XOCALI SOYQIRIMININ 28-Cİ İLDÖNÜMÜ

Tədbirin açılışında giriş sözü ilə çıxış edən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivinin direktoru Elmira Ələkbərova tədbir iştirakçılarını Xocalı soyqırımı qurbanlarının timsalında Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət etdi.

E.Ələkbərova öz çıxışında qeyd etdi ki, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni terroristləri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı xüsusi amansızlıqla törədilmiş Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli, ən faciəli səhifələrindən biridir. Bu soyqırımının erməni millətçilərinin bir əsrdən artıq zaman ərzində  xalqımıza qarşı apardığı etnik düşmənçiliyin növbəti mərhələsi olduğunu vurğulayan E.Ələkbərova bildirdi ki, hələ XX əsrin əvvəllərində Azərbaycan torpaqlarına əsassız iddialarla çıxış edən erməni millətçiləri “Böyük Ermənistan” xülyasını reallaşdırmaq məqsədi ilə Cənubi Qafqaz məkanında azərbaycanlılara qarşı soyqırımı siyasəti aparmış, törətdikləri qanlı cinayətlər nəticəsində İrəvan, Bakı, Yelizavetpol quberniyalarında yüz minlərlə azərbaycanlı erməni quldur dəstələri tərəfindən qətlə yetirilmiş, İrəvan, Zəngəzur, Qars bölgələrində 320 mindən çox insan qaçqınlıq həyatının acı taleyini yaşamaq məcburiyyətində qalmışdır. Çıxışını davam edən E.Ələkbərova onu da qeyd etdi ki, sovet hakimiyyəti illərində Ermənistan SSR və erməni diasporunun maliyyə və təşkilati yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardığı terror müharibəsi 1980-ci illərdən başlayaraq ardıcıl xarakter almış, erməni quldur qruplaşmaları Azərbaycanın əzəli torpaqlarından olan Qarabağa əsassız iddialar bildirmiş, Dağlıq Qarabağ Muxtar Vilayəti və onun ətrafındakı 7 rayonun zəbt edilməsində fəal iştirak etmiş, dinc əhaliyə ağır divan tutmuş, tarixdə bənzəri az olan vəhşiliklər törətmişlər. Dağlıq Qarabağ münaqişəsi tarixində belə hadisələrin ən müdhişi, ən dəhşətlisi məlum Babiyar, Xatın, Xirosima, Sonqimi faciələri ilə eyni səviyyədə duran Xocalı qətliamı olmuşdur.

Çıxışının sonunda E.Ələkbərova bir daha vurğuladı ki, mənfur düşmənlərimizin xaincəsinə hücumları nəticəsində şəhid olmuş həmvətənlərimiz daima qəlbimizdə yaşayacaq, Xocalı soyqırımı və onun günahsız qurbanları heç bir zaman unudulmayacaq.

Sonra Arxivin Elmi araşdırmalar və elmi kitabxana şöbəsinin  məsləhətçisi Ülkər Həmidova tədbir iştirakçılarını Arxivin foyesində təşkil olunmuş sərgidə nümayiş etdirilən “Xocalı şəhidləri və şahidləri. Azərbaycanın milli qəhrəmanları”, “Xocalı soyqırımı: sənədlərin gözü ilə...”, “Xocalı soyqırımı: kitabların dili ilə...” adlı stendlərlə yaxından tanış etdi.

Sərgi ilə tanışlıqdan sonra Arxivin akt zalında tədbir iştirakçılarına Xocalı soyqırımı qurbanlarına həsr olunan sənədli film nümayiş etdirildi.