AZƏRBAYCAN HƏQİQƏTLƏRİ YENİ RAKURSDAN

Böyük Vətən müharibəsi illərində Azərbaycan xalqının 650 mindən çox oğul və qızları cəbhələrdə döyüşmüş, qəhrəmanlıq salnamələri yaratmışlar. Bu salnamələrə İ. Stalinin 1941-ci il 18 oktyabr tarixli əmri ilə yaradılmış  77, 223, 396, 402 və 416-cı Azərbaycan milli atıcı diviziyaları öz qəhrəmanlıq səhifələrini yazmışlar.

Mövzu ilə bağlı ARP İİ SSA-da mühafizə olunan sənədlər əsasında araşdırma aparan (F.1, siy.27, sax.vah. 84; siy.30, sax.vah. 711; siy.26, sax.vah. 330) arxiv əməkdaşı Nərgiz Əsədullayeva “Böyük Vətən müharibəsi illərində Azərbaycan milli diviziyaları” adlı məruzə ilə seminarda çıxış edərək, bildirdi ki, tədqiqat obyekti ilə bağlı ARP İİ SSA fondlarında çox qiymətli sənədlər mühafizə olunur. Məruzəçi əldə etdiyi sənədlərin 402-ci milli diviziyanın Qafqaz uğrunda gedən ölüm-dirim mübarizəsində, Qroznı-Mozdok istiqamətində gedən döyüşlərdə nümayiş etdirdiyi misilsiz qəhrəmanlıqları və bu diviziyanın alay komandirləri  Akim Abbasovun “Qırmızı Ulduz”, Hacıbaba Zeynalovun “Qırmızı Bayraq” ordenləri ilə təltif olunduqlarını qeyd etdi. Eyni zamanda N. Əsədullayeva 77-ci milli diviziyanın Krımın azad edilməsi uğrunda göstərdiyi misilsiz şücaəti haqqında ARP İİ SSA-da saxlanılan qiymətli sənədlərdə əks olunan maraqlı məlumatları da auditoriyanın diqqətinə çatdırdı.

Mövzunu araşdırarkən məruzəçi Hitler Almaniyası  üzərində qələbənin 35-ci ildönümü ilə bağlı əhəmiyyətli sənədləri də üzə çıxarmışdır. N. Əsədullayeva seminar iştirakçılarının diqqətinə sənədlərdə olan (F.1, siy.67, sax.vah. 61) bir maraqlı faktı çatdırdı ki, 1980-ci ildə Azərbaycan KP MK-nın və Rostov vilayət partiya komitəsinin qərarı ilə Böyük Vətən müharibəsində Hitler Almaniyası üzərində qələbənin 35-ci ildönümü ilə əlaqədar Taqanroq şəhəri yaxınlığında yerləşən Sanbek yüksəkliyində 416-cı Taqanroq diviziyasının qəhrəmanlıq salnaməsini əbədiləşdirən xatirə ansamblının təntənəli açılışında Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin rəhbərlik etdiyi, 416-cı Taqanroq diviziyası veteranlarının da daxil olduğu, Azərbaycan SSR nümayəndə heyəti də iştirak etmişdir.

Sonda məruzə ilə bağlı seminar iştirakçıları fikir mübadiləsi apardılar. Çıxış edənlər Böyük Vətən müharibəsi illərində Azərbaycan milli diviziyalarının yaradılmasının əhəmiyyətindən, o cümlədən bu diviziyaların faşizm üzərində qələbəyə gedən yolda göstərdiyi misilsiz qəhrəmanlıqlardan və Qafqaz uğrunda gedən döyüşlərdə onların həlledici qüvvə olduqlarından danışdılar.