Berlin

2017-ci il 16-17 dekabr tarixində Almaniya Federativ Respublikasının Berlin şəhərində Humbolt Universitetinin “Azərbaycan tarixi" kafedrasının təşkilatçılığı ilə “Almanların Qafqaza köçü” mövzusunda elmi-praktik Beynəlxalq konfrans keçirilmişdir. Tədbirdə Almaniya Federativ Respublikası, Ukrayna, Azərbaycan və Gürcüstan Respublikalarının ali məktəb və elmi-tədqiqat institutlarının professor-müəllim heyətinin nümayəndələri, tarixçi - tədqiqatçılar, memarlar, sosioloqlar, politoloqlar iştirak etmişdilər. Konfransın açılışında tədbir iştirakçılarını Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyinin nümayəndəsi salamlamışdır.

“Almanların Qafqaza köçü” mövzusunda elmi-praktik Beynəlxalq konfransa təşkilat komitəsinin maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivinin baş məsləhətçisi – elmi katib, tarix üzrə elmlər doktoru Həcər Verdiyeva dəvət edilmiş və “XIX-XX əsrin əvvəllərində Rusiya imperiyasının Cənubi Qafqazda köçürmə siyasəti” adlı məruzə ilə çıxış etmişdir. Çıxışında məruzəçi auditoriyanın diqqətinə çatdırmışdır ki, XIX əsrin birinci otuzilliyində Cənubi Qafqazı, o cümlədən Azərbaycanın Arazdan şimalda olan torpaqlarını işğal edən Rusiya imperiyası bölgədə özünün sosial-siyasi dayaqlarını möhkəmlətmək məqsədi ilə xristian etnosları köçürməyə başlamış, xriistianlaşdırma siyasəti aparmışdır. Azərbaycan torpaqlarına köçürülən ilk xristian etnos Vürtemberq krallığından olan almanlar olmuş və ölkədə ilk alman kolonoyaları - Alt-Katarinenfeld, Yelenendorf və Annenfeld salınmışdı. Məruzəçi onu da qeyd etmişdir ki, XIX əsrin sonu XX əsrin əvvəllərində Cənubi Qafqazda koloniyalararası gedən miqrasiya nəticəsində Şəmkir və ətraf ərazilərdə yeni “bala” koloniyalar - 1888-ci ildə Şəmkirin Seyfəli ərazisində müstəqil qəsəbə Qeorgievsk, 1902-ci ildə Yelizavetpol quberniyasında Alekseyevka (indi Qazax rayonunun Həsən-su kəndi), 1905-cı ildə Şəmkirin İrmaşlı kəndində Eygenfeld və ya Aygenfeld, 1911-ci ilin yayında Ağstafa ərazisində Grünfeld və ya Qrünenfeld, 1912-ci ildə Ağstafa çayı yaxınlığında – Traubenfeld (indi –Tovuz şəhəri), 1914-cü ildə Yelizavetinka(indi –Ağstafa şəhəri)salınmışdı. Məruzədə belə bir məqam diqqətə çatdırılmışdı ki, bu koloniyalar Azərbaycan quberniyalarının infrastrukturuna maraqlı layihələr gətirmiş və o da qeyd olunmuşdu ki, XIX əsrin sonu XX əsrin əvvəllərində almanlar kapitalist Bakısının memarlığına öz töhfələrini vermişdilər. Məruzədə Həcər Verdiyeva Azərbaycan həqiqtələrini göstərərək bildirmişdir ki, XX əsrin sonlarında yenidən müstəqillik əldə edən Azərbaycan Respublikası tolerantlıq ənənələrini əsas götürərək, ölkədə olan alman abidələrini bərpa edir, qoruyur və hazırda alman laylarının mühafizəsi ilə bağlı görülən tədbirlər ölkə rəhbərliyinin apardığı tolerantlıq və multikulturalizm siyasətinin bariz nümunəsidir. Məruzəçi onu da vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 avqust 2016-cı il tarixli "Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında" imzaladığı sərəncam bu reallığı təsdiqləyir. Öz çıxışında Həcər Verdiyeva bildirmişdir ki, Sərəncama əsasən, Almanların Cənubi Qafqaza köçmələrinin 200 illik yubileyi münasibəti ilə həm xarici ölkələrdə, həm də Azərbaycan Respublikasında bir sıra silsilə tədbirlər təşkil olunmuş, Almaniya-Azərbaycan Cəmiyyəti almanların Cənubi Qafqaza köçmələrinin 200 illiyinə həsr olunmuş “İkinci Vətən” adlı filmini Lider TV vasitəsilə ərsəyə gətirmişdir. Məruzədə o da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivinin ayrı-ayrı fondlarında saxlanılan nadir sənədlər Azərbaycan tarixinin alman səhifələrinin öyrənilməsində özünəməxsus yer tutur. Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmış, müzakirələr zamanı Avropada tanınmış arxivşünas Olqa Aysfeld Odessa arxivlərində alman kolonistlərin Cənubi Qafqaza köçü ilə bağlı əldə etdiyi yeni faktiki materiallar haqqında şərh vermiş, Gürcüstan Respublikasından bərpaçı-memar, professor Maya Mania XX əsr Cənubi Qafqaz memarlığına öz töhfəsini vermiş alman memarı Lemkul haqqında maraqlı məlumat vermişdir.