AZƏRBAYCANIN BEYNƏLXALQ ƏLAQƏLƏRİ SƏNƏDLƏRDƏ (İYUL 1969 - NOYABR 1982-Cİ İLLƏR)

Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı rus dilində nəşr olunmuş ikicildlik sənədlər toplusu haqqında ətraflı danışıb. O bildirib ki, kitabda ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizdə başlanmış yeni yüksəliş mərhələsi sənədlərin dili ilə təqdim olunur. Dahi rəhbərin müdrik siyasəti, uzaqgörənliyi sayəsində bu gün Azərbaycan dünya siyasi tarixində özünəməxsus yer tutur. Heydər Əliyevin irsi tükənməzdir və bu irsin öyrənilməsində “Azərbaycanın beynəlxalq əlaqələri sənədlərdə (iyul 1969 - noyabr 1982-ci illər)” kitabı qiymətli bir mənbədir.

Milli Məclisin deputatı Sahibə Qafarova öz çıxışında təqdim olunan sənədlər toplusunun Azərbaycanın beynəlxalq aləmdə təbliği üçün mühüm bir qaynaq olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycanın bugünkü uğurlu xarici siyasəti ulu öndərin uğurlu siyasətinin nəticəsidir və bunu arxiv materialları əsasında hazırlanmış bu kitabda görmək olar.

Nəsimi Rayon Ağbirçəklər Şurasının sədri, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının İdarə Heyətinin üzvü Zərifə Quliyeva təqdimatı keçirilən sənədlər toplusu haqqında fikirlərini bölüşüb. O vurğulayıb ki, bu kitabın nəşri ölkəmizin qeyd olunan dövrdə xarici siyasətinin tədqiqi üçün mühüm əhəmiyyət kəsb edir.  

Kitabın tərtibçilərindən biri, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin elmi araşdırmalar və nəşr şöbəsinin müdiri Lalə Hüseynova nəşrin ictimaiyyət tərəfindən maraqla qarşılanacağına əminliyini bildirib. Kitabın ərsəyə gəlməsində 313 arxiv sənədindən istifadə olunduğunu qeyd edən Lalə Hüseynova deyib: “Ulu öndər Heydər Əliyev hakimiyyətə gələn kimi Azərbaycanın beynəlxalq əlaqələrinin yaxşılaşdırılması məqsədilə rəsmi qərarların qəbul edilməsinə və problemlərin həllinin Moskva qarşısında qaldırılmasına nail oldu. Azərbaycana xarici ölkələrin rəsmi nümayəndə heyətlərinin və diplomatlarının səfərləri əvvəlki illərlə müqayisədə xeyli çoxaldı. Moskvada akkreditə olunmuş xarici ölkələrin səfirlərinin Azərbaycana səfərləri artdı. Onlar Heydər Əliyevlə görüşməyə, tanış olmağa can atırdılar. Heydər Əliyev Yaxın və Orta Şərq xalqları və dövlət başçıları tərəfindən ən hörmətli, nüfuzlu dövlət adamı, siyasi xadim kimi qəbul olunurdu. Müsəlman dünyası Heydər Əliyevlə fəxr edirdi. Sovet dövləti regiona dair bir sıra problemlərin, xüsusən münaqişələrin həllində onun nüfuzundan istifadə edirdi”.