Klassik irsimizin zərif nümayəndələri
A+   A-

Klassik irsimizin zərif nümayəndələri

Hər 8 mart qadınlar günündə biz nəinki doğmalarımızı təbrik edir, onlara hədiyyələr alırıq, eyni zamanda tariximizdə şərəfli iz qoymuş Azərbaycan qadınlarını da yad edirik. Tarixən Azərbaycanda aslan ürəkli Tomrislərimiz, Nigarlarımız, Həcərlərimiz kimi qadınlarımız, qəhrəman analarımız və  adlı-sanlı alimlərimiz  olub. Tarixi vərəqləyərək bir qədər keçmişə səyahət etməyi və  Azərbaycanın bir neçə şairə xanımları  haqqında məlumat verməyi bu gün də özümüzə borc bildik.

Ağabəyim Ağa Ağabacı (1780-1781)-ci illərdə Şuşa şəhərində  anadan olubdur.O,  Qarabağ xanı İbrahim Xəlil xanın qızı və İran şahı Fətəli şah Qacarın həyat yoldaşı, görkəmli Azərbaycan şairəsi Xurşid banu Natəvanın bibisi idi. Ağabəyim Ağa gənc yaşlarından şeirə maraq göstərib. Farsca və azərbaycanca yazan Ağabəyim Ağa şeirlərini “Ağabacı” təxəllüsü ilə yazıb və bu təxəllüslə də tanınıb.

Mənbələrdə qeyd  edilir ki,  Ağabəyim Ağanın yaradıcılığından azərbaycanca yazılmış az sayda qəzəl və bayatıları gəlib bu günümüzə çıxıb. Lakin, onun farsca yazdığı şeirlərindən Ağabəyim Ağanın yaradıcılığını və həyatını öyrənmək olur.

1801-ci ildə Ağabəyim Ağa atasının məsləhəti ilə istəmədən İran hökmdarı Fətəli şaha ərə verilmiş və o ömrünün sonuna qədər Qarabağ həsrəti ilə Tehranda  yaşamalı olmuşdur. Onun vətən həsrəti ilə yandığını söyləməyə Qarabağa həsr  etdiyi  bu bayatı əsas verir:

 
 Mən aşığam qara bağ,
Qara salxım, qara bağ.
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.

 

Dövrünün ziyalı xanımlarından  olan Ağabəyin Ağa dünyavi elmlərdən kifayət qədər məlumatlı idi. Dərin bilik və bacarığı, ağıllı məsləhətləri, hazırcavablığı, yüksək mədəniyyətə və tərbiyyəyə malik olması, sarayda böyük hörmət qazanması  Ağabəyim Ağanı şahın sarayında “banuyi-hərəm”   etmişdir.

Tanınmış şərqşünas alim Adolf  Berje  Fətəli şaha həsr etdiyi məqaləsində yazır ki, 1811-ci ildə İngiltərə kralı Heorqun İrana göndərdiyi ilk fövqəladə səfiri və onun xanımı Tehranda şahın sayarına təşrif buyurarkən, səfir Böyük Britaniyanın kraliçasının etimadnaməsini və hədiyyələrini Ağabəyim ağaya şəxsən təqdim etmişdir. Qeyd olunduğu kimi Ağabəyim ağanın həm xarici görünüşü, həm son dərəcə kübarlığı,həm də gözəl danışıq qabiliyyətinin olması səbəbindən məhz o səfirin hüzuruna  çıxmaq şərəfinə nail olur.

Yaşadığı dövrdə Rusiya-İran münasibətlərinin yaxşı olması yolunda çalışan Ağabəyim Ağanın siyasi məsələlərə də müsbət münasibətinin olduğu anlamına gəlmək olur. Hər hansı bir məsləhət və köməkliyi onun siyasi məsələlərdən kənarda qalmamasına işarədir.

Ağabəyim Ağa İranda “Ağabacı” adı ilə tanınırdı. O, 1832-ci ildə vəfat etmiş və Darül-iman adlandırılan Qum şəhərində dəfn olunmuşdur.

 Heyran xanım -1790-cı ildə qədim Naxçıvan torpağının Dünbülü qəbiləsində (ata tərəfdən Naxçıvanlı, ana tərəfdən Dünbülü qəbiləsindəndir) dünyaya gələn Heyran xanımın bir tərəfdən Kəngərlilər, digər tərəfdən isə Xoyskilər nəsli ilə qohumluğu olubdur. Azərbaycanın həm siyasi, həm də mədəni həyatına görkəmli şəxsiyyətlər bəxş edən  bu iki  nəsil, Heyran xanım kimi bir sənətkarı da Azərbaycan ədəbiyyatına nəsib edib. Heyran xanım çox gənc yaşlarından şeir yazımağa başlayıb. Yaradıcılığının əsası  XIX əsrin birinci yarısına düşən Heyran xanım, Rus-İran toqquşmaları başlandığı ərəfədə ailəsi ilə birlikdə Naxçıvandan köçərək bir müddət Urmiyada, sonra isə  Təbriz və Xoy şəhərlərində yaşayır.

 XVIII əsrin sonlarında XIX əsrin əvvəllərində yaşamış Heyran xanımın anadan olduğu və vəfat etdiyi illəri mənbələrdə müxtəlif cür göstərilir. M. İbrahimov Heyran xanımın 80 il, Əzizə Cəfərzadə 70 il, Cənnət Nağıyeva isə 60 il   ömür sürdüyünü qeyd edirlər.

Heyran xanımın yazılarındakı əzmkarlıq, mübarizlik, azad fikirlilik oxucunun nəzər-diqqətin cəlb edir. Heyran xanımı üsyankar şair də adlandırmaq olar. Çünki onun şerlərinin əsasında bir çağırış, bir hayqırtı  var. Sanki o bu şerləri ilə insanları qəflət yuxusundan oyanmağa, insani haqlarına yiyə çıxmağa və  hüquqlarını müdafiə etməyə  səsləyir.

Heyran xanım haqqında ilk dəfə Təbrizli Məhəmmədəli Tərbiyət Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri haqqındakı monoqrafiyasında onun həyat və yaradıcılığından  az da olsa məlumat vermişdir.

Poeziyasından bəlli olur ki, Heyran xanım taleyindən küskün bir qadın olub və onu həyatdan küskürdürən  isə övladının olmaması idi. O, məşhur nəslin nümayəndəsi olaraq,  mülkədar ailəsində korluq çəkmədən böyüyüb. Ata evində firavan ömür yaşayan, yaxşı təlim-tərbiyə və  təhsil görən Heyran xanım ərəb və fars dillərinə  mükəmməl  yiyələnir. Cənubi Azərbaycanın müxtəlif şəhərlərində yaşayan Heyran xanım sonunda   Təbrizdə məskunlaşmağına baxmayaraq, bu şəhərdə özünü “quzeyi-zindan”da kimi hiss edirdi. Onun yaradıcılığında  təkcə özünün şəxsi duyğuları  deyil, bütövlükdə Azərbaycan qadınlarının  hüquqsuzluğu və talesizliyi  əks olunub. Mübarizə silahına çevrilmiş  qələmi, müəyyən mənada həm də onun dostu idi. Heyran xanımın  şeirlərinin motivi təkcə ah-vaydan, kədərdən ibarət deyildir. Onun  tələbkarlıq, cəsarət, hünər tələb edən şeirləri də vardır:        

 

Yoxdur o sənəm, onda dü əbruyi -xəminə,
 Biz səcdə edək, qoy bütü bütxanə dağılsın.
 Heyran, çü yanarsan o qədər şəmə müqabil,
 Bir vəz ilə çək şölə ki, pərvanə dağılsın.

 


Heyran  xanım M. Füzuli kimi eşqi qiymətləndirən, onu uca tutan, ona dəyər verən və romantik duyğuları olan şairədir. O, Füzuli klassikasına müraciət edərək onun


 Tutuşdu qəm oduna  şad gördüyün könlüm,
 Müqəyyəd oldu ol azad gördüyün könlüm.

 


qəzəlinə nəzirə yazaraq:


 Olubdu qəm yatağı şad gördüyüm könlüm,
Dağıldı qüssədən abad gördüyüm könlüm.

 


deyə söyləyir.

Heyran xanım,  qəzəllərinin hər  misrasında sevgiyə verdiyi dəyəri göstərmək istəyib. Onu dərin məhəbbətlə sevən həyat yoldaşının sonradan etdiyi xəyanəti nəticəsində o, ailəsinin  dağılmasını heç cürə qəbul edə bilmirdi. O da Füzuli kimi sevgilisinin cövrü- cəfasından özünü “bəxti qara” adlandırır və şikayət edirdi.

 

Gedər əqlim sərimdən, arizi-rüxsarini görcək.
Olur halım pərişan zülfi- ənbər- barını görcək.
 

M. Füzulinin “Leyli və Məcnun” əsərində də buna bəzər bir beyt vardır:

 

Könlüm açılır zülfü pərişanını görcək,
Nitqim tutulur qönçeyi xəndanını görcək.

 


Heyran xanımın şeirlərində şəxsi həyatının məqamlarını görmək olur. Şeirlərinin çoxunu farsca yazmasına baxmayaraq, onun qəlbi  fars şairlərinin əsərləri ruhunda  deyil, məhz Azərbaycanın dahi şairlərinin şeirləri ruhunda köklənmişdir.

Heyran xanım Nəsimi yaradıcılığına da yüksək dəyər verir, onun kimi insanı ən qiymətli və uca varlıq  hesab edirdi. Nəsiminin yaradıcılığından təsirlənən şairə, onun tərəqqipərvər ənənələrini davam etdirsə də Nəsiminin hürufilik ideyalarını  təkrar etməyib. Onun yaradıcılığında təkcə Füzulinin, Nəsiminin poeziyası deyil, M. P. Vaqifin, Qövsi Təbrizinin, Hafiz Şirazinin  və başqa klassik şairlərin də poeziyası  önəmli yer tutur. Taleyindən narazı olan Heyran xanım ümidini tanrıya bağlayır və yeganə köməyi də  elə tanrıdan umur. Heyran xanımım “Könül ki, hicrdən oldu fikar, ağlayıram” qəzəlində   

                            

                               Könül ki, hicrdən oldu fikar, ağlayıram,
                              Bütün vücudum olub biqərar, ağlayıram.
                              Nədən şikayət edim, bəxtidən və ya göydən?
                              Məni əzir sitəmi - ruzigar, ağlayıram.

 

deməklə bu fikrini  bir daha tamamlayır. Təbrizdə yaşadığı zaman orada baş verən güclü zəlzələ bir insan kimi onu çox sarsıdır. 

                             

                              Oldu yarəb həlak insanlar!
                              Suvarıb torpağı qızıl qanlar.
                              Oldu çöllər cavanlara mədfən,
                              Çoxlarına nə qüsl var, nə kəfən.
                              Sinəsi dağlı, gözləri giryan,
                              Minlər ilə ana edər əfqan.
                              Bala dərdilə cümləsi ağlar,
                              Nə bir ehsan, nə xətmi-quran var.
                              Baxasan hər tərəf cəsədlə dolu,
                              Bağlanıb xalq üçün nicat yolu.

 


deyən Heyran xanım  fəryad edirdi.

Bəzən Heyran xanımın şeirlərinin Molla  Pənah Vaqifin şeirlərinə oxşarlığından da bəhs edirlər. Məsələn, görkəmli yazıçımız M. İbrahimov öz məqaləsində Heyran xanımın şeirlərində Molla Pənah Vaqifin şeirlərinə yaxınlıq olduğunu  göstərir. M. İbrahimov M. P. Vaqifin  qoşmalarındakı kimi  Heyran xanımın da şeirlərində də  zərifliyin, lətafətin və dilə yatımlılığın olduğunu  vurğulayır. Bunu yəqin ki, onun şeirlərinin sadə dildə yazılması və həm də onun əslən azərbaycanlı olaraq, millətinə, kökünə bağlılığının  nəticəsi kimi hesab etmək olar.

Şərq ədəbiyyatını kamil bilməsi  və onun şərq poeziyasına olan  sonsuz məhəbbəti yaradıcılığında özünü büruzə verir. Füzuli, Həsənoğlu, Nəsimi, Qövsi Təbrizi, Hafiz Şirazi və başqalarının şeirlərinə yazdığı  nəzirələr onun bu dahi şairlərdən ilham aldığını göstərir. O, ömrünün son günlərinə  qədər Təbrizdə yaşamış və yaradıcılığını orada davam etdirmişdir.  Heyran xanım özündən sonra 4500 beytdən ibarət bir divanı ilə Azərbaycan ədəbiyyatında iz qoyubdur. 

Aşıq Pəri - Qarabağda Cəbrayılın Maralyan kəndində yoxsul bir ailədə(1811-1813) dünyaya gəlib. Onun anadan olduğu və vəfat etdiyi illər ya göstərilmir, ya da müxtəlif  rəqəmlərlə verilir. Aşıq Pərinin fitri istedadından, ağlından, gözəlliyindən  və deyişmələrində qarşı tərəfi sözlə bağlamağından, hər dəfə də uğur qazanmağından mənbəllərdə bəhs edilir. Dövrünün məşhur və sözünü demiş sənətkarları ilə  deyişmək elə də asan deyildir, lakin gənc bir qızın bu meydana girməyi onun böyük ürəyinin  və istedadının  olduğundan xəbər verirdi.


Aşıq Pəri  ruhani məktəbində təhsil alıb. O, məktəbi bitirdikdən sonra  aşıq sənəti ilə yaxından maraqlanaraq bu sahədə marağını daha da genişləndirməyə çalışıb. Məktəb illərindən ərəb və fars dillərinə mükəmməl yiyələnərək özünü poeziya aləmində sınayır. Ruhani məktəbində təhsil almasına baxmayaraq o, müasir düşüncəli və geniş dünyagörüşünə malik idi.

Dədə Qorquddan üzü bəri Dədə Şəmşir, Qurbani, Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım, Aşıq Alı, Aşıq Ələsgər, Növrəc, İman və sair tanınmış aşıqlarla birlikdə Aşıq Pərinin də Azərbaycan ədəbi-mədəni mühitinin formalaşmasında böyük rolu olubdur.

Aşıq Pərinin qoşmaları az zaman içərisində dillər əzbərinə çevrilir. 16 yaşlı gənc qızın fitri istedadının olması ətrafdakıları heyrətləndirməyə bilməzdi. Bu məharətinə görə xalq onu sevərək “Aşıq” adını verir.

Qarabağın ilk qadın şairi adlandırılan Aşıq Pəri ağlına görə bu hörməti qazana bilib. O,klassik irsə, şifahi xalq ədəbiyyatına yaxşı bələd idi.

1829-cu ildə  görkəmli şərqşünas Adolf Petroviç Berje Azərbaycanı səyahətə çıxarkən, Qarabağda Aşıq Pəri ilə  görüşür. O, Pərinin istedadını və gözəlliyini heyranlıqla təsvir edərək yazırdı: «В Карабахе в деревне Маралиан, на берегу Аракса, Явилась в 1829году  16-ти летняя татарская девица, по имени Ашиг Пери, замечательная не только красотою, но и прекрасным поэтическим дарованием, в особенности даром импровизации. Она вступала в состязание со многими современными поэтами и оставалось всегда победительницею».

Məşhur söz ustadları ilə deyişən Aşıq Pərinin ən yaxın dostu Mirzəcan Mədətov olub. Mirzəcanla dostluq əlaqəsi daha möhkəm olduğundan, onunla olan deyişmələri də daha çoxdur. Azərbaycan dilində təmiz danışan və yazan Mirzəcan Aşıq Pərinin Qarabağdakı şöhrətini eşidərək Tiflisdən Qarabağa gəlir və lirik şeirlərini bu gözəl Azərbaycan şairəsinə təqdim edir.  Mirzəcan Mədətovun ölümündən çox təsirlənən Aşıq Pəri  bu münasibətlə yazdığı

 

Dünya sənin etibarın yox imiş,
Bir xəbər ver, Mirzəcanı neylədin?
Neçə bəylər ilə, neçə xan ilə,
Göftarı xoş əhli-canı neylədin?
şeiri bu gün də yaddaşlardadır.

 


1830-cu ildə Şuşaya köçən  Aşıq Pəri ömrünün sonuna qədər orada yaşayıb. Onun həyatı heç də hamar olmayıbdır. 25 yaşında ikən qurduğu uğursuz ailə taleyi və əri Molla Məhəmmədin Aşıq Pərini bir şair olaraq qəbul etməməyi ailədə problemlər yaradırdı. Hər şeir məclisindən qayıdan Aşıq Pəri ərinin narazılığı ilə rastlaşırdı. Aşıq Pərinin yazılarından onun ruhən nə qədər sarsıldığını görmək olur. Başqa-başqa xasiyyətli adamlar olan Aşıq Pəri ilə əri Məhəmmədin ailə səadəti bu səbəbdən uzun çəkməyib. Bəlkə də bu uğursuz taleyin nəticəsidir ki,  o çox qısa ömür sürüb. Onun yazılarının birində oxuyuruq:                       

 

Molla qoymur qələm alım dəstimə,
Ərzi-halım bəyan edim, neyləyim?

 

deməsi onun ailəsindən narazılığını oxucuya çatdırır.

Azərbaycanın ədəbiyyat tarixinin görkəmli nümayəndələrindən olan böyük alim, Firidun bəy Köçərli(1863-1920) məqalələrindən birində Aşıq Pəri haqqında gözəl fikirlər söyləyibdir. 1903-cü ildə o yazırdı: “Özünün ağıl və istedadı ilə çoxlarında  heyrət doğuran gözəl və gənc şairə Aşıq Pəri o zamankı savadlı, təhsil görmüş ədəbi simaların mərkəzində dayanırdı”.

F. Köçərlinin  araşdırmaları əsasında hazırladığı monoqrafiyasında belə bir yazı yer almışdır. O, yazırdı: Mirzə Həsən “Mirzə” təxəllüs-necə ki, sabiqdə zikr olundu, - Aşıq Pərinin gözəlliyini bu günə tərif etmişdir:

 
Qönçə lətafətli, lalə üzlüsən,
Məstanə baxışlı, xumar gözlüsən,
Şirin hərəkətli, şəkər sözlüsən,
Yoxdur yer üzündə misalın sənin.

 

Aşıq Pəri Mirzəyə xəstə olduğu halda yazdığı namədir ki, burada zikr olunur:

 
Nə yatıbsan lətaf bəstər içində,
Bimarmısan, nədir bəs halın sənin?
Eşqin mərizinə mən də təbibəm,
Bəyan eylə mənə əhvalın sənin”.

 

Gənc bir xanımın kişilərlə deyişmələri təbii ki, molla ərinin xoşuna gələ bilməzdi.  Şuşanın adlı-sanlı şairləri Aşıq Pərini deyişmələrində bağlaya bilmirdilər. Onun Mirzə Həsən bəy Mirzə, Kərbəlayi Abdulla Canızadə, Cəfərqulu xan Nəva, Məhəmməd bəy Aşiq, Mirzəcan Mədətov və s. aşıq və şairlər ilə deyişmələri xüsusilə maraqlı idi.

Aşıq Pəri  çəkdiyi dərdini, əzabını şeirlərinə köçürməklə özündə bir rahatlıq tapırdı. Qısa ömür yaşayan Aşıq Pəri bəlkə də qəlbində olan sevgi hisslərini açmadan, heç kəsə söyləmədən dünyadan köçübdür.

1830-cu ildə Şuşaya köçən Aşıq Pəri ömrünün sonuna qədər orada yaşayıb. Vəfatından sonra qardaşları Kərbəlayi Fərzalı və Mahmud onu öz kəndlərinə gətirərək, Karxulu kəndində torpağa tapşırıblar.

Xurşid banu Natəvan- Qarabağın sonuncu hakimi Mehdiqulu xanın qızı, İbrahimxəlilxan Cavanşirin nəvəsidir. 1830-cu ildə Şuşada anadan olan Xurşid banu Natəvan ilk təhsilini xüsusi müəllimlərdən alaraq ərəb və fars dillərinə mükəmməl yiyələnir. Klassiklərin əsərləri ilə yaxından maraqlanan Natəvan Fizuli məktəbinin davamçılarından hesab edilir. Onun yaradıcılığının müsbət cəhətlərindən biri  odur   ki, o heç bir vaxt nəinki Füzulini,  yüzlərlə qəzəl yazan şairlərin heç birini təqlid etmədən qəzəllər və lirik şeirlər yazıb. Natəvan daim yeniliyilə, müstəqilliyə  can atırdı. O, nəinki məhəbbəti tərənnüm edən yazılara üstünlük verirdi, eyni zamanda həm də xalqın acınacaqlı vəziyyətindən, təbiətin gözəlliyindən və öz şəxsi  kədərindən də yazırdı.


Qoyubdur intizarında, neçin gəlməz, neçin gəlməz?
Həmişə ahu zarında, neçin gəlməz, neçin gəlməz?
Üzüldüm karivanımdan, əl üzdüm xanimanımdan,
Fələk incir fəqanımdan, neçin gəlməz, neçin gəlməz?
Gedibdir qafilə salar, olubdur gözlərim xunbar,
Nə bir yarü, nə bir qəmxar, neçin gəlməz, neçin gəlməz?

 

deyən şairənin məhəbbətdə olan həsrətədən, hicrandan   söz açdığı aydındır. Məhəbbət mövzusu şairənin yaradıcılığında əsas yerlərdən birini tutur.  O əsərlərində müasirlərinin də onun kimi azad və qarşılıqlı məhəbbətdən məhrum olduğunu qələmə alırdı.

      Xurşid banu Natəvan Azərbaycanın mədəni və maarifpərvər qadınlarından biri olub.

O daim yoxsullara kömək edib, Şuşanın abadlaşmasında mühüm işlər görüb. Vaxtı ilə

Şuşaya çəkdirdiyi su kəməri bu gündə məhz onun adı ilə “Xan qızı bulağı” adlanır. Çox

acınacaqlı bir haldır ki, mənfur qonşularımızın torpaqlarımızı işğal etməsi nəticəsində

Azərbaycanın Şuşa kimi gözəl şəhəri düşmənlərin tapdağı altında qalıb.

Natəvanın ailə həyatı uğurlu olmayıb. O çox gənc yaşlarından sevmədiyi halda

dağıstanlı general Xasay xan Usmiyevlə ailə qurmalı olur. Xasay xandan iki övladı var idi. Qızı  Xanbikə və oğlu Mehdiqulu xan hər ikisi şair olub. Oğlu Mehdiqulu xan “Vəfa” təxəllüsü” ilə şeirlər yazıb. 1860-cı ildə  Xasay xan Usmiyevdən ayrıldıqdan sonra  o,  şuşalı Seyid Hüseynlə ailə qurur. Seyid Hüseynlə olan izdivacdan 3 oğlu: Mir Möhsün, Mir Abbas və Mir Həsən dünyaya gəlir. 1885-ci ildə Mir Abbas 17 yaşında ikən vəfat edir. Oğlunun  ölümü onun  yaradıcılığına öz təsirini  göstərir.  Övlad  acısına tab gətirə bilməyən xan qızı ana qəlbinin sonsuz kədərini qəzəllərinə köçürməyə başlayır.  Bu faciədən bərk sarsıntı keçirən Natəvan hamıdan uzaqlaşaraq, tənha həyat keçirir və  uzun müddət xəstə yatır.  1897-ci ildə dünyasını dəyişən  Natəvan,  Ağdamda “İmarət” adlı yerdə dəfn olunubdur.

Natavanın bir çox qohumları da şairlik istedadı ilə tanınmışlar. Bibisi-Ağa bəyim Ağa, əmisi Nəva, dayıları Hali və Müsahibin adları ədəbiyyatda yaxşı tanınır. Natəvanın gənc yaşlarından ədəbiyyat və incəsənətə böyük marağı olub. O dövrünün istedadlı şairi olmaqla bərabər həm də gözəl rəssam idi. Onun həyatını bütünlüklə əsərlərindən görmək mümkündür. Əsərlərinin rəngarəngliyi, təkrarsızlığı, dilinin sadəliyi diqqəti cəlb edərək, xalq  tərəfindən yülksək dəyərləndirilmişdir. Təsadüfi deyildir ki, XIX əsrin sonları, XX əsrin əvvəllərində Xurşid banu Natəvana əlliyə yaxın şeirlər həsr edilibdir. Natəvan təkcə Qarabağda deyil, Azərbaycanın bütün bölgələrində, hətta uzaqlarda belə tanınırdı. XIX əsrin 60-cı illərində fransız yazıçısı Aleksandr Düma Qafqaza səyahətə çıxaraq Qarabağa gəlir, orada xan qızı Natəvanla görüşür və onun əl işlərindən hədiyyə alaraq öz ölkəsinə aparır.

Natəvan yaradıcılığında olduğca çalışqan fəaliyyət göstərmişdir. O, 1864-cü ildə görkəmli şairlərdən Mirzə Rəhim Fənanın təşəbbüsü ilə təşkil olunmuş “Məclisi-üns” şeir məclisini  1872-ci ildə hamiliyə görürərək, məclis üzvlərinin sayını 30-a çatdırır. O dövrdə bir neçə belə məclislər təşkil edilirdi ki, onların da ən məşhuru Natəvanın rəhbərlik etdiyi “Məclisi-üns” şeir məclisi olub. Natəvanın qəzəlləri dillər əzbərini idi. O ətrafına təkcə Qarabağ şairlərini deyil,  Azərbaycanın hər tərəfindən şairlər  dəvət edir və Bakı, Şamaxı kimi böyük şəhrlərdə də belə məclislərin yaranmasına səbəb olurdu. Bütün ədəbi  məclislərdə onun əsərləri müzakirə olunurdu. Təbiətin vurğunu olan Natəvan təbiətə, gülə, çiçəyə şeirlər həsr etmişdir ki, bu günümüzdə də onlar aktuallığını saxlamaqdadır.

 

Fələk rənginə bənzər bu bənəfşə,
Tutub səhraları hər su bənəfşə.
Neçin gülşənlərin tərkin qılırsan,
Düşübsən çöllərə dilcu, bənəfşə?

 

və yaxud

 
Səni kimdir sevən bica, qərənfil?
Sənə mən aşiqi-şeyda qərənfil.
Səni gülşən ara aşiftə gördüm,
Yəqin bildim tutub sevda, qərənfil .

 

Güllərin dili ilə sevgi, məhəbbəti anladan şairə ürəyindəkiləri belə izah edirdi. Azərbaycanın görkəmli yazıçısı Əzizə xanım Cəfərzadənin qadınlarımıza həsr etdiyi “Azərbaycanın aşıq şair və qadınları” kitabından maraqlı bir yazını nəzərinizə çatdırıram. Xurşid banu Natəvanın nəvəsi  Sənubər xanımın xatırladığına görə Natəvan, bənövşəni çox sevərmiş və ölərkən qəbri ətrafında bənövşə güllərinin əkilməsini qızı  Xanbikədən xahiş edibmiş.

        Xurşid banu Natəvanın  bir sıra məşhur qəzəlləri  vardır ki, bir çox şairlər onun qəzəlllərindən bəhrələnərək, onu təqlidən qəzəllər yazmışlar.  Məsələn: “Ölürəm”, “Ağlaram”, “Ağlasın” və s. qəzəlllər bu qəbildəndir.

       Fatimə xanım Kəminə - (1840-1842-ci illərdə)  qədim torpağımız Qarabağın dilbər güşəsi Şuşada anadan olubdur. O, Azərbaycan ədəbiyyatı tarixində qadın   şairələr   içərisində özünəməxsus yerlərdən birini tutur. Fatimə xanım Kəminə öz gözəl, maraqlı qələmi ilə  müasirləri arasında seçilən şairələrdəndir. Onun yaradıcılığı haqqında böyük pedaqoq və  ədəbiyyatşünas alim Firidun bəy Köçərli tərəfindən araşdırmalar aparılmış və “Azərbaycan ədəbiyyatı” adlı ikicildlik əsərində məlumat verilmişdir. Bir çox mənbələrdə Fatimə xanımım adı Fatma yazılır, lakin Firidun bəy Köçərlinin ilk mənbə kimi əsərində bu xanımın adı Fatimə xanım Kəminə olaraq qeyd edilir.

 F.b.Köçərlinin  Azərbaycan ədəbiyyatı” adlı əsərində bir çox klassiklərin  həyat və yaradıcılıqları haqqında Azərbaycan oxucusuna dəyərli məlumat verilib.  Kitabda Azərbaycanın dahi klassikləri ilə  ilə birlikdə Fatimə xanım Kəminənin adının çəkilməsi yaşadığı dövrdə  onun nə qədər böyük hörmətə layiq olduğunun, əsərlərinin dillər əzbəri olaraq diqqət çəkdiyinin təazahürüdür. F. b. Köçərli Fatimə xanım Kəminəni “nadireyi-zəmanə” adlandıraraq onun yaradıcılığına yüksək qiymət veribdir.

Fatimə xanım Kəminə müasirləri içərisində sayılıb-seçilən və “Qarabağın üçüncü şaireyi-möhtərəməsi” hesab edilir. Qarabağın yetirdiyi ondan ziyadə şairələr içərisində Xurşid banu Natəvan və Fatimə xanım Kəminənin adı xüsusi olaraq qeyd olunur. Onun adı XIX əsr təzkirəçiləri və XX əsr ədəbiyyat tədqiqiatçıları tərəfindən xüsusi hörmətlə qeyd olunur.

Fatimə xanım Kəminə Azərbaycan ədəbiyyatında Fəna təxəllisü ilə tanınan Ağa Mirzə  Bəybabanın qızıdır.  O, türk və fars dilində mükəmməl savada yiyələnmiş və hər iki dildə gözəl qəzəllər yazırdı.  Fatimə xanım Kəminə fitri istedadı, ağlı, kamalı ilə az zaman içərisində məşhurlaşa bilibdir. Onun beş yüzə yaxın şeir və qəzəlləri bu günümüzə qədər gəlib çıxıb. Fatimə xanım Kəminənin qəzəllərinin əsasını sevgi motivləri təşkil edir.                               

 
Düşər könlüm, əzizim, qanə sənsiz,
Gəlir şamü səhər əfğanə sənsiz.
Səninlə duzəxin narına yannam,
Behşitdə baxmazam qılmanə sənsiz.
Edən abad memari-vüsalın,
Olubdur hicrdə viranə sənsiz.

 

və yaxud: 

 

 
Cövri rəqib, sərzənişi-əhli-ruzigar
Qoymaz qılam bu dərdi-dili aşikar.
İşrətsərayi-könlümü, ey yari-tündxu,
Hər dəm cəfavü qəhr ilə etmə tarmar.

 

Fatimə xanım Kəminənin qəzəlləri biri-birindən gözəldir. Böyük hörmət və mənsəb sahib olan Fatimə xanım hələ kiçik yaşlarından müasirlərinin rəğbətini qazanaraq şöhrətlənə bilib. Hətta savadlı olmağını nəzərə alaraq ona “mirzə” ləqəbi verilib  və  ona  “Mirzə Fatimə xanım” deyə müraciət edilirdi. Mirzə o dövrdə hörmət mənasında savadlı, ziyalı şəxslərə deyilib. Hətta Fatimə xanım Kəminəyə Şərqin Məhsəti, Nigar xanım, Nuricahan bəyim, Ayişə, Teyyubə kimi xanım şairələr içərisində fəxri yer də verilibdir. Onun qəzəlləri az zaman içərisində sevilərək dillər əzbərinə çevrilib.

Əgər nəzərə alınsa ki, onun yaşadığı dövr ağır qayda-qanunların, nadanlığın, cəhalətin və mövhumatın hökm sürdüyü bir vaxta təsadüf edir, belə bir şəraitdə qadının açıq fikir söyləməsi və bu qəzəllərin geniş xalq kütlələrinin dilinin əzbərinə çevrilməsi o qədər də asan olmayıbdır.

 
 
Əcəb sevdadı bu, sevdayə düşdüm,
Rəhi-eşqin tutub, qovğayə düşdüm.
Nə dünyada gəzib kamə irişdim,
Nə fikri-yar ol üqbaya düşdüm.
Rəhi eşqini əvvəl səhl sandım,
Vəli, axırda ahü vayə düşdüm.
Sorağı-buyi-zülfini səbadan
Eşitdim, ta belə səhrayə düşdüm.

 

İstər Fatimə xanım Kəminə və istərsə də onun timsalında digər Azərbaycan qadın şairələrinin qorxmadan  azad fikir söyləməsi Azərbaycan qadınlarının mübarizliyinin, açıqfikirli olmasının  göstəricisidir. Onlar sübut etmişlər ki, zəmanə bəhanədir hər əzaba qatlaşan Azərbaycan qadınları yeri gələndə sözlərini lazımınca ifadə etməyi də bacarırlar.

 

Ey dil, rəva deyil ki, mən əğyarə yalvarım,
Sən rəhnümalıq eylə, gedim yarə yalvarım.
 

Mənbələrə istinadən deyə bilərik ki, Fatimə xanım Kəminənin zahiri gözəlliyi ilə batini gözəlliyi uyğunluq təşkil edibdir. Pak əxlaqlı, nurani siması olan Kəminə xanımın əsərlərinin dövrünün bir çox tanınmış şairlərinin əsərlərindən yüksək tuturdular. Gözəl ailə tərbiyəsi almış bu xanım həddindən ziyadə xoşrəftar, zərif, mülayim xasiyyətli və mədəni olubdur. Fatimə xanım Kəminənin  1898-ci il payız aylarında  Şuşada vəfat etməsi bütün Qarabağda böyük yasa çevrilmişdi. Bu itki  Qarabağın şair və maarifpərvərləri üçün ağır itki hesab edilirdi.      

 

Azərbaycan Respublikası Prezidentinin  İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin 

aparıcı məsləhətçi, şöbə müdiri Pərixanım Mikayılqızı

   1612 dəfə baxılıb