YADDAŞLARA HƏKK OLUNMUŞ ÖMÜR YOLU

img

Bu il milli dövlətin yaranmasında, inkişafında, milli maraqların, milli birliyin təmin edilməsində əvəzedilməz rolu olmuş dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd olunur.

Şərəfli ömrünün hər anını dövlətinə, xalqına həsr edən, qəlbi daim Vətən eşqilə döyünən Ulu Öndər öz uzaqgörən siyasəti ilə Azərbaycanın şanlı tarixinin qızıl səhifələrini yazmışdır.

Keçən yüzilliyin son otuz ili və XXI əsrin əvvəllərində Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev hakimiyyətdə olduğu hər iki dövrdə öz həyat qayəsinə sadiq qalaraq, Azərbaycanın milli mənafeyi, siyasi-iqtisadi və elmi-mədəni yüksəlişi uğrunda var gücüylə çalışmışdır.

Ulu Öndərin gərgin əməyi sayəsində Azərbaycanın iqtisadi, sosial və milli-mənəvi inkişafı istiqamətində görülən işləri özündə əks etdirən minlərlə sənədin mühafizə olunduğu Siyasi sənədlər Arxivinin  binasının təməli məhz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ümummilli Liderin yaratdığı milli idarəçilik məktəbinin layiqli nümayəndəsi olan möhtərəm Prezident İlham Əliyev cənablarının bu elm məbədinə diqqət və qayğısı sayəsində Arxivin maddi-texniki təchizatı müasir standartlara uyğun yenilənmişdir.
Ümummilli Liderin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin öyrənilməsi və onun gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm elmi layihələrə imza atmış Siyasi sənədlər Arxivi tərəfindən 2017-2018-ci illərdə Heydər Əliyevin sarsılmaz iradəsi və qətiyyəti hesabına Azərbaycanın Sovetlər Birliyi tərkibində olduğu dövrdə belə beynəlxalq aləmdə tanınmasını əks etdirən “Azərbaycanın beynəlxalq əlaqələri sənədlərdə (iyul 1969 - noyabr 1982-ci illər)” adlı ikicildli sənədlər toplusu, 2019-cu ildə dahi siyasət xadiminin elm və təhsilin inkişafı ilə bağlı həyata keçirdiyi çoxşaxəli işləri ehtiva edən ikicildli “Azərbaycanda elm və təhsil. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Büro və Katibliyinin qərarları (iyul 1969 – noyabr 1982)” adlı kitab və 2019-2020-ci illərdə Ulu Öndərin respublikaya rəhbərliyinin birinci dövründə həyata keçirilən quruculuq siyasəti, yaradılmış infrastruktur, yeni sənaye sahələri, bir sözlə Azərbaycanın gələcək inkişafı, tərəqqisi, iqtisadi gücü uğrunda görülən bir sıra genişmiqyaslı işlərdən bəhs edən, dörd cilddən ibarət “Azərbaycanda sənaye, nəqliyyat və rabitə. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Büro və Katibliyinin qərarları (iyul 1969 – noyabr 1982)” adlı toplu nəşr olunmuşdur.

Hal-hazırda Siyasi sənədlər Arxivinin fondlarında qorunub saxlanılan yüzlərlə qiymətli sənəd əsasında Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycan xalqının milli-mənəvi irsinin qorunması istiqamətində gördüyü işləri və mədəniyyət sahəsində bu gün də aktuallığını itirməyən möhtəşəm layihələri əks etdirən sənədlər toplusu nəşrə hazırlanmaqdadır.