XOCALIYA ƏDALƏT – HƏQİQƏT UĞRUNDA APARILAN MÜBARİZƏDİR

2019-cu il fevralın 25-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivində Azərbaycan tarixinə qanlı hərflərlə yazılmış və dünyanı sarsıdan Xocalı soyqrımının 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.

Anım tədbiri Arxivdə hazırlanmış “Xocalı soyqırımı” haqqında video-çarxın fonunda keçmiş, tədbirin iştirakçıları arxivin foyesində Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlanmış “Xocalıya ədalət” kompaniyası çərçivəsində “Xocalı vəhşilikləri uşaqların gözü ilə” layihəsindən götürülmüş nümunələr əsasında hazırlanmış sərgi ilə tanış oldular.

Sərgi ilə tanışlıqdan sonra anım tədbiri akt zalında davam etdi. Tədbir iştirakçıları Xocalı soyqırımının, o cümlədən Azərbaycanın bütün şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Anım mərasiminin açılışında giriş sözü ilə çıxış edən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivinin direktoru Elmira Ələkbərova qeyd etdi ki, ermənilərin zaman - zaman Azərbaycan xalqına qarşı törətdiyi cinayətlər sırasında, qəddarlığı və amansızlığı ilə tariximizin qan yaddaşına yazılan Xocalı faciəsi Azərbaycan xalqına qarşı törədilmiş soyqırımıdır. Heç bir Azərbaycan övladı  bu soyqırımı , onun qurbanlarını unutmamalıdır.

Sonra tədbirin aparıcısı, Siyasi sənədlər Arxivinin məsləhətçisi Nurlanə Muradova məruzəçilərə söz verdi. “Arxivin mühafizəsi, uçotu və istifadəsi “ şöbəsinin məsləhətçisi Məcid Tahirov “Xocalı soyqırımı erməni faşizminin bir nümunəsidir” mövzusunda məruzə ilə çıxış edib göstərdi ki, Xocalı soyqırımı insanlığa qarşı yönəlmiş cinayət olduğundan, onun beynəlxalq aləmdə öz siyasi qiymətini almalıdır. Xocalının işğalı zamanı erməni millətçilərinin törətdikləri insanlığa  sığmayan vəhşiliklər beynəlxalq ictimaiyyətə çatdırılmalıdır.

“Arxivin mühafizəsi, uçotu və istifadəsi “ şöbəsinin baş mütəxəssisi Zahidə Babayeva “Xocalı faciəsi - dinməyən ağrımız” adlı məruzəsində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivinin fondlarında mühafizə olunan sənədlərə istinadən qeyd etdi ki, Xocalı faciəsinin ssenarisi erməni millətçiləri tərəfindən 1989-cu ildən başlayaraq hazırlanmışdır.

Arxivin “Elmi araşdırmalar və Elmi kitabxana” şöbəsinin baş mütəxəssisi Sahib Axundov “Erməni terroru və qanlı cinayətlər...” mövzusu ilə çıxış edərək, Emənistan-Azərbaycan-Dağlıq-Qarabağ münaqişəsinin başlanğıc dövründən Xocalı soyqırımının törədilməsinə qədər baş verən hadisələrin xronologiyasını diqqətə çatdırdı.

Arxivin “Elmi araşdırmalar və Elmi kitabxana” şöbəsinin  məsləhətçisi Ülkər Həmidova “Xocalı - şəhidlər və şahidlər yurdu” adlı məruzəsində erməni millətçilərinin Xocalı şəhərində törətdikləri dəhşətli soyqırımda vəhşicəsinə öldürülən 7 yaşlı qızcığazın − Sevincin qısa ömrü və yüzlərlə Sevinc kimi arzuları yarımçıq qalmış körpələr haqqında ürək ağrısı ilə danışdı...

Sonra söz Arxivin qonaqlarına - Məmməd Rahim adına 7saylı orta məktəbin şagirdləri - Abdullayeva Gültəm, Allahverdiyeva Nəcibə və Salmanova Fidana verildi. Şagirdlərin söylədikləri “Xocalım mənim” və “Azərbaycan” şerləri  həm Azərbaycan xalqının yaşadığı acıları, həm də Azərbaycanın yenilməzliyini, qüdrətini əks etdirdi.

Məruzələrdən sonra tədbirin aparıcısı Nurlanə Muradova  Vətənin müdafiəsi uğrunda şəhid olmuş vətən oğullarımızın qanını yerdə qoymayan mərd , mübariz, qəhrəman oğullarımız haqqında danışaraq, Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimov haqqında yazılmış şer parçasını da  söylədi. Sonda tədbir iştirakçılarına  erməni faşizminə qarşı inadlı mübarizə aparan Azərbaycan Ordusunun zəfərlərini göstərən video-çarx nümayiş etdirildi.