20 YANVAR FACİƏSİNİN 30-CU İLDÖNÜMÜ

       2020-ci il yanvarın 16-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivində (ARP İİ SSA) “20 Yanvar ümumxalq hüzn günüdür” adlı anım tədbiri keçirildi.  Öncə ARP İİ SSA əməkdaşları foyedə açılmış 1990-cı il qara Yanvar qətliamına şahidlik edən “20 Yanvar faciəsi sənəd və şəkillərdə”, “Şəhidliyin uca zirvəsi Qara Yanvar kitabların dili ilə” adlı stendlərlə tanış oldular.

XX əsrin sonlarında Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsində onun iradəsini qırmaq üçün əlini Azərbaycan xalqının qanına bulamış SSRİ hökuməti və sovet ordusunun törətdiyi qanlı cinayətləri əks etdirən sənədlər, fotoşəkillər və kitablar haqqında məlumat verən Arxiv fondunun mühafizəsi, uçotu və arxiv fondunun istifadəsi şöbəsinin məsləhətçi-arxeoqrafı Amaliya Qəhrəmanova bildirdi ki, M.Qorbaçov və onun çevrəsinin törətdiyi bu qətliam dilindən, dinindən, cinsindən, yaşından asılı olmayaraq, bütün Azərbaycan SSR-in əhalisinə qarşı yönəlmiş, qırğın zamanı azərbaycanlılarla yanaşı ruslar, yəhudilər, tatarlar da qətlə yetirilmişdilər. 

      Sərgi ilə tanışlıqdan sonra “20 Yanvar ümumxalq hüzn günüdür” adlı anım tədbiri akt zalında davam etdi. Tədbir iştirakçıları 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Giriş sözü ilə çıxış edən ARP İİ SSA-nın direktoru Elmira Ələkbərova Azərbaycan xalqının apardığı azadlıq mübarizəsinin qanlı səhifələrindən olan 20 Yanvar faciəsinin eyni zamanda, milli qəhrəmanlıq və milli oyanış günü kimi də yaddaşlarda həkk olunduğunu qeyd etdi. E.Ələkbərova tədbir iştirakçılarının nəzərinə onu da çatdırdı ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyində mətbuat konfransı keçirərək bu qanlı aktı törədən M.Qorbaçovun apardığı antiazərbaycan siyasətini və bu siyasəti müdafiə edən sovet rəhbərliyinin Azərbaycan xalqına və ölkədə yaşayan bütün insanlara qarşı törətdiyi qanlı cinayəti pisləmiş, hər zaman olduğu kimi, bu ağır gündə də xalqının yanında olduğunu bildirmişdir.

      Anım tədbirinin davamında ARP İİ SSA-nın əməkdaşları Lalə Hacıyeva “Qanlı Yanvar – müstəqilliyə gedən yolda xalqımızın şərəf və mübarizlik salnaməsi”, Ülkər Həmidova “Tarixin qan yaddaşı”, Elmira Kərimli “20 Yanvar – Azadlıq yolunun şanlı səhifəsi” adlı məruzələrlə çıxış etdilər. Arxiv əməkdaşları ARP İİ SSA-nın fondlarında mühafizə olunan sənədlərə (F.11158, siy.1, sax.vah.8; sax.vah.9; sax.vah.114; sax.vah.121; sax.vah.122) və dövri mətbuatda nəşr olunan məqalələrə istinadən Azərbaycan həqiqətlərini auditoriyanın diqqətinə çatdırdılar. “Heç kim və heç nə unudulmur” tezisini əsas götürən məruzəçilər şəhidlərin ölkənin ərazi bütövlüyü uğrunda apardıqları mübarizədən, Azadlıq yolunda göstərdikləri qəhrəmanlıqdan bəhs etdilər və müstəqilliyə gedə yolun salnaməsini yazan 20 Yanvar şəhidlərinin xatirəsinin heç bir zaman unudulmayacağını bildirdilər.