Bakı Dövlət Universitetinin, Bakı Slavyan Universitetinin və Siyasi Sənədlər Arxivinin alimləri Çexiya-Azərbaycan münasibətlərinin tarixini əks etdirən tədqiqat üzərində çalışırlar. Çexiya Respublikasının Bakıdakı Səfirliyinin təşəbbüsü ilə həyata keçirilən bu müştərək fəaliyyət nəticəsində ekspert komandası yaxın iki il ərzində müxtəlif sahələrdə iki ölkənin münasibətləri barəsində geniş məlumatı özündə ehtiva edən kitabı ictimaiyyətə təqdim edəcəklər.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin direktoru, tarix elmləri namizədi M. Bağırov ilə Çexiya Respublikasının Azərbaycanda Fövqəladə və Səlahiyyətli Səfiri Vitezslav Pivonka arasında Azərbaycan-Çex münasibətlərinin tarixinə həsr olunmuş araşdırmaların aparılması və birgə fəaliyyət haqqında razılıq əldə olunub. Layihə qarşısında qoyulan məqsədlərə nail olmaq üçün Azərbaycan və Çex tarixçiləri və mütəxəssisləri Avropanın bir neçə ölkəsində müxtəlif arxivlərdə və kitabxanalarda öz tədqiqatlarını aparır. Lakin işin ən mühüm hissəsi Azərbaycanda və Çexiya Respublikasında gedir. ARPİİ Siyasi Sənədlər Arxivində aşkar edilmiş sənədlərin siyahısını Səfir cənab Pivonkaya təqdim edilib. Siyahıya 1956-1986-ci illər dövründə keçmiş Azərbaycan SSR-i və Çexoslovakiya Sosialist Respublikası (ÇSSR) arasında əlaqələri əks etdirən yüzdən çox sənəd və illüstrasiyalar daxildir. Bu maraqlı sənəd kompleksinə (kolleksiyaya) Azərbaycan Respublikası Dövlət Kino-foto Sənədləri Arxivində aşkar edilmiş 1953-1991-ci illər dövrünə aid fotoşəkillər də daxildir. Bu sənədlər ikinci dünya müharibəsinin sonundan başlayaraq ötən əsrin 90-cı ilinə qədər yəni hər iki dövlətin müstəqilliyi bərpa olunana qədər Azərbaycan-Çexiya münasibətlərinin tarixini bərpa etməyə imkan yaradacaq.
Bu layihə çərçivəsində ədəbiyyat sahəsində Azərbaycan-Çexiya alimləri arasında ekspert komandası yaradılıb və elmi tədqiqat aparılır. Ekspert qrupuna M.F. Axundov adına Azərbaycan Milli Kitabxananın direktoru Profesor Kərim Tahirov, Çexiya səfirinin müavini cənab Petr Vaqner və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər arxivindən tarix elmləri namizədi xanım Lalə Hüseynova daxildir. İlk növbədə Azərbaycan və Çexiya Milli Kitabxanaları arasında qarşılıqlı əməkdaşlıq qədim Azərbaycan ədəbiyyat ustalarının əlyazmalarının nümünələrini əks etdirən kataloqu ilə nəticələnəcəkdir. Çapa hazırlanan kataloqa AMK-ın ekspertləri qədim Azərbaycan ustalarının əlyazmaları haqqında geniş məlumat verəcəklər. Həmçinin Azərbaycan və Çexiya Milli Kitabxanalarının və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər arxivinin fondlarında qorunub saxlanılan mənbələr əsasında XIX-XX-ci əsrlərdə Bakıda yaşamış çexlər haqqında, Çexiya Respublikası və Azərbaycan-Çexiya münasibətlərindən bəhs edən tədqiqat işinin aparılması ekspertlər arasında elmi əməkdaşlığının nümunəsi kimi qeyd etmək olar.
http://www.mzv.cz/baku/ru/x2009_10_23_3/relations.html