İKİ ƏSRİN ŞAHİDİ, İKİ ƏSRİN LİDERİ

11 dekabr 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümünə həsr olunmuş “İki əsrin şahidi, iki əsrin lideri” adlı tədbir keçirilib.

Tədbirdə Respublikanın ictimai-siyasi həyatında fəal rol oynayan tanınmış şəxslər, elm və ictimaiyyətin nümayəndələri, tədqiqatçı-alimlər, pedaqoqlar, KİV təmsilçiləri, Siyasi Sənədlər Arxivi və Binəqədi RİH-in əməkdaşları iştirak etmişlər.
Anım tədbirinin iştirakçıları əvvəlcə Arxivin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzdülər. Daha sonra iştirakçılara Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində mühafizə olunan, ulu öndərin şərəfli həyat yolunu və çoxşaxəli fəaliyyətini əks etdirən sənəd və fotoşəkillərdən ibarət sərgi nümayiş olundu. Arxiv bələdçiləri qonaqlara “Yaddaşlara həkk olunmuş ömür yolu”, “Azərbaycanın quruculuq salnaməsi. Sənaye və kənd təsərrüfatı”, “Azərbaycanın quruculuq salnaməsi. Abadlıq və quruculuq işləri”, “Azərbaycanın beynəlxalq əlaqələri (1969-1982)”, “XXIV Beynəlxalq Astronavtika Konqresi”, “İmadəddin Nəsimi – 600” və “İmadəddin Nəsimi – 650” adlı stendlərin şərhini verərək, ümummilli liderin Azərbaycana rəhbərliyi illərində əldə olunmuş uğur və nailiyyətlərə, o dövrün əsas hadisələrinə qısa ekskurs etdilər. Həmçinin tədbir iştirakçılarına Heydər Əliyevin şəxsi kitabxanasından Siyasi Sənədlər Arxivinə hədiyyə olunmuş ədəbiyyat, eləcə də ulu öndərin şəxsi imzasının yer aldığı kitab nümayiş etdirildi.
Sərgidən sonra tədbir öz işini Akt zalında davam etdirdi. Öncə ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova tədbirdə çıxış edərək ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, onun şəxsiyyətinin böyüklüyündən danışdı, onun ilk əmək fəaliyyətinə 18 yaşında ikən Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığının arxivində, üç il sonra, 1944-cü ildə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində işə başlayaraq, öz biliyi, bacarığı və əzmkarlığı ilə sıravi işçidən Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə qədər yüksəldiyini vurğuladı.
“Təhlükəsizlik orqanlarında 25 il çalışdıqdan sonra Heydər Əliyev 1969-cu il iyulun 14-də Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə təyin edilir. O dövrdən etibarən Azərbaycan dövlətinin, Azərbaycan xalqının həyatının bütün sahələrində yüksəliş, inkişaf və tərəqqi mərhələsi başlanır. Həmin gün Azərbaycanın inkişafında dönüş nöqtəsi hesab olunur. Bu dahi siyasət xadimi zamanı çox-çox qabaqlayaraq işıqlı sabahın möhkəm təməlini yaradır. 1969-1982-ci illərdə həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində respublika iqtisadiyyatında mühüm islahatlar aparılır, yeni sənaye sahələri yaradılır, mütərəqqi texnologiyaların istehsalata tətbiqi əsasında Azərbaycan sənayesi SSRİ-də qabaqcıl mövqeyə yiyələnir”.
E.Ələkbərova Heydər Əliyevin 1969-cu ildə dövlətin ali rəhbərliyinə gəldikdən sonra kadr siyasətində həyata keçirdiyi tədbirlərin milli dövlətçilik baxımından xüsusi əhəmiyyətə malik olduğunu vurğulayaraq bildirdi ki, həmin illərdə ulu öndərin yürütdüyü uzaqgörən kadr siyasəti bugünkü müstəqil Azərbaycanın kadr potensialının yüksək olmasına, güclü milli kadrların yetişməsinə xidmət edirdi. Ulu öndər yüksək idarəetmə postlarına azərbaycanlıları çəkməklə milliləşdirmə siyasətini yürüdür, elə hakimiyyətinin ilk dövründən Moskvanın təzyiqlərinə baxmayaraq, milli kadrlara üstünlük verirdi.
Arxivin direktoru çıxışının davamında ulu öndər Heydər Əliyevin parlaq və aydın zəkası, zəngin bilik və təcrübəsi sayəsində əldə etdiyi uğurların, Azərbaycanın tez bir zamanda ölkənin qabaqcıl respublikasına çevrilməsinin sovet rəhbərliyinin diqqətini cəlb etdiyini və nəticədə, 1982-ci ilin dekabrında onun 300 milyona yaxın əhalisi olan bir ölkənin ali siyasi və dövlət rəhbərliyinə – Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilərək SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildiyini, 1982-1987-ci illərdə də öz zəngin, tükənməz və hərtərəfli dövlət idarəçiliyi istedadı ilə tənəzzülə başlamış nəhəng imperiyanın ən ağır sahələrinə - SSRİ Yollar Nazirliyi, Dəniz Donanması Nazirliyi, Yol Tikinti Nazirliyi, Rabitə Nazirliyi, Ümumittifaq Səhiyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Maarif Nazirliyi və digər nazirliklərə nəzarəti layiqincə yerinə yetirdiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Heydər Əliyevin 1993-2003-cü illərdə Azərbaycana rəhbərliyi dövründə müstəqil dövlətimizin tərəqqisi üçün həyata keçirilən çox böyük, taleyüklü işlərdən bəhs edən E.Ələkbərova çıxışını belə davam etdirdi: “1994-cü ildə atəşkəs əldə edilərək Ermənistan-Azərbaycan cəbhəsində ağır və üzücü müharibə dayandırıldı. Elə həmin il sentyabrın 20-də Azərbaycanın gələcək inkişafına, siyasi və iqtisadi maraqlarının təmin edilməsinə mühüm töhfələr verən, təkcə neft sahəsinin deyil, bütövlükdə iqtisadi dirçəlişin təməlini qoyan “Əsrin müqaviləsi”, 1996-cı ildə isə Azərbaycanın əhəmiyyətinə görə ikinci böyük enerji layihəsi – “Şahdəniz” müqaviləsi imzalandı. Həmin il Azərbaycan daha bir uğura imza atdı – ATƏT-in Lissabon sammitində münaqişənin sülh yolu və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini zəruri sayan qərar qəbul edildi, Qarabağ münaqişəsinin nizamlanmasının beynəlxalq-hüquqi prinsipləri müəyyənləşdirildi.
Ümummilli lider hər zaman vurğulayırdı ki, müstəqillik yolu çox çətin yoldur, amma müstəqilliyi saxlamaq, qorumaq və müstəqil dövləti inkişaf etdirmək, təbii ki, onu əldə etməkdən də çətindir. Bu gün Heydər Əliyevin yaratdığı milli dövlətçilik konsepsiyası idarəçilik məktəbinin ən istedadlı, ən layiqli nümayəndəsi olan möhtərəm Prezident cənab İlham Əliyev Vətənimizin, dövlətçiliyimizin, müstəqilliyimizin qorunmasına, ölkə iqtisadiyyatının daha da yüksək tərəqqisinə nail olmaqla yanaşı, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində qətiyyətli addımlar atır. Ulu öndər kimi cənab prezidentimizin milli məfkurəyə, yüksək intellektə, praqmatizmə və reallığa əsaslanan siyasi iradə nümayiş etdirməsi bizdə bir daha qəti inam yaradır ki, işğal altında olan torpaqlarımız azad olunacaq, dövlətimiz dünyanın ən qabaqcıl ölkələri siyahısında ən ön cərgələrdə yer alacaq”.
Bu gün siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik olan ölkə, mühüm qlobal enerji və nəqliyyat layihələrinin fəal iştirakçısı kimi tanınan Azərbaycanın hazırkı uğurlarının məhz Heydər Əliyev siyasətinin layiqincə davam etdirilməsinin məntiqi nəticəsi olduğunu vurğulayan E.Ələkbərova çıxışını bu sözlərlə bitirdi: “Bəli, bir əsrdə xalqının, Vətəninin başına gələnlərin, yeni əsrdə isə sayəsində əldə etdiyi tərəqqi və rifahın şahidi olan, hər zaman xalqına, Vətəninə arxa duran, bugünkü və gələcək nəsillər üçün çiçəklənən bir dövləti – müstəqil Azərbaycanı miras qoyan Heydər Əliyevin irsi, azərbaycançılıq ideyaları heç zaman yox olmayacaq. Bəli, biz bu gün onun vəfatının ildönümündə toplaşmışıq. Lakin bu dahi şəxsiyyət hər zaman Azərbaycan xalqının ümummilli lideri olaraq qəlbimizdə yaşayacaq, nə qədər ki, Azərbaycan var, Azərbaycan xalqı var, Heydər Əliyev də yaşayır və yaşayacaqdır!”.
Sonra Siyasi Sənədlər Arxivinin aparıcı məsləhətçisi, filologiya üzrə fəlsəfə doktoru Şəhla Abdullayeva “Heydər Əliyev və dil siyasəti” adlı məruzə ilə çıxış edərək, Azərbaycanın tarixinə quruculuq və yaradıcılıq dövrü, cəmiyyətin bütün təbəqələrinin inkişafı, irəliləyişi dövrü kimi düşmüş 1969-1982-ci illərdə Heydər Əliyevin elm və təhsil, eləcə də, Azərbaycan dilinin inkişafı ilə bağlı həyata keçirdiyi genişmiqyaslı işlərdən danışdı, ulu öndərin təşəbbüsü ilə Azərbaycan gənclərinin elmin dərinliklərinə yiyələnməsi, ölkənin sabahı üçün peşəkar kadrların hazırlanması məqsədilə minlərlə azərbaycanlının keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərildiyini qeyd etdi və bildirdi ki, ümumilikdə, ötən əsrin 70-80-ci illərində 15 mindən çox Azərbaycanlı gənc respublikamızdan kənarda – keçmiş SSRİ-nin 50-dən artıq şəhərinin 170 ali məktəbində 250-yə yaxın ixtisasa yiyələnmişlər.
Məruzəçi daha sonra öz ana dilinin vurğunu olan ulu öndərin ötən əsrin 70-ci illərində, Azərbaycan Respublikasına rəhbərlik etməyə başladığı ilk vaxtlardan ana dilinə göstərdiyi böyük qayğı və diqqətdən bəhs edərək, bu sahədə əldə olunan böyük uğurlar haqqında geniş məlumat verdi.
Uzun illər ulu öndərlə çiyin-çiyinə çalışmış görkəmli tarixçi alim, professor, 1-ci dərəcə dövlət müşaviri, “Şöhrət” və “Şərəf” ordenli Dilarə Seyidzadə öz çıxışında Heydər Əliyevin zəngin mənalı ömür yolundan, yüksək insani keyfiyyətlərindən, böyük dövlətçilik təcrübəsindən, onunla bağlı xatirələrindən, həmçinin dövlət müstəqilliyimizin qorunması və inkişaf strategiyasının müəyyən olunması istiqamətində tarixi fəaliyyətindən danışdı.
Tədbirdə həmçinin Milli Məclisin deputatı, tarix üzrə elmlər doktoru, professor Fəzail İbrahimli və Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov çıxış edərək, ümummilli liderin həyat yolundan, bu dahi şəxsiyyətin öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırmasından bəhs etdilər, onun qətiyyəti, müdrik siyasəti nəticəsində Azərbaycanın xaos, vətəndaş müharibəsi, tənəzzül və parçalanmadan xilas olaraq, sürətli inkişaf yoluna qədəm qoyduğunu vurğuladılar.
Tədbirin sonunda ümummili liderin əziz xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirildi.