Azərbaycan XX əsrin sonlarının fundamental transformasiya prosesləri şəraitində Ümummilli Lider Heydər Əliyevin strateji kursu sayəsində dinamik inkişaf edən dövlətə çevrilmişdir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 2010-cu ildə Azərbaycanda keçid dövrünün başa çatdığını təntənəli surətdə elan etmiş və ölkəmizin yaxın perspektiv hədəfini belə müəyyənləşdirmişdir: “Biz inkişaf etmiş ölkələrin sırasına daxil olmalıyıq” [1].
Nazirlər Kabinetinin 2015-ci il iyul ayının 13-də keçirilmiş ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı çıxışında Prezident İlham Əliyev ölkəmizin uğurla inkişaf etdiyini vurğulamışdır. O qeyd etmişdir ki, neftin qiyməti aşağı səviyyədə olmasına baxmayaraq, altı ay ərzində iqtisadiyyatımız inkişaf edərək 5,7 faiz artmışdır; qeyri-neft sektorunda artım 9,2 faiz, sənaye istehsalında isə təxminən 4 faiz təşkil etmişdir: “Bu da son illərdə sənayeləşmə, yeni sənaye zonalarının yaradılması ilə bağlı görülmüş işlərin, tədbirlərin nəticəsidir”.
Azərbaycan rəhbərliyi nəşr etdirdiyi “Azərbaycan – 2020: Gələcəyə baxış” inkişaf konsepsiyasında ölkəmiz qarşısında həlli vacib olan vəzifələri açıqlamışdır. Azərbaycan Respublikasının qarşısında duran əsas məsələ kimi “dünya ölkələrinin inkişaf sürəti ilə müqayisədə geriliyə yol verməmək” vəzifəsi göstərilmişdir. Bu isə “ilk növbədə... orta və uzunmüddətli perspektivdə dünya iqtisadiyyatının xammal əlavəsinə və texnoloji “autsayderə” çevrilmək təhlükəsinin qarşısını almaq kimi mühüm məsələnin daim diqqət mərkəzində saxlanılmasını tələb edir. Karbohidrogen ixracı amili son onillikdə iqtisadi artımın əsas aparıcı qüvvəsi olsa da, hazırkı mərhələdə qarşıda duran əsas vəzifə qeyri-neft sektorunun daha sürətli inkişafına nail olmaq, iqtisadiyyatın səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq və onun innovasiya əsaslı irəliləyişini təmin etməkdir. Bu isə o deməkdir ki, artıq indidən ənənəvi iqtisadiyyatdan “bilik iqtisadiyyatına” keçidin əsası qoyulmalı, bunun üçün həlledici olan insan kapitalının adekvat inkişafı ön plana çəkilməlidir” [2, 7-8].
Beləliklə, biliklərə əsaslanan innovasiya səciyyəli iqtisadiyyatın formalaşması ümumdövlət əhəmiyyətli prioritet vəzifə kimi müəyyən edilmişdir. Bu cür mövqe qlobal trendə xasdır; sonuncusuna görə, qloballaşan dünyamızda innovasiyalar iqtisadi yüksəlişin amillərindən birinə çevrilmişdir. İnnovasiya proseslərinin daim artırılması iqtisadi həyat fəaliyyətinin bütün sferalarını köklü surətdə dəyişdirir. Cəmiyyətdə elmin və innovasiyaların yeni sintezi təşəkkül tapır ki, o da sistemli və mütəşəkkil tərəqqiyə yol açır [3, 267].
Bütün bunlar XX əsrin 70-ci illərində gedən SSRİ-də gedən elmi-texniki inqilabın (ETİ) təcrübəsini öyrənmək zərurətini doğurur. Yaxın keçmişin təcrübəsi müasir şəraitdə taleyüklü transformasiya proseslərini yaşayan və beynəlxalq iqtisadi sistemdə öz yerini tapmağa çalışan ölkəmiz üçün önəmli nəzəri və əməli resurs kimi çıxış edir. Qeyd olunanlar bunu söyləməyə əsas verir ki, Azərbaycan özünün strateji inkişaf yolunu müəyyənləşdirərkən, o cümlədən rəqabətə qabil iqtisadi model formalaşdırarkən həm dövlətin modernizasiya proseslərində dominant rolunu nəzərdə tutan sovet təcrübəsini, həm də özəl təşəbbüsə söykənən Qərb təcrübəsini əxz edə bilər.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan rəhbərliyinə 14 iyul 1969-cu ildə, çətin bir dövrdə gəlmişdi. Bu tarix Azərbaycan üçün dönüş nöqtəsi oldu. Ölkə rəhbəri respublikada nəhəng dəyişikliklərə şərait yaratmış mühüm qərarların qəbuluna nail oldu. 1970-ci illərin Azərbaycan üçün epoxal önəmə malik bir dövr olduğunu konstatasiya etməliyik. Məhz o zaman Sovetlər Birliyinin digər respublikaları arasında sosial-iqtisadi inkişafın autsayderi olan respublikamız gerçəkdən nəhəng sıçrayışa nail oldu. Belə bir reallıq nəzərə alınmalıdır ki, əgər 1970-ci illər SSRİ iqtisadiyyatının artım sürətinin bir qədər aşağı düşməsi ilə əlamətdar olmuşdusa da, Azərbaycan SSR o illərdə xalq təsərrüfatının bütün sahələrində öz tarixində görünməmiş artım templəri nümayiş etdirmişdi. Azərbaycan iqtisadiyyatı nümunəsində hətta sadəcə artımdan deyil, əsl iqtisadi inkişafdan danışmaq məqsədəuyğundur.
Görkəmli iqtisadçı və sosioloq Yozef Şumpeterə görə, iqtisadi artım kəmiyyət dəyişiklikləridir, iqtisadi inkişaf isə hər şeydən öncə, əvvəllər bəlli olmayan nə isə yeni bir şeyin, təbiri caizsə, innovasiyanın meydana gəlməsidir. Başqa sözlə, inkişaf artıma yönəlmiş olumlu keyfiyyət dəyişiklikləridir [4, 154-161]. Əgər Şumpeterin tərifi ilə razılaşsaq, etiraf etməliyik ki, 1970-ci illərdə Azərbaycan iqtisadiyyatında dəyişikliklərin səciyyəsi fundamental xassəli keyfiyyət dəyişmələrindən xəbər verir. Bu zaman Heydər Əliyevin yorulmaz fəaliyyəti sayəsində dövlətçilik resursunun artması baş verirdi.
Ulu Öndər Heydər Əliyev artıq müstəqillik əldə edildikdən sonra respublikanın XX əsrin 70-80-ci illərinin əvvəllərindəki inkişafını belə dəyərləndirirdi: “1970-1985-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Baş verən dəyişikliklərin miqyasına, iqtisadi və sosial sahələrdə aparılan dərin struktur islahatlarının xarakterinə, xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçirilməsinə görə doqquzuncu, onuncu və on birinci beşilliklər Azərbaycanın yeni tarixində ən mühüm yerləri tutur...” [5, 145].
Heydər Əliyevin həyatı haqqında bioqrafik romanın müəllifi olan E.Axundovanın qeyd etdiyi kimi, 1969-cu ilə kimi “ümumittifaq plenumlarında və müşavirələrində respublikanın adını hər zaman geridəqalmışlar sırasında çəkir, nümunə göstərəndə də mənfi planda göstərirdilər” [6, 20].
1971-1975-ci illər, həqiqətən də, Azərbaycanın sosial-iqtisadi inkişafında dönüş yaratdı. Bu illər çatışmazlıqların aradan qaldırılması, sürəkli geri qalmanın ləğv edilməsi, xalq təsərrüfatının coşqun yüksəlişi dönəmi idi. Respublika rəhbərinin sərrast təbirincə, “Azərbaycanın tarixində görünməmiş yüksək inkişaf sürətinə nail olunmuşdu. Müharibədən sonrakı illərdə ilk dəfə olaraq beşillik plan bütün əsas göstəricilərinə görə vaxtından əvvəl yerinə yetirilmişdi” [7, 9]. Bu illərdə milli gəlir artımı 1,6 dəfə, sənaye məhsulunun artımı isə 2 dəfə səkkizinci beşilliyin müvafiq artımlarını üstələmişdi.
Bu illərdə elmi-texniki tərəqqini müəyyən edən sənaye sahələrinin, o cümlədən elektrik energetikasının, maşınqayırmanın, kimya və neft-kimyanın sürətli inkişafını təmin etmək mümkün oldu, istehsalın ümumi həcmində onların pay çəkisi yüksəldi. Sənaye istehsalının ümumi həcmində maşınqayırma və metal emalının, kimya sənayesinin payı 18,2%-dən 20,9%-dək artdı, istehsalın effektivlik göstəriciləri nəzərəçarpacaq dərəcədə yaxşılaşdı [8, 148]. Qeyd etmək lazımdır ki, Azərbaycan SSR özünün əsas makroiqtisadi göstəricilərinə görə SSRİ-nin orta statistik səviyyəsini ötüb keçdi. Bütövlükdə isə ittifaq miqyasında Azərbaycan SSR-də sənaye məhsulunun həcmi 1970-1985-ci illərdə 2,9 dəfə artmışdı; onun artım tempinə görə, respublikamız yalnız cüzi fərqlə Belarusdan geri qalaraq, ikinci yeri tutmuşdu [9, 120-124, 243].
Bu illərdə respublikanın xalq təsərrüfatı nəinki kəmiyyət, eyni zamanda keyfiyyət dəyişikliklərinə məruz qalmışdı. XX əsrin 70-ci illərinin ikinci yarısında sənayenin strukturunda ciddi dəyişikliklər baş vermiş, maşınqayırmanın yeni sahələri – avtomobilqayırma, yüngül və yeyinti sənayesi maşınqayırması, elektron sənayesi yaranmışdı. İnkişaf planlarına daha effektiv texnika və texnologiyaların tətbiqinin genişləndirilməsi, maşın sistemləri və avadanlıq komplekslərinin istehsalının yaradılmasını və mənimsənilməsini, məmulatların yeni mütərəqqi növlərinin buraxılışının artırılmasını nəzərdə tutan xüsusi bölmənin təşkili daxil edilmişdi. Heydər Əliyevin qeyd etdiyi kimi, elmi-texniki tərəqqini müəyyənləşdirən sənaye sahələrinin qabaqlayıcı inkişafına xüsusi diqqət yetirilmişdi [10, 14, 18].
Ümummilli Lider çıxışlarında respublika iqtisadiyyatının keyfiyyətcə yeni duruma keçidi probleminə daim toxunurdu. O deyirdi: “Biz respublika xalq təsərrüfatının inkişafının keyfiyyətcə yeni mərhələsinə çıxmışıq... İqtisadiyyatın artım sürətinin... inkişafında əsaslı dönüş yaradılması vəzifəsi qoyulmuş və müvəffəqiyyətlə həll edilmiş, indi biz onun ən qabaqcıl, mütərəqqi və perspektivli sahələrinin keyfiyyətcə inkişafı vəzifələrini həll edə bilərik” [7, 6, 7].
Heydər Əliyevin o illərə aid mətnlərində gedən “elmi-texniki tərəqqi”, “texniki (texnoloji) yenidən təchizat”, “yenidən qurma”, “modernləşmə” kimi anlayışlar xüsusi olaraq diqqəti çəkir. 1976-cı ilin oktyabr ayında məruzə ilə çıxış edən Ümummilli Lider demişdir: “Mahiyyət etibarilə, biz Azərbaycanın inkişafının sosial, iqtisadi, elmi-texniki dəyişiklər səciyyəsinə görə həqiqətən tarixi əhəmiyyətə malik keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm basırıq” [7, 10-11, 20].
Beləliklə, məruzədə söhbət məhz inkişafdan, yəni daha geniş təfsirdə cəmiyyəti keyfiyyətcə yeni duruma aparan tərəqqidən gedirdi. Faktiki olaraq, Heydər Əliyev diskursunda industrial cəmiyyətin keyfiyyət etibarı ilə yeni mərhələsi haqqında təsəvvürlər görünməkdədir; bu mərhələni biz “yeni industrial cəmiyyət” deyə səciyyələndiririk. Sonrakı illərdə də respublikada aparılan struktur dəyişiklikləri, elmi-texniki tərəqqini müəyyən edən mütərəqqi sahələrin istehsalının genişləndirilməsi, istehsalın intensiv tipinə keçidi, istehsalat proseslərinin texniki rekonstruksiyası və modernləşdirilməsini nəzərdə tuturdu. Artıq 1976-1980-ci illərdə milli gəlir planla nəzərdə tutulmuş 32% əvəzinə 44% çoxalmışdı [11, 12-13].
Azərbaycan iqtisadiyyatının müsbət dinamikası sonrakı illərdə də davam edirdi. 1982-ci ilin oktyabrında Ümummilli Lider ölkədə baş verən iqtisadi inkişafı göstərirdi: “Yekunlara görə, milli gəlir tapşırıqla nəzərdə tutulmuş 8% əvəzinə, 13,1% artmışdır” [12, 10].
Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə iqtisadiyyatın intensivləşdirilməsinə böyük diqqət yetirir və onu sənayenin yeni inkişaf mərhələsində strateji məqsədlərdən biri hesab edirdi. Onun tərəfindən sənaye strukturunun təkmilləşdirilməsi bu məqsədə çatmağın mühüm istiqamətlərindən biri kimi qavranılırdı. Strukturun təkmilləşdirilməsi dedikdə isə elmi-texniki tərəqqinin nailiyyətlərini istehsalata tətbiq etməyi nəzərdə tuturdu.
Ulu Öndər xalq təsərrüfatı kompleksinin modernləşdirilməsi və texniki cəhətdən yenidən təchizat prosesində maddi, sosial, idarəçilik amillərlə yanaşı, mənəvi amilləri də əsas götürürdü. O hesab edirdi ki, inkişaf və tərəqqi azsaylı insanın nəsibi olmamalıdır.
Gətirilən faktlar, statistik məlumatlar göstərilən müddət ərzində görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyilə Azərbaycanın xalq təsərərrüfatının sosial-iqtisadi inkişafında gerçəkləşdirdiyi nəhəng sıçrayışı əyani şəkildə nümayiş etdirir. Ümummilli Lider sonralar qlobal iqtisadi sistemdə hakim olan təmayülləri bəsirətlə müəyyən etmişdi. Gətirilmiş bilgilərə onu da əlavə edərdik ki, 1969-1982-ci illər ərzində respublikanın ümumi daxili gəlirində elmtutumlu, texnoloji məmulatların payı 0,2%-dən 26%-ə çatdırılmışdı [13, 122].
Məhz Heydər Əliyevin dövlətçilik fəaliyyətində səriştəlilik, icadçılıq, məsuliyyətlilik fenomenal şəkildə üzə çıxmışdı. H.Əliyev nəinki ensiklopedik biliklərə malik strateji təfəkkür və analitik zəka sahibi idi, onun heç də az əhəmiyyəti olmayan daha bir keyfiyyəti – intuisiyası var idi. Məhz intuisiya, fəhm, “sezgi” bəzən məntiqi əqli nəticələrin çalışmadığı bir şəraitdə qeyri-adi qərarlar qəbul etməyə imkan verirdi.
Azərbaycanın iqtisadiyyatı və sosial strukturunda baş vermiş dəyişikliklərin xarakteri bizə bunu qeyd etməyə əsas verir ki, məhz XX əsrin 70-80-ci illərin əvvəllərində Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dönəmdə respublikada yeni sosial-iqtisadi situasiyanın konturları aşkara çıxmaqda idi; onun əhəmiyyətli xüsusiyyətləri kimi elmi tutumluluq və innovasiyaların texnoloji yönümlülük amilləri üstünlük təşkil edirdi. Bu səbəbdən Ümummilli Liderin fəaliyyəti etatist modernləşmə kontekstində keyfiyyətcə yeni mərhələ kimi təsnif edilə bilər.
Ədəbiyyat
1.İlham Əliyev Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimdə iştirak etmişdir // http://az.president.az/articles/640
2.Azərbaycan–2020: Gələcəyə baxış” inkişaf konsepsiyası // http://www.president.az/files/future_az.pdf
3.Белл Д. Грядущее постиндустриальное общество. Опыт социального прогнозирования/Перевод с английского. Изд. 2-ое, испр. и доп. — М.: Academia, 2004, 940 c.
4.Шумпетер Й. Теория экономического развития. М.:Прогресс, 1982, 455 с.
5.Əliyev H. Müstəqilliyimiz əbədidir. Otuz birinci kitab (noyabr, 2010 – yanvar 2001). Bakı, Azərnəşr, 2010, 512 s.
6.Ахундова Э. Гейдар Алиев. Личность и эпоха. Ч. II. (1969-1982). Баку, «Озан», 2007, 840 с.
7.О задачах партийной организации республики по выполнению Постановления ЦК КПСС «О результатах рассмотрения предложений ЦК Компартии Азербайджана по развитию отдельных отраслей промышленности республики в 1976-1980 гг.». Материалы пленума ЦК КП Азербайджана от 18 октября 1976 г. Доклад кандидата Политбюро ЦК КПСС, первого секретаря ЦК Компартии Азербайджана товарища Г.А.Алиева. Баку, Азернешр, 1976.
8.Самедзаде З.А. Структура и эффективность общественного производства (на материалах Азербайджанской ССР). Баку, Издательство Элм, 1980, 208 s.
9.Nadirov A.A. Müstəqil Azərbaycan iqtisadiyyatının inkişaf mərhələləri. Bakı, Elm, 2001, 452 s.
О задачах партийной организации республики, вытекающих из решений Октябрьского (1976 г.) Пленума ЦК КПСС и речи Генерального Секретаря ЦК товарища Л.И.Брежнева. Доклад кандидата Политбюро ЦК КПСС, первого секретаря ЦК Компартии Азербайджана товарища Г.А.Алиева. Баку, Азернешр, 1976, 57 c.
10.Алиев Г.А. Отчет Центрального Комитета КП Азербайджана XXX съезду Коммунистической Партии Азербайджана. Доклад 28 января 1981 года. Баку, Азернешр, 1981
12.Алиев Г.А. Доклад на пленуме ЦК Компартии Азербайджана 22 октября 1982 г. Баку, Азернешр, 1982.
13.Abbasov Əli. Azərbaycan iqtisadiyyatının inkişafında Heydər Əliyev mərhələsi // Xalqın böyük xilaskarı. H.Əliyevin 32 illik rəhbərlik dövrünə və Azərbaycanın müstəqilliyinin 10 illiyinə həsr olunmuş elmi-nəzəri konfransın materialları. Bakı, 2001.