklər ingilis hərbi dəstələrini Bakıya dəvət edir. Yaranmış vəziyyətdə Bakı Xalq Komissarları Soveti 1918-ci il iyulun 31-də hakimiyyətdən imtina edir. Avqustun 1-də isə Bakıda eser-menşevik, daşnak fraksiyalarını təmsil edən oyuncaq “Sentrokaspi diktaturası” qurulur, lakin Ənzəlidən gəlmiş məhdud saylı ingilis hərbi dəstənin qüvvəsinə arxalanan bu oyuncaq qurum öz mövqelərini qoruya bilmir. 1918-ci il sentyabrın 4-dən evakuasiyaya başlayan ingilis hərbi dəstəsi Bakını tərk etdikdən sonra “Sentrokaspi diktaturası” Qafqaz İslam Ordusunun hücumları qarşısında aciz qalır və Bakı 1918-ci il sentyabrın 15-də azad olur. Beləliklə, şəhər Azərbaycana yad, antiazərbaycan ünsürlərdən təmizlənir.

Bakının azad olması XX əsr Azərbaycan tarixinin zəfər səhifələrindən biri oldu və bu şərəfli qələbəni tarixə Qafqaz İslam Ordusu və Əlahiddə Azərbaycan Korpusunun igid döyüşçüləri öz qanları ilə yazdılar.(1918-ci il sentyabrın 15-də Bakının azad olması Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivinin Elmi kitabxanasında saxlanılan ilkin mənbələrdə öz əksini tapmışdır.)Bu tarixi hadisənin ən böyük əhəmiyyəti ondan ibarət oldu ki, 1918-ci il sentyabrın 17-də Gəncədən Bakıya köçən Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkənin ərazi bütövlüyünə nail oldu, xarici və separatçı qüvvələrə qarşı davamlı mübarizə apardı.