TARİXİN NAMƏLUM SƏHİFƏLƏRİ: MÜSƏLMAN QAÇQINLARI (1918-1920)

img

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etdiyimiz 2018-ci ildə Vətən tarixşünaslığı onlarla maraqlı, orijinal əsərlərlə zənginləşmişdir. Həmin əsərlər sırasında Cümhuriyyət dövrünə aid sənədləri ehtiva edən  toplular xüsusi yer tutur. İlk mənbə rolunu oynayan bu sənədlərin işıq üzü görməsi, heç şübhəsiz, Cümhuriyyət dövrünün mənbəşünaslıq bazasını zənginləşdirməklə yanaşı, tədqiqatçılar qarşısında yeni imkanlar açmış olur. Sovet dönəmində geniş tədqiqat  üçün qapalı olan sənədlərin nəşri tarixşünaslıqda yeni elmi istiqamətlərin inkişafına zəmin yaradır.

Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivinin (ARP İİ SSA) “Azərbaycan Xalq Cümhuriyyəti: istiqlala aparan yol” layihəsi çərçivəsində nəşr etdirdiyi “Tarixin naməlum səhifələri: müsəlman qaçqınları (1918-1920-ci illər)” adlı sənədlər toplusu öz elmi dəyərinə görə mühüm əhəmiyyət kəsb edir. Ölkənin zəngin arxivlərindən biri olan Siyasi sənədlər Arxivində XIX əsrin sonu və XX əsri əhatə edən Azərbaycan tarixinin öyrənilməsində əvəzsiz rol oynayan qiymətli sənədlər və faktiki materiallar mühafizə olunur. Onların mütəmadi olaraq elmi dövriyyəyə gətirilməsi, tarixi biliklərin tədqiqi və geniş auditoriyaya çatdırılması arxiv əməkdaşları qarşısında duran əsas vəzifələrdən biridir. Məhz bu baxımdan da Siyasi sənədlər Arxivi “Tarixin naməlum səhifələri: müsəlman qaçqınları (1918-1920)” adlı sənədlər toplusunu elmi ictimaiyyətə təqdim etmişdir.

Qeyd etmək lazımdır ki, kitabda tədqiqat obyekti kimi seçilmiş mövzu müasir Azərbaycanın tarixi üçün son dərəcə aktualdır. XX əsrin sonlarında Ermənistan Respublikasının ölkəmizə qarşı qaldırdığı əsassız iddiaları nəticəsində çağdaş tariximizdə yaranmış  1 milyon qaçqın və məcburi köçkün problemləri bu gün də ölkə qarşısında duran ciddi siyasi məsələlərdəndir. Məhz bu baxımdan da işıq üzü görmüş bu sənədlər toplusunun nəşri  təkcə öz elmi əhəmiyyətinə görə deyil, eyni zamanda tarixi keçmişin təcrübəsini öyrənmək baxımından acı həqiqətlərin aşkara çıxarılması üçündə vacibdir.

Kitabda toplanan sənədlər erməni daşnaklarının Zəngəzur, Qarabağ, Qars, həmçinin Ararat Respublikası ərazisində törətdiyi qırğınları, bu bölgələrin  müsəlman əhalisinin düçar olduğu məhrumiyyətləri, tələfatları sübut edən sənədləri nümayiş etdirir. Onlar bir daha sübut edir ki, erməni millətçilərinin 1918-1920-ci illərdə Azərbaycanda törətdikləri qırğınlar “Böyük Ermənistan” xülyasının həyata keçirilməsi üçün XIX əsrin sonundan etibarən  türk-müsəlman əhalisinə qarşı aparılan “etnik təmizləmə” və soyqırımı siyasətinin davamıdır. Topluda verilən sənədlərin bəzilərinə nəzər yetirək.

1918-ci ilin iyul ayında Baş nazir Fətəli xan Xoyski Tiflisdəki Azərbaycan diplomatik nümayəndəsinə göndərdiyi təliqədə məlumat verirdi ki, erməni silahlı qüvvələri və mülki erməni əhali Novo-Bəyazid qəzasında onlarla müsəlman kəndini yandırmış, mal-qaranı talan etmişlər. Müsəlmanlar isə dağlara üz tütub, ot-ələflə qidalanmış, ağır məhrumiyyətlərə məruz qalmışlar.1919-cu ilə aid hökumət məlumatlarından məlum olur ki, bir ilə yaxındır Zəngəzur qəzasında erməni quldur dəstələri dəfələrlə terrora məruz qalmış əhalini qorxu və həyəcan içərisində saxlayır, müsəlman kəndlərini yandırır,dinc əhalini yurdlarından didərgin salırdılar. Zəngəzur qəzasında 60 min müsəlman ev-eşiklərindən qovularaq, öz torpaqlarını tərk etmək məcburiyyətində qalmış, açıq havada, soyuqda, ac-yalavac qalmışlar.

Topluda yer alan arxiv sənədlərinin böyük bir hissəsi Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qaçqınların problemləri ilə bağlı apardığı siyasətə aiddir. Sənədlərdən aydın olur ki, həmin məsələ milli hökumət qarşısında duran ən çətin problemlərdən biri idi. Qaçqın düşmüş türk-müsəlman əhalini ərzaqla, isti geyimlə, dərmanlarla təchiz etmək, onlara tibbi yardım göstərmək məqsədi ilə 1918-1920-ci illərdə dövlət büdcəsindən xeyli vəsait ayrılmışdır. Bu sahəyə cavabdeh olan dövlət qurumları qaçqınların problemlərinin həlli və onların qayğılarının yüngülləşdirilməsi üçün var qüvvələri ilə çalışırdılar. Bu işdə Xudadat bəy Rəfibəyli, Musa bəy Rəfiyev, Teymur bəy Makinski xüsusi rol oynamışlar. Topluda onların fəaliyyəti ilə əlaqədar xeyli maraqlı sənədlər yer alıb.

Siyasi sənədlər Arxivinin nəşr etdirdiyi “Tarixin naməlum səhifələri: müsəlman qaçqınları (1918-1920)” toplusunun əhəmiyyətini artıran cəhətlərdən biri odur ki, kitabda yer alan sənədlər rus dilindədir və bu da onun geniş auditoriyanı əhatə etməsinə, o cümlədən xarici tədqiqatçıların da bu sənədlərdən istifadə etməsinə imkan yaradır.

Arzu edərdik ki, gələcəkdə bu nadir sənədləri özündə cəm edən toplu həm   Azərbaycan dilində, həm də xarici dillərdə nəşr edilsin, İnternet resurslarında yerləşdirilsin.

Fərhad Cabbarov,

t.ü.f.d.