Bəşər tarixində ən dəhşətli faciələrdən biri erməni işğalçılarının və onların havadarlarının böyük qəddarlıqla Xocalıda törətdikləri soyqırım faciəsidir. Həmin faciədən 26 il ötür. Lakin o məşum gecədə yüzlərlə soydaşımızın qanına qəltan edilməsi hələ də qaysaq bağlamamış yaramızı göynədir. Tarixin səhifəsinə qanla yazılmış o hadisələrdə 613 Xocalı sakini qətlə yetirildi. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmuşdur. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Hələ əsir götürülən, yaralanan insanları, bu günədək taleyindən xəbərsiz olduğumuz qadınları, uşaqları düşünəndə, o hadisələrin acı və soyuq havası qəlbimizi titrədir...
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın silahlı qüvvələri DQMV-da dislokasiya edilmiş, heyət üzvünün əksəriyyətinin erməni mənşəli hərbçilər olan 366-cı motoatıcı alayı ilə birgə bu şəhərdə misli görünməmiş vəhşiliklər törətmişdi. Birləşmiş silahlı qüvvə yaşlılara, qocalara, qadınlara, uşaqlara belə rəhm etmədən onları amansızcasına qətlə yetirmişdi. Bu, XX əsrin ən böyük soyqırımı faciəsi idi. Bu faciədə qəddar ermənilər beynəlxalq hüquq normalarına zidd olan, insanlığa yaraşmayan vəhşiliklə hətta meyitləri də qeyri-insani cəza üsulları ilə tanınmaz hala salmışdılar.
Ötən əsrin sonlarında üzləşdiyimiz Xocalı soyqırımı 200 il bundan əvvəlki faciəvi hadisələrin acı nəticəsidir.
Bu günlər Respublikamızın hər yerində Xocalı soyqırımının 26-cı ili ilə bağlı anım tədbirləri keçirilir. Azərbaycan Pespublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində də bu münasibətlə konfrans xarakterli tədbir keçirilmişdir. Respublikanın tanınmış ictimai-siyasi xadimlərinin, millət vəkillərinin və media nümayəndələrinin iştirak etdiyi tədbiri Siyasi Sənədlər Arxivinin direktor müavini – direktor vəzifəsini icra edən Elmira xanım Ələkbərova açaraq, əvvəlcə iştirakçıları bu münasibətlə təşkil olunmuş stendlərə baxmağa dəvət etdi. Mövzunu yetərincə əhatə edən stendlərdə (“Tariximizin qanlı səhifələri”, “Xocalı soyqırımı dünyanın gözü ilə”, “Xocalı faciəsi – əsrin qətliamı”...) ötən əsrin əvvəllərində ermənilərin törətdiyi ixtişaş və vəhşilikləri əks etdirən tarixi fotolar, eləcə də Xocalı hadisələrində qanına qəltan edilmiş soydaşlarımızın Xocalının kimsəsiz qalmış küçələrinə səpələnmiş nəşləri, qaçqın düşmüş, evsiz-eşiksiz qalmış insanların fotoları, bu məşum hadisələr haqqında xarici jurnalistlərin fikirlərindən nümunələr, Xocalı soyqırımından bəhs edən kitablar və bu sıradan mövzunu əhatəli şəkildə işıqlandıran bir çox məlumat xarakterli sənədlərin foto-surəti təqdim edilmişdi.
Stendlərlə tanışlıqdan sonra tədbir iclas zalında davam etdirildi. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə ilk çıxış edən Elmira Ələkbərova öz çıxışını Ulu Öndər Heydər Əliyevin sözlərilə başladı: “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir”.
Tarixin bütün dövrlərində Azərbaycan xalqının müxtəlif siyasi-hərbi münaqişələrə cəlb olunmasını, nəticədə günahsız insanların qətlə yetirilməsini, torpaqlarımızın bir hissəsinin əldən getməsini və bu prosesin Cənubi Qafqaz Rusiyaya birləşdirildikdən sonra daha da sürətləndiyini vurğulayan E.Ələkbərova çıxışını belə davam etdirdi: “Ərazilərin işğal səbəbləri ilə bağlı sənədləri araşdırarkən aydın olur ki, bu gün də Azərbaycanda baş verən hadisələrin başlanğıcı məhz XIX əsrin əvvəllərində baş verən siyasi proseslərin acı təzahürüdür. 200 il əvvələ nəzər salaq:
1804-1813-cü illərdə Rusiya və İran arasında gedən müharibənin nəticəsi kimi 1813-cü ilin 12 oktyabr tarixində Gülüstan kəndində “Gülüstan sülh müqaviləsi” imzalanır. Bu hadisə tariximizdə və Azərbaycan xalqının həyatında böyük bir faciə idi. 11 maddədən ibarət olan bu müqavilə torpaqlarımızın bölünməsinə, parçalanmasına, Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla, Arazın şimalındakı bütün xanlıqların Rusiyaya birləşdirilməsinə səbəb oldu. 1826-cı ildəki İran-Rusiya müharibəsi də Azərbaycan xalqına qarşı cinayətlə nəticələnir. 1828-ci il 10 fevral tarixində Türkmənçay kəndində 16 bənddən ibarət “Türkmənçay sülh müqaviləsi” imzalanır. Bu müqaviləyə əsasən İrəvan və Naxçıvan xanlıqları da Rusiyaya birləşdirilir.
Təsadüfi deyil ki, erməni tarixçiləri erməniləri “Türkmənçay övladları” adlandırırlar. 1826-1828-ci illər müharibəsinin gedişi zamanı Lazarev və Qriboyedovun xüsusi təkidi ilə Marağa və Urmiyadan erməni ailələrinin köçürülməsi prosesi başlayır və ilkin olaraq 18 min erməni ailəsi, Türkmənçay müqaviləsi imzalandıqdan sonra sonra isə daha 40 min ailə Şimali Azərbaycanda məskunlaşdırılır. Eləcə də, Osmanlı dövləti ərazilərindən 84 min erməni Gəncə və İrəvan bölgələrinə köçürülür. XX əsrin əvvəllərində artıq 1 milyon 300 min erməni bölgədə yerləşdirilmiş və bunun nəticəsi kimi İrəvan və Naxçıvan “erməni bölgəsi” elan olunmuşdu.
Tarixin acı səhifələrinə nəzər salaq: 1905-1907-ci illərdə erməni-müsəlman qırğınları baş verdi, 1918-1920-ci illərdə azərbaycanlılara qarşı yeni erməni təxribatı törədildi – Andronik və Njdehin rəhbərliyi altında dinc əhaliyə kütləvi surətdə divan tutuldu. 1920-ci ildə Azərbaycan bolşeviklər tərəfindən işğal olunduqdan sonra da ermənilər öz məkrli niyyətlərindən əl çəkmədilər. XX əsrin 30-cu illər repressiyası Azərbaycanın ən görkəmli oğullarının, millət fədailərinin erməni mənşəli dövlət qulluqçularının riyakar fəaliyyəti nəticəsində məhv olundu.
1947-ci il 23 dekabr tarixində SSRİ Nazirlər Soveti “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” qərar qəbul edir. Bu qərara əsasən, 1948-1953-cü illərdə tarixən dədə-baba yurdları olan, azərbaycanlıların sıx yaşadığı dağlıq münbit topraqlardan 100 mindən çox insan Kür-Araz ovalığına köçürülür.
200 il əvvəl başlanan, işğal, parçalanma, doğma torpaqlardan qovulma ilə nəticələnən bu haqsızlıq oyunu XX əsrin sonlarında da davamını tapdı. Öz havadarlarına güvənən ermənilər bir daha Azərbaycan torpaqlarına öz çirkin əllərini uzatdılar. 1988-ci ildə başlayan Dağlıq Qarabağ məsələsi Azərbaycan ərazisinin 20%-nin işğalı ilə nəticələndi. Erməni quldur dəstələri Ermənistan və sovet-rus silahlılarının havadarlığı ilə xalqımıza qarşı cinayətlər törətdi. Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon erməni işğalı altında qaldı.
Bu amansız müharibədə ən dəhşətli, ən faciəvi hadisə məhz 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə baş verdi – Xatın, Liditsa, Oradur, Xolokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrdən heç də fərqlənməyən Xocalı soyqırımı...
Xocalı şəhəri əvvəlcə mühasirəyə alındı, sonra isə dinc əhalisinin böyük bir hissəsi ən acımasız, ən vəhşi bir şəkildə qətlə yetirildi. Xocalıdakı igid oğullarımız son damla qanlarınadək şəhəri və sakinləri qorumağa çalışdılar. Lakin ermənilər Xankəndində yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan və heyət üzvlərinin böyük əksəriyyəti erməni mənşəli əsgərlər olan 366-cı motoatıcı alayın köməyi ilə Xocalı şəhərini yerlə yeksan etdilər.
Dövlətimizin siyasi fəallığı və “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının həyata keçirdiyi bir çox tədbirlər, aksiyalar nəticəsində artıq dünyanın bir çox ölkələri – Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sloveniya, İordaniya, Honduras, Qvatemala, Panama, Sudan, Cibuti, Şotlandiya parlamentləri, ABŞ-ın bir çox ştatının qanunverici orqanları Xocalı soyqırımını tanıyan və qınayan sənədlər qəbul etmişlər. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanımışdır.
Xalqımız, o cümlədən Azərbaycanın 48 rayonunda məskunlaşan xocalılılar Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, işğal olunmuş torpaqlarımızın azad edilərək ölkəmizin ərazi bütövlüyünün bərpası ümidi ilə yaşayır və bu günün uzaqda olmadığına inanırlar.
Ermənilər və onların havadarları öz cəzalarına çatmalıdırlar və bu, əlbəttə ki, baş verəcək. Torpaqlarından qovulmuş hər bir azərbaycanlı öz doğma yurduna geri dönəcək. Bu istiqamətdə çox işlər aparılır. Ölkəmizin rəhbəri İlham Əliyev cənabları öz çıxışında xüsusi vurğulamışdır: “Dünyada gedən proseslərin inkişafı onu göstərir ki, biz hər il, hər ay öz məqsədimizə yaxınlaşırıq və məqsədimiz ərazi bütövlüyümüzü bərpa etmək, Azərbaycan bayrağını Şuşada, Xankəndidə qaldırmaqdır. Budur bizim əsas vəzifəmiz və bu məqsədə çatmaq üçün nəinki diplomatlar, bütün cəmiyyət öz səylərini birləşdirməlidir, birləşdiribdir. Bu, bizim milli məsələmizdir. Azərbaycanda bundan vacib məsələ yoxdur və bu məqsədə çatmaq üçün biz hər gün çalışırıq və çalışacağıq”.
O günün tezliklə gələcəyinə əminliklə bir daha: ”Şəhidlərimizin ruhu şad olsun!”- deyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”.
Daha sonra çıxış edən tarix elmləri doktoru, professor, millət vəkili Fəzail İbrahimli qeyd etdi ki, bu tədbirə sadəcə anım kimi baxmaq olmaz. Unutmamalıyıq ki, biz azərbaycanlıların qarşısında ideoloji mübarizə durur. Bu mübarizədə hamımız iştirakçı və mütəşəkkil olmalıyıq. Məsələnin mənəvi tərəfi budur ki, Xocalı soyqırımı faciəsinin qurbanları həmişə yad edilməlidir. Bu hadisəylə bağlı danışanda göz yaşı axıtmaqla fəaliyyətsiz qalmamalıyıq. Bu ədalətsizliyi törədən səbəbləri aradan qaldırmaq üçün dövlətimizin ətrafında sıx birləşməliyik. F.İbrahimli bildirdi ki, bu hadisə bizim üçün bir çağırışdır, yəni “...ey Azərbaycan xalqı! Unutma ki, 200 ildən artıqdır ki, ermənilər tariximizə zədə vurublar. Fikir verin, demək olar ki, hər ayın bir günündə hüznlü, matəmli işğal faciəsini yaşayırıq. Yanvar – 19-dan 20-nə keçən gecədə dinc əhalinin gülləbəran edilməsi, 26 fevral – Xocalı soyqırımı, 31 mart azərbaycanlıların soyqıırımı, Aprel döyüşlərində neçə-neçə oğullarımızın həlak olması... Dağlıq Qarabağın, ona bitişik yeddi rayonumuzun işğal günləri. Gələcək nəsil yaxamızdan yapışacaq və bu hadisələrə cavab istəyəcək.... Mən bu arxivin fondunda tədqiqat apararkən qovluqlarda toplanmış sənədlərlə işlədim, ruhum təzələndi, əsl tarixi öyrəndim. Artıq yetər, Xocalı bizim son gözyaşımız olmalıdır. Azərbaycan böyük ölkədir. Onun rəhbəri də qüdrətli, müdrik siyasi xadimdir. Bu gün bütün məsələlərdə, ən başlıcası da müstəqilliyimizi qorumaq, dövlətçiliyimizi möhkəmləndirmək yolunda bütün gücümüzlə Prezidentimizə dəstək olmalıyıq”.
Tarix elmləri doktoru, Siyasi Sənədlər Arxivinin elmi katibi Həcər Verdiyeva öz çıxışında yüzillər boyu erməni şovinistlərinin Azərbaycan xalqına qarşı təxribatlarını, keçən əsrin 90-cı illərinin əvvəlindən başlayaraq Qarabağda ixtişaşlar törətdiklərini faktlar əsasında diqqətə çatdırdı və qeyd etdi ki: “Azərbaycanlıların evləri yandırılır, əmlakları talan edilir, başları kəsilir, diri-diri oda atılırdı. 2231 zərərçəkən, 800-dən artıq ekspert sənədləri sübut edir ki, Xocalı vəhşəti milli mənsubiyyət, irq, irs düşmənçiliyi üzərindən həyata keçirilmişdir. Bu, soyqırımıdır”. H.Verdiyeva çıxışını nikbin notlarla bitirdi: “Biz ümid edirik ki, Xocalıya ədalət öz yerini tapacaq”.
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva isə öz çıxışında vurğuladı ki, Azərbaycan xalqının taleyində baş verən bütün hadisələri, xüsusən də Xocalı soyqırımının mahiyyətini hər gələn yeni nəsil öyrənməli, bilməlidir. Bu faciə yaddaşımızın qanla yazılmış bir səhifəsidir. Biz bu tarixi unutmamalıyıq. Sədaqət Vəliyeva daha sonra qeyd etdi ki, qarşıdan prezident seçkiləri gəlir. Onun üçün də milli birliyimizi qorumalı, cənab Prezidentin – İlham Əliyevin ətrafında birləşməliyik. Biz yalnız bu birliyin və gücün sayəsində ərazi bütövlüyümüzü bərpa edə biləcəyik.
Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov öz çıxışında bildirdi ki, bu gün Prezident Kitabxanasında Xocalı faciəsi ilə bağlı 7-8 dildə kitab mövcuddur. Yaxın vaxtlarda “Xocalı şahidləri” adlı kitab dərc olunacaq, bu böyük işdir. Hadisələr şahidlərin diliylə olduğu kimi dünyaya çatdırılacaq. Bununla biz hər zaman yaddaşımızı təzələyir, möhkəmləndiririk.
Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin Regional İdarəetmə, Sosial Təminat və Humanitar Yardım şöbəsinin sektor müdiri Xankəndindən olan məcburi köçkün Elman Quliyev DQMV-də uzun illər gözləri ilə gördüyü, müşahidə etdiyi hadişələrdən danışdı. Xocalı vəhşətinə doğru gələn yolun sovet mərhələsinə diqqət çəkdi, Xocalı soyqırımı faciəsinin yüzillər boyunca xalqımıza qarşı törədilən cinayət faktlarının, təhdidlərin acı nəticəsi olduğunu vurğuladı.
Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirildi.