XOCALI SOYQIRIMININ 24-CÜ İLDÖNÜMÜ

Azərbaycan Respublikasının Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə təsdiq olunmuş “Xocalı soyqırımının iyirmi dördüncü ildönümünün keçirilməsinə dair Tədbirlər planı”na uyğun olaraq fevral ayının 25-də Siyasi Sənədlər Arxivində anım tədbiri keçirilmişdir.

Tədbirdən öncə iştirakçılar Arxivin foyesində xüsusi tərtib edilmiş stendlərlə tanış olmuşlar. “Xocalı faciəsi - əsrin qətliamı”, “Xocalı soyqırımı dünyanın gözü ilə”, “Bəşəriyyətə qarşı törədilmiş cinayət” adlı üç bölmədən ibarət olan stendlərdə 26 fevral 1992-ci ildə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımına dair ümummilli lider Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin müvafiq sərəncam, çıxış və xalqa müraciətlərindən nümunələr təqdim edilmişdir. Digər stendlərdə Xocalı faciəsini qan yaddaşına çevirən fotolar və beynəlxalq aləmdə bu soyqırımının yaratdığı əks-səda barədə rəsmi məlumatlar barədə informasiyalar yer almışdır.

Tədbir əsrin faciəsi barədə sənədli filmin nümayişi ilə başladı. Sonra Arxivin direktor müavini Elmira Ələkbərova çıxış edərək erməni vandallarının 24 il əvvəl Xocalıda dinc əhalimizə qarşı törətdiyi qətliamın bütün bəşəriyyətə qarşı rəzalət və cinayət olduğunu bildirdi. Keçən əsrin 60 – 80-ci illərində yenidən baş qaldıran erməni separatizminin məkrli niyyətini, Azərbaycandan yeni ərazilər qoparmaq üçün Yerevanda keçirilən nümayişləri xatırladan E. Ələkbərova əlavə etdi ki, bu qanunsuzluqların nə vaxtsa qanlı hadisələrə gətirib çıxaracağı o dövrdə Azərbaycanda ictimaiyyət arasında haqlı etiraz əhval-ruhiyyəsi yaratsa da, mərkəzi hökumət həmin bəlanı kökündən və birdəfəlik həll etməkdə israrlı deyildi. E. Ələkbərova respublikamızda yaşayan “erməni şovinistlərinin onlara bəslənilən mədəni münasibətlərə əksinə gedərək Azərbaycana qarşı münaqişəyə başlamaları və Dağlıq Qarabağda millətimizi soyqırımına məruz etmələri bütün xeyirxahlıqlara, mədəni dünyaya xəyanətdir”, - fikri ilə çıxışını yekunlaşdırmışdır.

Arxivin şöbə müdiri Lalə Hacıyeva öz çıxıçında qondarma erməni məsələsinin köklərinə toxunaraq qeyd etdi ki, 1860-cı ildə İstanbulda  “Konstantinopol Erməni Milli Birliyi” yaradan ermənilər “Böyük Ermənistan” xülyasını milli ideyaya çevirərək, güclü xristian dövlətlərinin töfsiyəsilə  “xaç və qılıncla” XIX əsrin ikinci yarısından başlayaraq Osmanlı imperiyasına, XX əsrin ilk illərindən isə Azərbaycana qaşrı əsassız ərazi iddiaları ilə vəhşiliklər törətmişlər (bax: “Ermənilərin türklərə qarşi əsassiz iddialarinin kökləri tarixindən”).

 Baş elmi işçi Elçin Cabbarov isə çıxış edərək bildirdi ki, Xocalı qətiamını törədənədək erməni talanları Şimali Qafqazdan başlamış bu gün Ermənistan adlanan ərazilərədək böyük bir coğrafiyada azərbaycanlıların mal-mülkünə, maddi-mədəniyyət abidələrinə, bütövlükdə, Azərbaycanın varlığına qarşı savaş açmışdı. Şərin tüğyan etdiyi həmin dövr  millətimizə qarşı soyqırımı siyasətinin tərkib hissələrindən biridir, bəşər tarixinə qara səhifədir (bax: “Xocali vəhşəti – şərin tüğyanı”).

Arxivin əməkdaşı Nərgiz Əsədullayevanın çıxışı isə Xocalı vəhşətinin dəhşətlərini  və miqyasını göstərən informasiyar üzərində qurulmuşdu.

Xocalı qətliamının canalıcı nəticələrinin şahidi olan, Ağdam sakini, Arxivin əməkdaşı Rəşid Qəhrəmanov qəhər içində acı xatirələrini tədbir iştirakçıları ilə bölüşdü.

Qərbi Azərbaycanda yaşayarkən ermənilərin milli zəmində yaratdıqları dözülməz həyatın əzabını çəkən və hazırda Arxivdə əmək fəaliyyətini davam etdirən Sabir Babayevin çıxışında o dövrün azı xatirələri yer almışdı.

Tədbir iştirakçıları erməni separatizminin əsrlər boyu Azərbaycan xalqına qarşı törətdikləri müsibətləri insanlığa ləkə kimi ifşa etmiş, bu vəhşətdə əli olanların vicdan və beynəlxalq hüquq qarşısında cavab verəcəklərinə əminliklərini bildirmişlər.

Anım tədbiri Xocalı faciəsinin xalqımızın milli ruhunu sındıra bilməyəcəyi və nahaq qan yerdə qalmayacaq qənaəti ilə yekunlaşmışdır.