MÜSTƏQİLLİYƏ GEDƏN YOL: BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ

2019-cu il oktyabrın 28-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivində “Müstəqilliyə gedən yol: “Bir kərə yüksələn bayraq bir daha enməz” mövzusunda tədbir keçirildi.

Dövlət bayrağına həsr olunmuş videoçarx fonunda keçən tədbirin iştirakçılarına arxivin foyesində “Azərbaycan dövlətinin atributları” adlı sərgi təqdim olundu. Arxivin əməkdaşı Ədalət Baloğlanov XX əsrdə ölkəmizdə tədavüldə olan sikkə və əsginas nümunələrini tədbir içtirakçılarına nümayiş etdirdi və Siyasi sənədlər Arxivində mühafizə olunan Azərbaycan Xalq Cümhuriyyəti dövründə əmtəə-pul dövriyyəsinə daxil edilməsi üçün hazırlanmış pul vahidlərinin nümunələri haqqında ətraflı məlumat verdi.

Daha sonra Arxivin əməkdaşı Mətanət Zeynalova tədbir iştirakçılarını “Bir kərə yüksələn bayraq bir daha enməz” stendi ilə tanış edərək belə bir həqiqəti vurğuladı ki, Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzi və ölkənin varlığını, tarixini, dəyər və mənəviyyatını özündə cəmləşdirən vacib atributdur. İlk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilərək qaldırılmış üçrəngli Azərbaycan bayrağı ölkəmiz XX əsrin sonlarında yenidən müstəqillik əldə etdikdən sonra bütün dövlət müəssisələrində, parlament iclaslarında, eyni zamanda, Azərbaycan Respublikasının xaricdə fəaliyyət göstərən səfirlik, konsulluq və digər diplomatik nümayəndəliklərinin binaları üzərində, rəsmi tədbirlərdə, zirvə toplantılarında, beynəlxalq musiqi festivallarında və idman olimpiya oyunlarında əzəmətlə dalğalanmaqdadır.

Sərgi ilə tanışlıqdan sonra tədbir akt zalında davam etdi. Giriş sözü ilə çıxış edən Siyasi sənədlər Arxivinin direktoru Elmira Ələkbərova qeyd etdi ki, müasir dünyamızda qədim dövlətçilik ənənələri ilə tanınan Azərbaycan özünün bayraq, gerb, himn kimi dövlət rəmzlərinə malikdir. Müstəqil Azərbaycan Respublikasının üçrəngli bayrağı millətimizin qüruru, gələcəyə inamımızın təcəssümü, mənəvi birliyimizin, yenilməz əzmimizin, torpaqlarımızın bölünməzliyinin, dövlətimizin, xalqımızın ərazi bütövlüyü uğrunda apardığı mübarizənin, şərəf və ləyaqətinin rəmzidir. Azərbaycan bayrağı ikinci dəfə çağdaş dövrümüzün müdrik siyasətçisi Heydər Əliyevin təşəbbüsü ilə hələ SSRİ-nin mövcud olduğu bir dövrdə, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmişdir. Ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Azərbaycan SSR Ali Soveti qarşısında bayrağımızın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırması yolunda gərgin iş görmüşdür. Nəticədə, 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti tərəfindən üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında Qanun qəbul edilmişdir. Ümummilli liderin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla isə hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilməkdədir.

Çıxışının sonunda E.Ələkbərova bir daha vurğuladı ki, bu gün Azərbaycan xalqının hər bir vətənpərvər övladının müqəddəs bir arzusu var – torpaqlarımızın işğaldan azad olunması. Biz əminik ki, tezliklə işğal altında olan torpaqlarımız Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad ediləcək və üçrəngli şanlı bayrağımız Şuşada, Xankəndidə əzəmətlə dalğalanacaqdır.

Tədbirin davamında Arxivin elmi katibi Həcər Verdiyeva çıxış edərək bildirdi ki, müstəqilliyə gedən yolda Azərbaycan xalqı dəfələrlə erməni məkri, erməni xəyanəti ilə üzləşmişdir. Vətənimizə qarşı ərazi iddialarını əsaslandırmaq üçün orta əsrlərdən etibarən Azərbaycanın maddi-mədəni irsinə sahib çıxmağı qarşıya məqsəd qoymuş ermənilik XX əsrin əvvəllərindən etibarən Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı siyasəti aparmışdır. Erməni saxtalaşdırıcılarının yalanlarını ifşa etməyin zəruriliyini göstərən H.Verdiyeva Siyasi sənədlər Arxivində mühafizə olunan sənədlərdə ermənilərin orta əsrlər Azərbaycan memarlığının incilərindən olan Qanzasarın ilkin memarlıq üslubunu dağıtmaları faktlarının əks olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı və tarixi yaddaşımızın qorunmasının, erməni saxtakarlığını ifşa edən sənədlərin aşkarlanıb elmi ictimaiyyətə təqdim olunmasının hər bir Azərbaycan aliminin ümdə vəzifəsi olduğunu qeyd etdi.

Tədbirin sonunda Arxiv əməkdaşları tərəfindən tarixi sənədlər əsasında hazırlanmış “Dövlət bayrağı – müstəqilliyimizin rəmzidir” adlı videoçarxın təqdimatı keçirildi.