MÖHKƏM TƏMƏL UĞURLU GƏLƏCƏYİN ƏSASIDIR

Mayın 6-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivində Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Möhkəm təməl uğurlu gələcəyin əsasıdır” adlı tədbir və “Azərbaycanda elm və təhsil. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Büro və Katibliyinin qərarları (iyul 1969 – noyabr 1982)” adlı sənədlər toplusunun təqdimatı keçirilmişdir.

Ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə həsr edilmiş rekviyem kompozisiyasının fonunda keçirilmiş təntənəli tədbirdə respublikamızın ictimai-siyasi həyatında fəal rol oynayan tanınmış şəxslər, elm və ictimaiyyətin nümayəndələri, KİV təmsilçiləri və Arxivin əməkdaşları iştirak etmişlər. 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivinin direktoru Elmira Ələkbərova tədbiri açıq elan edərək bildirdi ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Möhkəm təməl uğurlu gələcəyin əsasıdır” adlı bugünkü tədbir üç hissədən ibarət olacaqdır. Birinci hissədə Siyasi sənədlər Arxivində mühafizə olunan sənədlərdən ibarət sərgi nümayiş etdiriləcək, ikinci hissədə isə ümummilli liderin şərəfli ömür yolu və çoxşaxəli siyasi fəaliyyətindən bəhs edən məruzələr dinləniləcəkdir. Daha sonra 1969-1982-ci illərdə Azərbaycanda elm və təhsil haqqında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Büro və Katibliyinin qərarları əsasında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivi tərəfindən nəşrə hazırlanmış sənədlər toplusunun təqdimatı keçiriləcəkdir.

Sonra qonaqlar Arxivin binasında ulu öndər Heydər Əliyevin büstü önünə gül qoydular. Daha sonra iştirakçılara Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivində mühafizə olunan, ulu öndərin həyatı və ictimai-siyasi fəaliyyətini əks etdirən sənədlərdən ibarət sərgi nümayiş olundu. Arxiv bələdçiləri qonaqlara “Yaddaşlara həkk olunmuş ömür yolu”, “Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”, “Azərbaycanın beynəlxalq əlaqələri (1969-1982)”, “Azərbaycanın quruculuq salnaməsi. Sənaye və kənd təsərrüfatı”, “Azərbaycanın quruculuq salnaməsi. Abadlıq və quruculuq işləri”, “Heydər Əliyev fenomeni” adlı stendlərin şərhini verərək, ümummilli liderin Azərbaycana rəhbərliyi illərində əldə olunmuş uğur və nailiyyətlərə, o dövrün əsas hadisələrinə qısa ekskurs etdilər.

Sərgi ilə tanışlıqdan sonra tədbir akt zalında davam etdirildi. Siyasi sənədlər Arxivinin direktoru Elmira Ələkbərova “Möhkəm təməl uğurlu gələcəyin əsasıdır” mövzusunda məruzə ilə çıxış etdi. Öz məruzəsində E.Ələkbərova 1969-1982-ci illərin Azərbaycan xalqının tarixinə parlaq quruculuq illəri kimi daxil olduğunu vurğuladı və bildirdi ki: “1969-cu ildən Heydər Əliyev tərəfindən Azərbaycanın iqtisadi inkişafının əsaslarının yaradılması, zəngin iqtisadi potensialının ölkənin gələcək inkişafına yönəldilməsi və xalqın rifahının yüksəldilməsi prosesinə başlanmışdır. Dahi siyasi xadimin bu illərdə həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri aparılmış, sənayenin bütün sahələrində inkişafa nail olunmuş, istehsalla bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin inkişafına diqqət artırılmış, mütərəqqi texnologiyaların istehsalata tətbiqi əsasında Azərbaycan sənayesi SSRİ-də qabaqcıl mövqeyə yiyələnmişdir”.

XX əsrin 70-ci illərindən etibarən peşəkar hərbi kadrların hazırlanması məsələsini nəzarətə götürən Heydər Əliyevin öz cəsarət, qətiyyət və iradəsi hesabına Bakıda general Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılmasına nail olduğunu qeyd edən məruzəçi ulu öndərin bu hadisəni xatırlayarkən söylədiklərini bir daha tədbir iştirakçılarının diqqətinə çatdırdı: “Mən belə bir addım atarkən, təşəbbüs irəli sürərkən, o vaxt Sovet İttifaqının çərçivəsində belə bir qeyri-adi qərar qəbul edərkən təkcə o günləri yox, Azərbaycanın gələcəyini düşünürdüm... O vaxt bunu dərk edə bilməyən adamlar da, buna adicə bir hadisə, tədbir kimi baxanlar da indi yəqin artıq bilirlər ki, bu addımı atarkən nə qədər böyük uzaqgörənlik olmuşdur”. 

Ulu öndərin 1982-1987-ci illəri əhatə edən Moskva fəaliyyətindən də bəhs edən E.Ələkbərova tənəzzülə başlamış nəhəng imperiyanın ən ağır sahələrinin: SSRİ Yollar Nazirliyi, Dəniz Donanması Nazirliyi, Yol Tikinti Nazirliyi, Rabitə Nazirliyi, Ümumittifaq Səhiyyə Nazirliyi, Tibb Sənayesi Nazirliyi, Mədəniyyət Nazirliyi, Maarif Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi, Dövlət Texniki-Peşə Təhsili Komitəsi, Dövlət Teleradio Verilişləri Komitəsi, Dövlət Kinematoqrafiya Komitəsi, Dövlət Nəşriyyatı, İdman Komitəsi, Sovet İttifaqı Teleqraf Agentliyi, Dövlət Arxiv və Müəlliflik Hüququ Agentliyi üzrə məsələlərə nəzarətin məhz Heydər Əliyevə tapşırıldığını qeyd etdi və bildirdi ki, bu yorulmaz, dəmir iradəli insan öz prinsipial mövqeyi sayəsində bütün istiqamətlərdə ona həvalə olunmuş məsul işi layiqincə yerinə yetirirdi.

Məruzəçi Heydər Əliyevin ölkəmizə 1993-2003-cü illərdə rəhbərliyi dövründə müstəqil dövlətimizin tərəqqisi üçün möhkəm təməl yaradıldığını bildirdi və ümummilli lider tərəfindən hüquqi dövlət quruculuğu, ölkənin iqtisadi və sosial inkişafı, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli və digər istiqamətlərdə görülən işlərin ölkənin inkişafına, xalqın rifahına böyük bir xidmət olduğunu vurğuladı: “Rəhbərliyinin birinci dövründə olduğu kimi, bu dəfə də o, səriştəsiz rəhbərlər tərəfindən tənəzzülə sürüklənmiş doğma ölkəsini durğunluqdan çıxararaq tərəqqiyə, sürətli inkişafa doğru apardı. Adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Heydər Əliyev özünün uzaqgörən, incə siyasəti ilə Azərbaycanı addım-addım labirintlərdən keçirərək, doğma Vətəninin şanlı tarixini səhifə-səhifə yazdı. Tarixin böyük şəxsiyyətlər yaratdığı bir dünyada bu dahi şəxsiyyət özü Azərbaycan tarixində yeni bir mərhələ, adı tarixdə əbədi qalacaq bir dövlət yaratdı”.

Ulu öndərin “Müstəqillik yolu çox çətin yoldur, amma müstəqilliyi saxlamaq, qorumaq və müstəqil dövləti inkişaf etdirmək, təbiidir ki, onu əldə etməkdən də çətindir” müdrik kəlamını təkrar edən E.Ələkbərova çıxışını bu sözlərlə bitirdi: “Bu gün Vətənimizin, dövlətçiliyimizin, müstəqilliyimizin keşiyində Heydər Əliyevin yaratdığı milli dövlətçilik konsepsiyası idarəçilik məktəbinin ən istedadlı, ən layiqli nümayəndəsi olan möhtərəm Prezident cənab İlham Əliyev durur və müstəqilliyimizin qorunmasına, ölkə iqtisadiyyatının daha da yüksək tərəqqisinə  nail olmaqla yanaşı, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması istiqamətində qətiyyətli addımlar atır. Ulu öndər kimi cənab prezidentimizin milli məfkurəyə, yüksək intellektə, praqmatizmə və reallığa əsaslanan siyasi iradə nümayiş etdirməsi bizdə bir daha qəti inam yaradır ki, işğal altında olan torpaqlarımız azad olunacaq, dövlətimiz dünyanın ən qabaqcıl ölkələri siyahısında ən ön cərgələrdə yer alacaq. Nə qədər ki, Azərbaycan var, Heydər Əliyev də yaşayır və yaşayacaqdır!”.

Daha sonra Siyasi sənədlər Arxivinin Elmi araşdırmalar və elmi kitabxana şöbəsinin aparıcı məsləhətçisi Səbinə Zeynalova “Xalqın xilaskarı, əfsanəvi lider” mövzusunda məruzə ilə çıxış etdi. S.Zeynalova öz məruzəsində çağdaş Azərbaycan tarixində iki mühüm dönüş nöqtəsindən – Azərbaycanın siyasi həyatında Heydər Əliyevin adı ilə bağlı olan 1969-cu il 14 iyul və 1993-cü il 15 iyun tarixlərindən bəhs edərək, ölkəyə rəhbərliyinin hər iki mərhələsində ümummilli liderin əsas məqsədinin müstəqil, azad və firavan Azərbaycan dövləti qurmaq olduğunu vurğuladı.

1997-ci ildə yaradılmış Prezidentin Katibliyinin ilk işçilərindən olan S.Zeynalova daha sonra ümummilli liderlə bağlı xatirələrini də tədbir iştirakçıları ilə bölüşərək bildirdi: “Mən çox xoşbəxtəm ki, bu cür əzmkar dövlət başçısı ilə işləmiş və ondan çox şey öyrənmişəm. Heç vaxt yıxılmamağı, dürüst olmağı, səhvsiz yaşamağı, nümunəvi olmağı ulu öndər Heydər Əliyevdən öyrənmişəm”. Məruzəçi çıxışının sonunda Heydər Əliyevin hər kəsin yaddaşına həkk olunmuş “Mən həmişə fəxr etmişəm və indi də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” kəlamını bir daha xatırladaraq, ümummilli liderin böyük məktəb və bu məktəbdə öyrənilməmiş çox səhifələrin olduğunu, bu dahi rəhbərin daim xalqının qəlbində ölməz və parlaq şəxsiyyət kimi qalacağını vurğuladı.

Tədbirin ikinci hissəsində Siyasi sənədlər Arxivi tərəfindən nəşrə hazırlanmış “Azərbaycanda elm və təhsil. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Büro və Katibliyinin qərarları (iyul 1969 – noyabr 1982)” adlı sənədlər toplusunun təqdimatı keçirildi. Kitabın redaksiya heyətinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Musa Qasımlı çıxış edərək,  uzaqgörən siyasətçinin hələ Sovet dönəmində gələcək müstəqil Azərbaycanın dünya birliyinə inteqrasiyası üçün yüksəkixtisaslı, milli kadrların hazırlanmasındakı rolundan, bu dahi şəxsiyyətin elm və təhsil məsələlərinə olan xüsusi diqqətindən danışdı. Hazırkı sənədlər toplusunda Siyasi sənədlər Arxivində mühafizə edilən 280 sənədin yer aldığını qeyd edən məruzəçi ümummilli liderin tükənməz irsinin öyrənilməsində kitabın qiymətli bir mənbə olduğunu vurğuladı. Belə ki, bu kitabda Azərbaycan tarixini öyrənən tarixçilər, siyasətçilər üçün çox dəyərli materiallar toplanmışdır. O cümlədən, göstərilən xronoloji çərçivəyə aid sənədləri tədqiq etmək imkanı olmayan və ölkə xaricində yaşayan araşdırıcılar üçün də hazırkı toplunun nəşri geniş imkanlar yaradır.

Tədbirdə həmçinin Milli Məclisin deputatları Fəzail İbrahimliPərvin Kərimzadə çıxış edərək, ulu öndərin ölkəmizin çətin zamanlarında Azərbaycanın xilaskarı olduğunu və ölkəmizin inkişafı istiqamətindəki əvəzsiz xidmətlərindən, bu dahi şəxsiyyətin Azərbaycan tarixindəki əvəzsiz rolundan geniş söhbət açdılar.

Tədbirin sonunda ümummili liderin əziz xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirildi.