Çex Respublikasının Azərbaycandakı səfirliyi ölkələrimiz arasındakı əməkdaşlıq çərçivəsində “Çex – Azərbaycan qarşılıqlı münasibətlərinin tarixi” layihəsi üzərində işləyir. Layihə üzrə hazırlanan kitab Çex və Azərbaycan respublikalarının dövlət müstəqilliyinin 100 illiyinə həsr olunacaq və üç dildə (çex, Azərbaycan, ingilis dillərində) nəşr ediləcəkdir.
Layihə üzərində işləmək üçün Çex-Azərbaycan işçi qrupu yaradılmışdır, bu layihənin əsas tərəfdaşı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxividir.
Çex arxivlərindəki (Çexiya Hərbi Tarix Arxivi, hazırda Çexiya kommunist partiyasının sənədlərinin saxlanıldığı Çex Dövlət Arxivi, eləcə də Çexiya Respublikasının Xarici İşlər Nazirliyinin arxivindən) müvafiq sənədlərin müəyyənləşdirilməsi üçün Arxivin direktor müavini – direktor vəzifəsini icra edən E.S.Ələkbərova və Elmi araşdırmalar və Elmi kitabxana şöbəsinin müdiri L.C.Hüseyinova Praqa şəhərinə ezamiyyətdə olmuşlar.
Səfər zamanı nümayəndə heyəti Çexiya Respublikası Müdafiə Nazirliyinin Hərbi Tarix Arxivində olmuş və onun direktoru Yozef Zikeş ilə, Çexiya Milli Arxiv İdarəsində idarənin direktor müavini Zdenka Kokoşkova və 1945-1992-ci il Çexoslovakiya dövlət qurumlarının və kommunist partiyası sənədləri departamentinin müdiri Zora Maşkova, Çexiya Xarici İşlər Nazirliyinin İnformasiya idarəsinin direktor müavini Petr Kopşiva ilə və idarənin nəzdində fəaliyyət göstərən arxiv şöbəsində, həmçinin Praqada yerləşən Slavyan İnstitutunda direktor Vaslav Çermak ilə görüşlər keçirmişlər.
Görüşlər zamanı, nümayəndə heyəti sözügedən qurumların iş prosesi ilə tanış olmuş, arxiv sənədlərinin mühafizəsi və bərpası ilə bağlı görülən işlər barədə ətraflı məlumat əldə etmişdir.
Bu arxiv idarələrində ölkəmizlə bağlı qiymətli sənədlər və materiallar aşkarlanaraq, nüsxələri əldə edilmiş və müvafiq qeydlər aparılmışdır. Aşkarlanan sənədlər sırasında təkcə layihə ilə bağlı deyil, eləcədə Azərbaycanın 1920-1922-ci illərin siyasi tarixinə aid sənədlər üzə çıxarılmışdır - həmin dövrdə Tiflisdə fəaliyyətdə olan Çexoslovakiyanın diplomatik nümayəndəliyinin yazışmaları, məlumatları və hesabatları əsasında:
Görüşlərdə, həmçinin, digər qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılmışdır. Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan Respublikası ərazisinin təxminən beşdə biri işğal olunması, qondarma “Dağlıq Qarabağ respublikasının” qurulması və bu problemin tarixi köklərinə və müstəqillik əldə etdikdən sonra Azərbaycanın hərtərəfli sürətlə inkişafına dair Çexiyalı həmkarlara məlumat verildi.