HEYDƏR ƏLİYEV – 95

Mayın 2-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş tədbir və ikicildlik “Azərbaycanın beynəlxalq əlaqələri sənədlərdə (iyul 1969 – noyabr 1982) adlı kitabın təqdimatı keçirilmişdir.

Təntənəli tədbirdə Respublikamızın ictimai-siyasi həyatında fəal rol oynayan tanınmış şəxslər, elm və ictimaiyyətin nümayəndələri, tədqiqatçı-alimlər, pedaqoqlar, KİV təmsilçiləri və Arxivin əməkdaşları iştirak etmişlər.  

Tədbir Arxivin yenilənmiş foyesində xüsusi qayğı və zövqlə tərtib olunmuş, ümummilli liderin keçdiyi şərəfli həyat yolunu əks etdirən sərgi ilə tanışlıqdan başlandı.

 Dahi rəhbərin “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır” kəlamı sərginin leytmotivinə xüsusi mənəvi dəyər aşılamışdı. “Millətimin imzası var imzaların içində”, “Arxiv sənədləri və kitabxana materialları əsasında nəşr olunmuş toplu və kitablar”, “Azərbaycan yüksək xətlə inkişaf edən dövlətdir”, “Bütün tarixi həqiqətlər işıq üzü görməlidir”, “Ailə milli-mənəvi dəyərlərin daşıyıcısı və uğurlu gələcəyin təməlidir”, “Azadlığa inamı xalqa sən bağışladın!” adlı tematik foto-kompozisiyalar və statistik icmallar, zəngin eksponatlar vahid süjet ətrafında zövqlə biçimlənmiş, xronoloji ardıcıllıqla tərtiblənmişdir.

Heydər Əliyev siyasi kursunun layiqli varisi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ulu öndərin yenidən qurub-yaratdığı Azərbaycanın inkişafında göstərdikləri sədaqət və işgüzarlıq, Respublikamız üçün irimiqyaslı layihələrin uğurla həyata keçirilməsini əks etdirən foto-kompozisiyalar iştirakçılar tərəfindən diqqətlə seyr olunurdu.

Siyasi Sənədlər Arxivinin direktor müavini, direktor vəzifəsini icra edən Elmira Ələkbərova sərgi haqqında iştirakçılara ətraflı məlumat verdikdən sonra tədbir öz işini Akt zalında davam etdirdi.

Elmira Ələkbərova tədbiri giriş sözü ilə açaraq qeyd etdi ki, Azərbaycan xalqının ictimai-siyasi və milli-mənəvi həyatında ümummilli liderin tarixi rolu əvəzedilməzdir. Tariximizin dərindən öyrənilməsinə xüsusi önəm verən Heydər Əliyevin arxiv işinin formalaşmasında, onun müasir tələblər səviyyəsində qurulmasında əvəzsiz xidmətləri olub. Tarixi keçmişimizin həqiqətlərini özündə əks etdirən, qaranlıq səhifələrə işıq tutan sənədlərin qorunub-saxlanılaraq gələcək nəsillərə çatdırılmasının zəruriliyinin ön plana çəkilməsi böyük şəxsiyyətin uzaqgörənliyinin nəticəsidir. Maraqlıdır ki, 1941-ci ildə ilk əmək fəaliyyətinə başlarkən Heydər Əliyevə Naxçıvan Xalq Daxili İşlər Komissarlığında məxfi sənədlərə nəzarət tapşırılır və çox az müddət sonra arxiv müdiri təyin olunur. Daha maraqlı cəhət odur ki, bu vəzifəyə təyin olunarkən onun cəmi 18 yaşı vardı. Qeyri-adi düşünmə qabiliyyəti, fövqəladə yaddaşı, təşkilatçılıq və idarəetmə bacarığı ilə rəhbərliyin diqqətini cəlb edən Heydər Əliyevin həmin idarədə işə başlaması onun gələcək taleyini həll edir.

Daha sonra Azərbaycan Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il (1944-1969) çalışan Heydər Əliyev 1964-ci ildə Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə təyin olunur. Təhlükəsizlik Komitəsində işlədiyi müddətdə də o, müxtəlif siyasi manevrlər edərək, Azərbaycana qarşı təzyiq və məhdudiyyətlərin ortadan qaldırmağa çalışır və buna müvəffəq olurdu. Nəhayət, 1969-cu ildə, 46 yaşında ikən Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi seçilir və 1982-ci ilə qədər Azərbaycana rəhbərlik edir.

Sovet dövründən danışarkən bir çoxlarının o dövrü “durğunluq dövrü” adlandırdığını vurğulayan E.Ələkbərova ulu öndərin o illərdə belə Vətəni, xalqı üçün əvəzsiz xidmətlərindən bəhs etdi: “Tarixə nəzər salarkən görürük ki, Heydər Əliyevin birinci katib seçilməsi ilə respublikamızın iqtisadi, sosial və mənəvi həyatında tarixi bir mərhələ başlanmışdı. 1969-cu ildən Heydər Əliyev tərəfindən Azərbaycanın iqtisadi inkişafının əsaslarının yaradılmasına, zəngin iqtisadi potensialının ölkənin gələcək inkişafına yönəldilməsinə, xalqın rifahının yüksəldilməsi prosesinə start verildi. Dahi siyasət xadiminin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri aparıldı, sənayenin bütün sahələrində inkişafa nail olundu, yeni sənaye sahələri yaradıldı, istehsalla bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin inkişafına diqqət artırıldı, mütərəqqi texnologiyaların istehsalata tətbiqi əsasında Azərbaycan sənayesi SSRİ-də qabaqcıl mövqeyə çıxdı.

Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə 250-dən çox zavod, fabrik, istehsal sahələri istifadəyə verildi. Bu dövrdə Azərbaycanda radiosənaye, yüngül və yeyinti sənayesi üçün maşın, avadanlıq və digər mütərəqqi istehsal sahələri yaradıldı.

Bununla yanaşı, Azərbaycanın intellektual potensialı və kapitalını yüksəltmək üçün respublika rəhbəri Sovet İttifaqının öndəgedən təhsil ocaqlarına minlərlə tələbə göndərdi. Bu gün həmin mütəxəssislər müstəqil Azərbaycanda quruculuq işlərində yaxından iştirak edirlər.

O dövrdə Azərbaycan bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir, özü də müxtəlif sahələrdə keçirilən beylnəlxalq tədbir və sərgilərdə iştirak edirdi. Unutmamalıyıq ki, dahi lider bütün bunlara öz siyasi iradəsi və uzaqgörənliyi, şəxsi nüfuzu hesabına nail olurdu. Sovet rəhbərliyinin Azərbaycana qarşı qərəzli münasibəti məhz Heydər Əliyevin inadlı çalışmaları, zəhməti sayəsində dəyişmişdi. Həmin dövrdə Bakı Dərin Özüllər Zavodunun, Məişət Kondisionerləri Zavodunun məhz Azərbaycanda inşa edilməsinə Heydər Əliyev nail olmuşdu”.

Ulu öndərin Vətəninə və millətinə sonsuz xidmətləri, çətin tarixi şəraitdə xilaskarlıq missiyasından geniş bəhs edən E.Ələkbərova dahi öndərin şərəfli və mənalı ömür yolunun hər bir Azərbaycanlı üçün layiqli örnək olduğunu vurğuladı və bildirdi ki, çox illər keçəcək, istər yaşlı nəsil, istərsə də gələcək nəsillər böyük müdrikliyi, siyasi uzaqgörənliyi ilə Azərbaycanın parlaq gələcəyini təmin etmiş bu dahi şəxsiyyəti unutmayacaqlar. Ulu öndərdən bizlərə azad, müstəqil, mütərəqqi bir dövlət irs qalmışdır və onun yaratdığı dövlətçilik fəlsəfəsi, milli birlik ideyası əbədi yaşayacaqdır. Biz ümummilli lider Heydər Əliyevin yazdığı şanlı tarixin canlı şahidləri olduğumuz üçün çox xoşbəxt insanlarıq. Bu gün biz onun yaratdığı müstəqil, mütərəqqi, azad Azərbaycan dövlətində yaşayırıq və biz ulu öndərin yolunu uğurla davam etdirən, yüksək siyasi hazırlığı, diplomatik məharəti, strateji təfəkkürü ilə Azərbaycanın mətanət və ləyaqət simvoluna çevrilmiş Prezident İlham Əliyevin apardığı siyasətə tam dəstək veririk. Əminik ki, dövlətlə xalqın vəhdəti Azərbaycanı daha da yüksəklərə aparacaq və beynəlxalq aləmdə yanan ulduzumuz daim parlaq olacaq!

Əsas məruzə ilə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Musa Qasımlı Heydər Əliyevin həyat yoluna həm ictimai-siyasi, həm də elmilik istiqamətindən yanaşaraq, ulu öndərin Vətəni və xalqı qarşısındakı əvəzsiz xidmətlərini konseptual aspektdə xatırlatdı. Azərbaycanın müsəlman şərqində örnək ola biləcək yerindən və rolundan bəhs etdi və vaxtilə Heydər Əliyevin sovet rəhbərliyinə məsləhət gördüyü “bu yolu bir əldə “Kapital” əsəri, o biri əldə “Qurani-Kərim” ilə getməlisiniz” kəlamının məntiqini açıqladı. Millət vəkili məsul redaktoru olduğu “Azərbaycanın beynəlxalq əlaqələri sənədlərdə (iyul 1969 – noyabr 1982)” kitabının elmi məziyyətlərindən də ətraflı danışaraq qeyd etdi ki, gələcək tədqiqatçılar tariximizin 1969-1982-ci illərini tədqiq edərkən bu topludan geniş istifadə edəcəklər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi – Prezidentin köməkçisi Dilarə Seyidzadə bildirdi ki, Azərbaycan xalqı Heydər Əliyev kimi lideri olduğu üçün çox xoşbəxtdir. Bu gün biz müstəqil ölkənin vətəndaşı olaraq çətin yollardan keçmişik. Bu müstəqilliyin qorunması və möhkəmlənməsi ümummilli liderin xidmətləri sayəsində mümkün olub. Heydər Əliyev ölkəmizin müstəqilliyini qoruyub, onun inkişafı naminə misilsiz işlər görüb. Ulu öndərin bizim üçün miras qoyduğu irs nəsillərdən-nəsillərə ötürülərək əbədi yaşayacaq.

“Heydər Əliyevin hələ gənc yaşlarından ən böyük arzusu Azərbaycanı müstəqil görmək idi. Deyərdim ki, bu arzudan qaynaqlanan qüvvə və inam sayəsində müdrik siyasətçi və dövlət xadimi Heydər Əliyev illər sonra müstəqil Azərbaycan Respublikasını qurub yaratdı. Xoşbəxtəm ki, bu böyük şəxsiyyətlə, ömrünü xalqına həsr edən insanla birgə işləmək mənə də nəsib olub. Ulu öndər hər zaman bütün dünyada böyük hörmətlə qarşılanardı. Onun görüşlərində, xarici səfərlərində qeydlərimi aparmışam, çıxışları daim böyük maraqla, sevilərək dinlənilirdi. Hər bir azərbaycanlı onu sevirdi. “Mən fəxr edirəm ki, azərbaycanlıyam” deyən ulu öndər hər bir azərbaycanlının ona olan sevgisini duyur, kövrəlirdi. Gəncləri çox sevərdi və həmişə deyərdi ki, gənclər bizim gələcəyimizdir. Hər bir azərbaycanlı gənc bunu yüksək qiymətləndirməli, onun qoyduğu yolla getmək üçün əlindən gələni etməlidir. Ulu öndər böyük məktəb, ensiklopediya idi. O, Azərbaycanla fəxr edirdi. Ümummilli liderin siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir, ölkəmizin inkişafı naminə böyük işlər görür”, - deyə Dilarə Seyidzadə vurğulayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər doktoru Hicran Hüseynova qeyd etdi ki, Heydər Əliyev həyatımızın bütün sahələrinə xüsusi diqqət və qayğı göstərmişdir. Azərbaycan qadınının ailədə və cəmiyyətdə inkişafı onu həmişə düşündürürdü. 1995-ci ildə bu komitənin yaranması ulu öndərin Azərbaycan qadınlarının həyat və fəaliyyətlərinə diqqətindən irəli gəlmişdir. Ümummilli lider Heydər Əliyev qadınlarla bağlı dövlət siyasətinə xüsusi önəm verir, bunu prioritet vəzifələrindən biri hesab edirdi. Onun səmimi fikirləri qadınlarımızı daha fəal vətəndaş mövqeyi tutmağa həvəsləndirirdi. O, ailənin cəmiyyətdə mövqeyini və ölkənin inkişafında qadınların rolunu yüksək qiymətləndirirdi. Uşaqların sağlamlığı, onların Vətən və millətimiz üçün gərəkli övladlar kimi böyüməsi ümummilli liderin daim diqqət mərkəzində idi. Bu gün həmin istiqamətdəki siyasəti onun layiqlli varisi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva uğurla davam etdirirlər.

Tədbirdə Milli Məclisin deputatları Elman Nəsirli, Fəzail İbrahimli, Pərvin Kərimzadə, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxış edərək, ümummilli liderin şərəfli ömür yolundan, yeni Azərbaycanın qurulması yolundakı titanik işlərindən, ölkəmizin hazırda təhlükəsiz dövlət, dinamik inkişaf edən doğma Vətən olmasından bəhs etdilər, tədbir ərəfəsində nəşr olunmuş kitabın Azərbaycan tarixşünaslığına qiymətli töhfə olması barədə fikirlərini bölüşdülər.

Tədbirdə dövlətimizin əbədiyaşar liderinin siyasi müdrikliyi, zəngin təcrübəsi xüsusi minnətdarlıq hissi ilə xatırlandı.

Sonda ulu öndərin ömür yolundan bəhs edən ədəbi-musiqili videoçarx nümayiş etdirildi.