MÜSTƏQİLLİYƏ GEDƏN YOL – TARİXİ HƏQİQƏTLƏR PRİZMASINDAN

 “Müstəqilliyə gedən yol – tarixi həqiqətlər prizmasından” mövzusunda dəyirmi masa Azəbaycan həqiqətlərini  göstərmişdir.

1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası tərəfindən tərtib olunmuş İstiqlal Bəyannaməsi Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini elan edərək, dilindən, dinindən, cinsindən, etnik və sosial mənşəyindən asılı olmayaraq, ölkə ərazisində yaşayan bütün insanlara bərabər  hüquq verdi. 23 ay yaşayan  Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində  ilk demokratik dövlət, ilk parlamentli respublika oldu. Azərbaycanın dövlətçilik tarixində silinməz izlər qoyan, ölkənin ərazi bütövlüyü uğrunda davamlı olaraq mübarizə aparan, istiqlal bayrağını yüksəklərə qaldıran Azərbaycan Xalq Cümhuriyyətinin çağdaş tariximizə zəngin dövlətçilik təcrübəsi verdiyini əsas götürən Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2017-ci il 16 may tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2867 nömrəli Sərəncam imzalamış, digər bir Sərəncamla(10 yanvar 2018) isə 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etmişdir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 10 yanvar 2018-ci il tarixli Sərəncamını əsas götürərək,  2018-cı il oktyabrın 16-da “Müstəqilliyə gedən yol – tarixi həqiqətlər prizmasından” mövzusunda dəyirmi masa keçirmişdir. Dəyirmi masada respublikanın tanınmış ziyalıları – Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqələr  üzrə Dövlət Komissiyasının katibi İsmayıi Axundov, professorlar İlham Məmmədzadə, Musa Quliyev, Etibar Babayev, Güllü Yoloğlu, tarixçi-alimlər iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Siyasi Sənədlər Arxivinin sərgisində qorunan qiymətli sənədlərlə və nadir kitablarla tanış olmuş, sonra tədbiri açan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivinin direktoru Elmira Ələkbərova bildirmişdir ki, “Müstəqilliyə gedən yol – tarixi həqiqətlər prizmasından” mövzusunda keçirilən dəyirmi masa, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilmişdir. Elmira Ələkbərova cümhuriyyət carçılarının misilsiz xidmətlərini tədbir iştirakçılarının diqqətinə çatdıraraq bildirmişdir ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da,  çağdaş Azərbaycan tarixinə demokratik dövlətçilik ənənəsini gətirmiş və bu dövlətin qısa bir müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük iz buraxmışdı ki, bu da Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaradılmışdı. Çıxışını davam etdirən Arxivin direktoru Elmira Ələkbərova qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu tarixi hadisə ilə bağlı imzaladığı Sərəncamlara əsaslanaraq, arxivdə mühafizə olunan Cümhuriyyət tarixinə aid fondları zənginləşdirmək məqsədi ilə Ukrayna, ,Rusiya və Çexiyadan qiymətli sənədlər gətirilmişdir.

Elmira Ələkbərova öz çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinin əsas məqamlarına toxunaraq göstərmişdir ki, XX əsrin əvvəllərində bəşəriyyətin yaşadığı mürəkkəb, ziddiyyətli tarixi bir dövrdə - imperiyaların dağıldığı, dünyanın siyasi xəritəsinin yaradıldığı zaman Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları Azərbaycan adını, Azərbaycanın varlığını, Azərbaycanın müstəqilliyini və Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq aləmdə tanıtmağa, həm də dövlətin ümumi təhlükəsizliyini təmin etməyə çalışmışlar. Belə ki, Cümhuriyyət qurucularının dövlətçilik təcrübəsi olmadığı halda, onlar xarici siyasət məktəbinin formalaşmasına xüsusi önəm vermişlər. Bu sahədə Azərbaycanın tanınmış dövlət və siyasi xadimlərindən olan Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli-xan Xoyski, Nəsib bəy Yusifbəyov, Məmmədhəsən Hacınski, Məmməd Yusif Cəfərov, Əkbər ağa Şeyxülislamov, Ceyhun bəy Hacıbəyov və digərləri həm xarici siyasətin formalaşdırılması, həm də xarici dövlətlərlə əlaqələrin qurulması üçün böyük səy göstərmişdilər.

 Çıxışını davam etdirən Arxivin direktoru Elmira Ələkbərova onu da qeyd etmişdir ki, müstəqil Azərbaycan Respublikasının yaradıcısı ulu öndər Heydər Əliyev 1993-cü ilin dekabrında Fransaya ilk rəsmi səfəri zamanı Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinin formalaşmasında müstəsna xidmətləri olan Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət edərək, onun xatirəsinə ehtiramını bildirmiş və mərhumun məzarının üzərində abidənin ucaldılması ilə bağlı dövlət vəsaitinin ayrılmasına göstəriş vermişdi. Sözünü davam etdirən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivinin direktoru bildirmişdir ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisi olaraq dünya siyasətində yenidən öz yerini tutmuş, hazırda Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sisteminin aktoru olmuş, dünya xalqları ailəsinin bərabərhüquqlu üzvünə çevrilmiş, böyük transmilli layihələri həyata keçirən ölkə kimi beynəlxalq aləmdə öz layiqli yerini tutmuşdur. Bununla da Azərbaycan xalqının tarixi ənənələri, milli dəyərləri əsas götürülməklə, müasir beynəlxalq münasibətlərin başlıca meylləri nəzərə alınmaqla Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, XXI əsrin əvvəllərində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilmişdir.

Çıxışının sonunda Elmira Ələkbərova tədbir iştirakçılarının nəzərinə çatdırmışdır ki, iki hissədən ibarət “Müstəqilliyə gedən yol – tarixi həqiqətlər prizmasından” mövzusunda keçirilən dəyirmi masaya toplaşan tanınmış alimlər və tədqiqatçılar öz məruzələrində çağdaş tariximizin bu şanlı səhifələrini işıqlandıracaq və Azərbaycanın müstəqilliyə gedən yolunun səhifələrindən söz açacaqlar. Dəyirmi masanın işinə uğurlar arzulayan Arxivin direktoru sözü I hissəsinin moderatoru Bakı Dövlət Universitetinin “Mənbəşünaslıq, tarixşünaslıq və metodika” kafedrasının müdiri, tarix üzrə elmlər doktoru, professor Anar İsgəndərliyə vermişdi.

 “Dəyirmi masa”nın I hissəsini açan professor Anar İsgəndərli “Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan tarixində yeri” məruzəsində auditoriyanın diqqətinə belə bir tarixi həqiqəti çatdırdı ki, Azərbaycan ifadəsinin siyasi məfhuma çevrilməsi  Azərbaycan Xalq Cümhuriyyətinin vətən tarixində ən böyük xidməti olmuşdur. Eyni zamanda məruzəçi bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti 350 dəfə çağdaş tariximizə “ilk dəfə” ifadəsini yazmışdı. Bu sıraya Azərbaycan dilinin dövlət dili elan edilməsi, ordu quruculuğu, atributlar, Parlamentin açılması, Şərqdə gender məsələsinin demokratik həlli, vətəndaşlıq hüququ, Milli Universitetin açılması məsələləri aid idi. Məruzəçi onu da auditoriyanın nəzərinə çatdırdı ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin apardığı ardıcıl, davamlı, sülhsevər siyasəti sayəsində Şərqə demokratiyanın ilk işığını gətirən bu dövlət de-facto və de-yure olaraq iri dövlətlər tərəfindən tanınması ilə nəticələnmiş, beynəlxalq hüququn subyektinə çevrilmişdi.

Sonra Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivinin elmi katibi, tarix üzrə elmlər doktoru Həcər Verdiyeva Arxivdə mühafizə olunan sənədlər əsasında “Azərbaycan Xalq Cümhuriyyəti ölkənin ərazi bütövlüyü uğrunda mübarizədə” adlı  məruzə ilə çıxış edərək göstərdi ki, yeni “vətən” axtarışında olan erməni-qriqorian kilsəsi orta əsrlərdən etibarən “ Böyük Ermənistan” xülyasıını uydurmuş, sonrakı dövrdə “erməni məsələsi”ni beynəlxalq münasibətlər sisteminə gətirmişdir. XX əsrin əvvəllərindən etibarən isə erməni millətçiləri Azərbaycan torpaqlaırna qarşı əsassız ərazi iddiaları irəli sürmüş və 1918-ci ilin yazında Azərbaycanın əzəli tarixi torpaqları olan İrəvan ərazisində Ararat Respublikası qurduqdan sonra Qarabağa qarşı ərazi iddialarını irəli sürmüşlər. Məruzəçi Azərbaycan həqiqətlərindən danışarkən göstərmişdir ki, Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk gündən etibarən, özünün ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını qorumaq üçün fəal mübarizə aparmış, erməni millətçilərinin separatçılığının qarşısını almaq məqsədi ilə qəti addımlar atmış, erməni ideoloqlarının planlarının gerçəkləşməsinə imkan verməmişdi.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova “Azərbaycan Xalq Cümhuriyyətinin dini-etnik tənzimləmə siyasəti” adlı məruzə ilə çıxış edərək, dəyirmi masa iştirakçılarının bildirmişdir ki, Azərbaycan Xalq Cümhuriyyəti demokratik ənənələrə söykənərək, ölkədə dini-etnik tənzimləmə siyasəti aparmış, vicdan azadlığının qorunmasına xüsusi önəm vermiş, azsaylı xalqların nümayəndələrinin 1918-ci ilin dekabrın 7-də açılan Parlamentdə yer almalarına şərait yaratmışdı. Tarixən müxtəlif mədəni təbəqələrə  malik olan ölkədə dövlət-vətəndaş münasibətlərinin sivil modelini yaratmışdı.  

 Siyasi Sənədlər Arxivinin elmi araşdırmalar və elmi kitabxana şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Lalə Hüseynova “Bakı Dövlət Universitetinin yaranma tarixindən” adlı məruzəsində bu ali məktəbin Azərbaycan Xalq Cümhuriyyətinin tariximiz, xalqımız üçün qoyduğu bir abidə olduğunu vurğulamış, Bakı Dövlət Universitetinin fəaliyyətinin ilkin dövründə professor-müəllim heyətinin tərkibi, yaradılmış fakültələr və tədrisə daxil olmuş fənlər haqqında məlumat vermişdir.

 AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycanın sovet dövrü tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlqar Niftəliyev “Ermənistan–Azərbaycan ərazi münaqişəsi (Britaniya missiyasının nümayəndəsi Oliver Uordropun sənədləri əsasında)” adlı məruzəsində dəlillər və sübutlar əsasında  erməni millətçilərinin separaçıt fəaliyyətini Britaniya missiyasının nümayəndəsi Oliver Uordropun hesabatları əsasında işıqlandırmış, tarixi həqiqətləri nəzərə çatdırmışdır.

Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Cabbarov “Azərbaycan Cümhuriyyətinin Sovet Rusiyası ilə münasibət lərində neft amili” məruzəsində bolşevik Rusiyasının Bakı neftinə verdiyi əhəmiyyəti tədbir iştirikçarının nəzərinə çatdırmış, auditoriyanın diqqətini 1920-ci il aprelin 28-də hakimiyyəti ələ keçirən bolşeviklərin Bakı neftini iki gün sonra aprelin 30-dan etibarən Rusiyaya daşıdığı faktına yönəltmişdi.

Tarix üzrə elmlər doktoru Həcər Verdiyevanın moderatorluğu ilə keçən dəyirmi masanın II hissəsində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun sektor müdiri, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev “Nərgiztəpə abidələr kompleksi  və Qarabağın etnik tərkibinin qısa şərhi” məruzəsində bildirdi ki, 2013-2017-ci illərdə Xocavənd rayonu ərazisində yerləşən Nərgiztəpədə aparılan araşdırmalar – yaşayış yerlərinin, küp və daş qutu qəbirlərdən ibarət dəfn abidələrinin tədqiqi, İslam dövrünün bütün mərhələlərinə aid qəbir nümunələri, onların üzərindəki işarə, damğa və epiqrafik yazılar Qarabağın antik dövrdə Azərbaycan-alban, bütün orta əsrlər boyu isə türk-müsəlman əhalinin məskəni olduğunu təsdiq edir və erməni işğalçılarının Qarabağda Azərbaycanın maddi-mədəni irsinə qarşı apardığı mənəvi terrora “yox” deyir.

Siyasi Sənədlər Arxivinin məsləhətçisi, filologiya üzrə fəlsəfə doktoru Lalə Hacıyeva “Milli-muxtariyyət məsələləri dövri rusdilli mətbuat səhifələrində” məruzəsi ilə çıxış edərək, göstərdi ki, Fevral burjua-demokratik inqilabı zamanı Bakıda "Kaspi", "Baku", "Bakinets" kimi tanınmış rusdilli qəzetlərlə yanaşı, müxtəlif məsləkli siyasi partiyaların mətbu orqanları da nəşr olunurdu ki, onlardan "Bakinski raboçi", "Sosial Demokrat", "Znamya truda" kimi nərşlər xüsusi olaraq seçilirdilər. Məruzəçi çıxışında “Millətlərin öz müqəddaratını təyinetmə” məssələsinə diqqəti yönəldərək, qeyd etdi ki, Rusiya müsəlmanları içərisində bu ideyanı inkişaf etdirən M.Ə.Rəsulzadənin fikirləri dövrün rusdilli mətbuatında işıqlandırılır və bu mətbu orqanlar Rusiya  imperiyasında baş verəcək köklü dəyişikliklər ümidi ilə çıxış edirdilər.

AMEA Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, tarixçi-tədqiqatçı Rizvan Hüseynov “Qanzasar Azərbaycanın maddimədəni irsidir” məruzəsində erməni millətçilərinin Azərbaycanın maddi– mədəni irsinə qarşı apardıqları əsassız iddiaları dəlillər əsasında auditoriyanın nəzərinə çatdırmış, Qanzasar monastırının Alban Apostol kilsəsinin şah əsəri olduğunu göstərmişdir.

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Əzizə Nəzərli “İşğal dövründə XI Qırmızı Ordunun Azərbaycan xalqına qarşı törətdiyi zorakılığı (1920-1921-ci illər)” məruzəsində Aprel çevrilişindən sonra bolşeviklərin ölkədə apardığı repressiyanı, Azərbaycan xalqınıın yaşadığı faciəni Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivinin fondlarında mühafizə olunan qiymətli sənədlər və başqa mənbələr əsasında auditoriyanın diqqətinə çatdırmışdır.

 Bakı Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Rövşən Hətəmov Qafqaz uğrunda döyüşlər zamanı Azərbaycan SSR-də hərbi müdafiə tədbirləri (1942-1943-cü illər) adlı məruzəsində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivində mühafizə olunan sənədlər əsasında Qafqaz uğrunda gedən döyüşlər zamanı Bakının müdafiəsinin təşkili,orduya səfərbərlik, səyyar hospitalların təşkili, fərarilik və bu kimi məsələləri  xüsusi olaraq vurğulamışdır.

Dəyirmi masa öz işini maraqlı müzakirələrlə başa çatdırmışdır.