SİYASİ SƏNƏDLƏR ARXİVİNDƏ ANIM TƏDBİRİ KEÇİRİLMİŞDİR

2018-ci il dekabrın 12-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir.

Anım tədbiri arxivdə Ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə həsr edilmiş rekviyem kompozisiyasının sədaları fonunda keçmişdir.

Arxivin foyesində ümummilli liderin həyat və fəaliyyətini əks etdirən xatirə-sərgidə “Heydər Əliyev və arxivimiz”, “Ailə milli-mənəvi dəyərlərin daşıyıcısı və uğurlu gələcəyin təməlidir”, “Heydər Əliyev və gənclər siyasəti”, “Heydər Əliyev və neft strategiyası”, “Millətimin imzası var imzaların içində” başlıqları ilə hazırlanmış stendlər arxivin əməkdaşları tərəfindən böyük maraqla qarşılanmışdır. Tədbir iştirakçıları burada Heydər Əliyevin həyatının müxtəlif mərhələlərinə aid sənədlər – dövlət təltifləri və vəzifə təyinatları ilə bağlı rəsmi sərəncamlar, həmçinin, Ulu öndərin şəxsi kitabxanasından hədiyyə edilən kitablarla yaxından tanış oldular. “Görkəmli insanların həyatı: Heydər Əliyev” kitabının bir çox dünya xalqları dilinə tərcümə olunmuş nüsxələri anım tədbirinin eksponatları sırasında özünəməxsus yer tutmuşdur.

Xatirə-sərgi ilə tanışlıqdan sonra anım tədbiri akt zalında davam etdirildi. Anım tədbiri ümummilli liderin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə açıldı. Açılış nitqi ilə çıxış edən Siyasi sənədlər Arxivinin direktoru Elmira Ələkbərova qeyd etdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 15 il keçir.Məruzəçi auditoriyasının  diqqətinə onu da çatdırdı ki, Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin keçdiyi zəngin həyat yolundan bəhs etmək qürurvericidir. Elmira xanım bildirdi ki, əmək fəaliyyətinə Naxçıvan Daxili İşlər Xalq Komissarlığının arxiv şöbəsində başlayan ulu öndər H.Əliyevin Vətən qarşısındakı xidmətləri əvəzedilməzdir. Belə ki, Ulu öndər 80 illik ömrünün 62 ilini Azərbaycan xalqına xidmətə həsr etmişdi. Arxivin direktoru ölkənin  ictimai-siyasi və iqtisadi sahələrin inkişafında Heydər Əliyev dühasının rolunu xüsusi vurğulayaraq bildirdi ki, bu gün bizim çalışdığımız binanın da inşası Ulu öndərin adı ilə bağlıdır. 1969-cu il 14 iyul Plenumunda AKP MK-nin birinci katibi vəzifəsinə seçilən Heydər Əliyev respublikanı düşdüyü böhrandan qurtarmağı qarşıya məqsəd qoydu və 1970-80-ci illərdə Azərbaycan SSR-i Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevrildi. Bu yüksəliş dahi rəhbərin öz xalqına və doğma respublikasına olan böyük məhəbbətindən irəli gəlirdi.Uzaqgörən siyasətçi inanırdı ki, illər ötəcək və Azərbaycan öz müstəqilliyini yenidən bərpa edəcək, və bu dövrdə görülmüş işlər öz əməli nəticəsini göstərəcəkdir. Çıxışına davam edən Arxivin direktoru onu da vurğuladı ki, tarixi şəxsiyyət Heydər Əliyev sovet siyasi arenasından getdikdən sonra qondarma “Dağlıq Qarabağ” problemi yenidən gündəmə gəldi.

 Heydər Əliyevin dahi şəxsiyyət olması reallığını 20 yanvar hadisələrindən sonra onun Moskvada Azərbaycan nümayəndəliyində keçirilən ictimayyətlə görüşdə verdiyi bəyanat bir daha təsdiq etdi. Elmira Ələkbərova arxiv əməkdaşlarının diqqətinə onu da çatdırdı ki, Ulu öndər öz bəyanatında Sov.İKP-ın baş katibi M.Qorbaçovun ünvanına söylədiyi “Mən, Qorbaçovu Azərbaycan xalqına qarşı genosiddə ittiham edirəm” ifadəsi bu gün də xalqımızın yaddaşından silinməmişdir.

Öz çıxışında Arxivin direktoru həmçinin bildirdi ki, xalqımız Heydər Əliyevin şəxsiyyətinə, siyasi təcrübəsinə həmişə inanıb. Məhz buna görə də XX əsrin 90-cı illərinin əvvəllərində müstəqil respublikamız problemlər burulğanına düşəndə, xalqımız Azərbaycanı bu vəziyyətdən xilas edə biləcək bu şəxsiyyətə üz tutaraq, onun ətrafında sıx birləşdi. Çünki bu bir həqiqətdir ki, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq daha da çətindir. Vətən tarixinin bu mərhələsində Heydər Əliyev fenomeni öz müdrik dövlətçilik əqidəsinin gücünü göstərdi. Belə ki, 2 noyabr 1993-cü il tarixli müraciətindən sonra ordu quruculuğu sahəsində mühüm addımlar atıldı. 1994-cü ildə Bakıda mühüm tarixi əhəmiyyətə malik  “Əsrin müqaviləsi”  neft Sazişi imzalandı, 1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycan Respublikasının ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Konstitusiya qəbul edildi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişi həyata keçirildi və beləliklə, Azərbaycan Respublikası çağdaş tarixinin ən qüdrətli mərhələsinə qədəm qodu.

Çıxışının sonunda Elmira xanım xüsusi olaraq qeyd etdi ki, doğma Azərbaycanımızın dünyanın qüdrətli dövlətlərindən birinə çevrilməsi istiqamətində dahi rəhbərin uğurlu fəaliyyətini bu gün möhtərəm Prezidentimiz İlham Əliyev ləyaqətlə davam etdirir.

Anım tədbirində “Heydər Əliyev və kitabxana” adlı məruzə ilə çıxış edən Siyasi sənədlər Arxivinin məsləhətçisi Sevda Qədirova Ulu öndərin kitaba olan sevgisindən, kitabxana işinə diqqətindən söz açdı. Kitabxana işinin təkmilləşməsində Heydər Əliyevin göstərdiyi xidmətlərini xüsusi qeyd etdi. S.Qədirova onu da qeyd etdi ki, çağdaş Azərbaycanın kitabxana şəbəkəsinin əsasları keçən əsrin 70-ci illərində Heydər Əliyev tərəfindən formalaşdırılmışdır. İxtisaslı kitabxana işçilərinin hazırlanması üçün müvafiq təhsil sisteminin təşkili məhz Ulu öndərin uzaqgörən siyasətinin nəticəsidir. Azərbaycan Respublikasında kitabxana işinin inkişafında cənab Prezident İlham Əliyevin xidmətləri Ulu öndərin bu sahədəki fəaliyyətinin uğurlu davamıdır.

Sonra Arxivin məsləhətçisi Gövhər Namazova “Heydər Əliyev və Azərbaycanda təhsil” mövzusunda məruzə ilə çıxış etdi. O, ümummilli liderin şərəfli ömür yolundan, ölkəmizin siyasi, iqtisadi, ictimai həyatının bütün sahələrində gördüyü işlərdən, əldə olunan nailiyyətlərdən danışaraq, vurğuladı ki, Azərbaycan xalqının əbədiyaşar liderinin müdrikliyi, zəngin dövlətçilik təcrübəsi sayəsində qazanılan uğurlar sırasında Azərbaycan Respublikasının təhsil sahəsi xüsusi yer tutur. Məruzəçi bildirdi ki, arxivimizdə bu sahəyə aid xeyli sənəd vardır. Bu sənədlər Azərbaycan SSR-də kənd məktəblərinin və ucqar rayonlardakı orta məktəb sisteminin formalaşdırılmasında Ulu öndərin əvəzsiz xidmətlərini göstərir. Belə ki, 1969-1982-ci illərdə ölkədə 5 ali təhsil ocağı açılmışdı. SSRİ-nin nüfuzlu təhsil ocaqlarına respublikamızdan xeyli tələbə göndərilmişdi. Məhz təhsil məsələləri ölkəmizdə milli kadr siyasətinin inkişafında mühüm rol oynamışdır. Məruzəçi onu da bildirdi ki, bu gün Azərbaycan təhsil işçilərinin böyük minnətdarlıq hissi ilə xatırladıqları “Mən müəllim sözündən yüksək ad tanımıram” aforizmi məhz Heydər Əliyevə məxsusdur. Sonda Gövhər Namazova qeyd etdi ki, hazırda elm və təhsilin inkişafı sahəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycan Reaspublikasının Birinci vitse prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondu tərəfindən böyük işlər görülür.

Çıxışlardan sonra Ulu öndərin zəngin həyat və fəaliyyətinin bir mərhələsini canlandıran “Tale” qısametrajlı filmi nümayiş etdirildi.

Siyasi sənədlər Arxivinin direktoru Elmira Ələkbərova anım tədbirinə yekun vuraraq Ulu öndərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” kəlamının hər bir azərbaycanlının qəlbində dərin iz saldığını söylədi.