“AZƏRBAYCAN HƏQİQƏTLƏRİ YENİ RAKURSDAN” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ “AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ TARİXİNİN SƏHİFƏLƏRİ” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLMİŞDİR
A+   A-

2019-cu il mayın 27-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivində (ARP İİ SSA) Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümünə həsr olunmuş seminar keçirildi. Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən Arxivin direktoru Elmira Ələkbərova iştirakçıları salamlayaraq, onları Respublika Günü münasibətilə təbrik etdi. Cəmi 23 ay fəaliyyət göstərmiş Cümhuriyyət tarixinə qısa ekskurs edən E.Ələkbərova AXC-nin Azərbaycan xalqının dövlətçilik salnaməsində önəmli yer tutduğunu vurğuladı.

Daha sonra müşavirə otağında davam edən tədbirdə ilk olaraq, AXC-nin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirildi. Tədbirin ilk məruzəçisi, Elmi araşdırmalar və elmi kitabxana şöbəsinin əməkdaşı, məsləhətçi Sevinc Soltanova “Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövrü” adlı məruzəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində bölgədə baş verən sosial-siyasi proseslərdən bəhs edərək göstərdi ki, Cümhuriyyət carçıları müstəqillik ideyalarına sadiq qalaraq 1918-ci il mayın 28-də Tiflisdə, keçmiş Qafqaz canişininin iqamətgahında, Azərbaycanın müstəqilliyi haqqında “İstiqlal bəyannaməsi”ni qəbul etmiş və mayın 30-da dünyanın əsas siyasi mərkəzlərinə - Londona, Parisə, Vaşinqtona, İstanbula, Berlinə, Madridə, Tehrana, Moskvaya, Romaya, Vyanaya, Buxarestə, Sofiyaya, Tokioya, Haaqaya, Kopenhagenə, Kiyevə, Kristianiyaya (Oslo) və Stokholma Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini elan edilməsi barədə radio-teleqrafla məlumat vermişdilər. Çıxışını davam etdirən məruzəçi qeyd etdi ki, 1918-ci il iyunun 16-da Milli Şura və Hökumət özünün fəaliyyət mərkəzini Tiflisdən Gəncəyə köçürür və beləliklə, Cümhuriyyətin Gəncə dövrü başlanır. İyunun 17-də isə Gəncədə Fətəli xan Xoyskinin rəhbərliyi altında AXC-nin ikinci hökumət kabineti təşkil olunur. Bu mərhələdə ölkədə antiazərbaycan qüvvələrin qarşısını almaq məqsədilə hökumət iyunun 19-da ölkədə hərbi vəziyyət elan edir və iyunun 26-da “Azərbaycan Milli Ordusunun yaradılması” haqqında fərman verir.

 S.Soltanova çıxışının sonunda onu da qeyd etdi ki, AXC fəaliyyət göstərdiyi qısa bir zaman ərzində, ölkədə həyata keçirdiyi islahatlarla XX əsr Azərbaycan tarixində mühüm bir mərhələnin əsasını qoymuş, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində mühüm addımlar atılmışdır.

Növbəti məruzəçi, Arxiv fondunun uçotu, mühafizəsi və arxiv fondunun istifadəsi şöbəsinin baş mütəxəssisi Elmira Kərimli “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti” adlı məruzəsində qeyd etdi ki, Cümhuriyyət qurucuları Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq aləmdə tanıtmaq, eləcə də dövlətin ümumi təhlükəsizliyini təmin etmək istiqamətində çalışmış, beynəlxalq münasibətlər sistemində aktiv fəaliyyət göstərmişlər. Belə ki, Zaqafqaziya Seymi dövründə başlanmış Batum danışıqları 1918-ci il 4 iyun tarixində Osmanlı imperiyası ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında “Sülh və dostluq” müqaviləsinin imzalanması ilə nəticələnmiş və bu, Cümhuriyyətin imzaladığı ilk beynəlxalq sənəd olmuşdur. Məruzəçi onu da vurğuladı ki, müqavilənin dördüncü maddəsinə əsasən Osmanlı dövləti dinclik və asayişi möhkəmləndirmək, ölkənin təhlükəsizliyini təmin etmək ehtiyacı olduğu halda, Azərbaycan Cümhuriyyətinə hərbi yardım göstərməyi öz üzərinə götürürdü. (F. 277, siy. 2, sax.vah. 9, vər-r.10,10 arxa.).   

E.Kərimli məruzəsində Dördlər İttifaqı ilə Qafqaz respublikaları arasında əlaqələrin qurulması məqsədilə 1918-ci ilin yayında İstanbulda keçirilən beynəlxalq konfransda siyasi, iqtisadi, maliyyə və hərbi məsələlər üzrə danışıqların aparılması və müqavilələrin bağlanılmasından, həmçinin, İstanbulda keçirilən görüşlərlə bağlı M.Ə. Rəsulzadənin Xarici İşlər naziri M.H. Hacınskiyə yazdığı məktubdan (F.277, siy.2, sax.vah.7,v. 52) bəhs etdi.

Məruzədə AXC-Osmanlı münasibətlərinə geniş yer verən E. Kərimli qeyd etdi ki, AXC digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də Osmanlı dövlətinə güvənirdi. F.Xoyski AXC-nin İstanbulda yerləşən sülh heyətinin başçısı M.Ə. Rəsulzadəyə ünvanladığı məktubunda ölkənin maliyyə böhranı keçirdiyindən, hökumətin pula böyük ehtiyacı olduğundan, Gürcüstan Demokratik və Ararat Respublikaları ilə yeni bonların buraxılmasına dair danışıqların heç bir nəticə vermədiyindən bəhs edir və tez bir zamanda Gənc Türklər hökuməti ilə iqtisadi əməkdaşlığın genişlənməsinin labüdlüyünü bildirirdi (F.277, siy.2, sax.vah.21, v.4). Osmanlı dövlətinin zəngin bir məmləkət olan Azərbaycanla iqtisadi sahədə əməkdaşlıqda maraqlı olduğunu (F. 277, siy.2,sax. vah.21, vər-r.13,14) vurğulayan E.Kərimli “Bəli, tarixi köklərə söykənən, çətin sınaqlara sinə gərən, eyni millətə, eyni dilə, eyni dinə sahib olan iki xalq arasındakı ən təbii hisslərdən bəhrələnən, ondan güc alan Azərbaycan – Türkiyə qardaşlığı daim möhkəmlənir, güclənir, zamanın diktəsi ilə durmadan inkişaf edir, regionda əmin-amanlığın təminatına çevrilir” xitabı ilə məruzəsinə yekun vurdu.

Məruzələr seminar iştirakçıları tərəfindən maraqla qarşılandı və mövzularla bağlı fikir mübadiləsi aparıldı. 

   103 dəfə baxılıb