26 İYUN AZƏRBAYCAN RESPUBLİKASININ SİLAHLI QÜVVƏLƏR GÜNÜDÜR
A+   A-

26 İYUN AZƏRBAYCAN RESPUBLİKASININ SİLAHLI QÜVVƏLƏR GÜNÜDÜR

     Azərbaycan Xalq Cumhuriyyəti Hökuməti qarşısında duran başlıca vəzifələrdən biri ölkənin müdafiəsinin və ərazi bütövlüyünün təmin edilməsi idi. Ölkədə yaranmış son dərəcə ağır hərbi-siyasi  şərait bunu tələb edirdi və Cumhuriyyətin elan edilməsinin elə ilk günlərindən həmin vəzifənin həlli istiqamətində lazımi addımların atılmasına başlandı. Hələ müstəqilliyin elan edilməsi ərəfəsində formalaşdırılmasına başlanmış Müsəlman korpusunun hissə və bölmələri də bu işə cəlb edildilər. Yeni yaradılacaq ordunun əsasını Müsəlman korpusu təşkil edirdi. Ordu quruculuğuna rəhbərlik ücün ilk Hökumət kabinəsinin tərkibində Hərbi Nazirlik də nəzərdə tutulmuş və Xosrov Paşabəy Sultanov hərbi nazir təsdiq edilmişdi. Lakin bu kabinənin buraxılması ilə hərbi nazir vəzifəsi də ləğv edilmiş və Azərbaycanda ordu quruculuğu prossesinə rəhbərlik Hökumətin qərarı ilə Qafqaz İslam Ordusunun komandanı Nuru paşaya həvalə olunmuşdu. Hökumət strukturunda isə Qafqaz İslam Ordusu komandanlığı ilə əlaqələri nizamlayacaq hərbi işlər üzrə baş müvəkkil vəzifəsi təsis olunmuş və İsmayıl xan Ziyadxanov  bu  vəzifəyə  təsdiq edilmişdi. 1918-ci il iyunun 26-da Hökumətin qərarı ilə Müsəlman korpusu Əlahiddə Azərbaycan korpusu adlandırıldı və onun ştat cədvəlində qismən dəyişiklik edildi. General-leytenant Əlağa Şıxlinski korpusun komandiri kimi vəzifəsini yenə də davam etdirdi.

Ordu quruculuğunun ilkin mərhələsi S.Şaumyanın başçılıq etdiyi Bakı Komissarlığı daşnak-bolşevik hərbi qüvvələrinin Gəncə istiqamətində fəal döyüş əməliyyatlarına başlaması ilə bir vaxta düşdüyündən ciddi çətinliklərlə qarşılaşdı. Çünki yeni qoşun hissələrinin formalaşdırılması, çağırış və  təchizat işlərinin yaxşılaşdırılması gərgin döyüşlərin aparılması ilə eyni vaxta düşmüşdü. Buna görə də Nuru Paşanın başçılıq etdiyi türk hərbi qüvvələri Azərbaycanı tərk edəndə Cumhuriyyət ordusu zəruri döyüş  hazırlığı  səviyyəsinə malik deyildi. 1918-ci il noyabrın  1-də Hərbi Nazirliyin yenidən bərpa edilməsi qərara alındı. Hökumətin qarşısında duran tarixi vəzifələrin həllində bu struktura çox böyük əhəmiyyət verildiyi üçün ilk vaxtlar ona rəhbərliyi Nazirlər Şurasının sədri Fətəli xan Xoyski öz üzərinə götürdü. Nazir müavini isə tam artilleriya generalı Səməd bəy Mehmandarov təyin edildi və nazirliyin formalaşdırılması ona tapşırıldı.

1918-ci il noyabrın 22-də Hərbi Nazirlik Gəncəyə köçürüldü. Ordu quruculuğunda müsbət dəyişikliklər baş verdikcə mövcud idarəetmə strukturları da təkmilləşdirilirdi. Hərbi nazirin 1918-ci il 31 dekabr tarixli 40 saylı əmrilə Ümumi qərargahın tərkibindəki topçu şöbəsinin əsasında Topçu  idarəsi  yaradıldı.

   Milli hərbi kadrların hazırlanması üçün tədbirlər həyata keçirildi. Gəncədə fəaliyyətə başlamış milli hərbiyyə (pod-praporşiklər) məktəbinin fəaliyyəti yenidən quruldu və onun statusu artırılaraq praporşiklər məktəbinə çevrildi. 1919 ilin sonunda isə praporşiklər  məktəbinin bazasında Hərbiyyə məktəbi açılldı. Bundan başqa, milli hərbi kadrlar hazırlayan İstehkamçılar, Hərbi dəmiryolçular və Hərbi feldşer məktəbləri də yaradıldı.

  Azərbaycandakı ingilis qüvvələrinin komandanlığı 1919-cu il aprelin əvvəllərində milli qoşun hissəlirinin azsaylı kontingentinin Bakıda da yerləşdirilməsinə icazə verdi. Hərbi nazirin əmri ilə Bakıda yerləşəcək hissə və bölmələr dəqiqləşdirildi. Bu qüvvələrə bir piyada taboru, 400 nəfərlik süvari və bir topçu batareyası daxil idi. Aprelin 5-də həmin qüvvələr Bakıya daxil oldu və Salyan  kazarmalarında yerləşdirildi. Milli ordu hissələri 1919-cu il noyabrın 3-dən 7-dək, 1-ci piyada diviziyasının hissələrindən təşkil edilmiş Zəngəzur ekspedisiyasının tərkibində erməni  qüvvələrinə qarşı  döyüş tapşırığını yerinə yetirdilər.

     1920 ilin mart ayında bu qüvvələr bütünlüklə Qarabağ əməliyyatına və Ermənistanla sərhəd xəttində irimiqyaslı erməni təcavüzünə qarşı  mübarizəyə səfərbər olundular. Nəticədə, şimal sərhədinin müdafiə sisteminin  zəifləməsi bolşevik  işğalı  üçün daha əlverişli  şərait  yaratdı. Azərbaycan  Xalq  Cumhuriyyətinin süqutu ilə ölkənin müstəqilliyinə və Milli mənafeyinə xidmət edən ordu  quruculuğu  yarımçıq   qaldı.  

   Sovetlər   İttifaqnın   qurulması   ilə  talanmış  baza  yalnız   Heydər  Əliyevin   Azərbaycan KP  MK birinci   katibi vəzifəsində  olduğu vaxtdan dirçəlməyə başladı. Buna bariz nümunə Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılmasıdır. Hansı ki, bu gün Azərbaycan hərbisində xüsusi mövqeyə malikdir. Uzaqgörən siyasəti ilə seçilən Heydər Əliyev bu  məktəbin yaranması  və  inkişafını  mərhələli  şəkildə  həyata  keçirmişdir.

     1971-ci il 26 iyun Azərbaycan KP  Mərkəzi Komitəsinin qərarı ilə (prot.№15,§14) Zığ qəsəbəsində yerləşən 2 nömrəli 8 illik məktəb-internat mahiyyətini dəyişərək xüsusi orta təhsilli məktəb-internata çevrilir. Burada hərbi məktəblərə daxil olmaq üçün kontingentin hazırlanması nəzərdə tutulur. İlk tədris illəri üçün şagird sayı 70 nəfər idi. Məktəbin bütün maliyyə xərcləri dövlət büdcəsindən ödənilirdi (ARPİİ  SSA,  f. 1, siyahı 58. iş 113. vər.191).

    1972-ci il  oktyabr  24-də (prot.№73, § 7) Azərbaycan KP MK-nin Bürosunda həmin xüsusi məktəb-internatın  işi barədə məsələyə yenidən baxılaraq  qərara alınmışdır  ki, 220 şagird sayını  410-a qaldırmaq  və  yaxın gələcəkdə  bu rəqəmin 445-dək olması,  şagirdlərə xüsusi hərbi formanın tikilməsi, hərbi təlimlər üçün yeni kabinetlərin təşkil olunması, tərbiyəçi-hərbi rəhbər ştatının açılması, məktəbin ixtiyarına 4 avtomaşının verilsın və s. (ARPİİ SSA , f. 1, siy. 59, iş 91. vər. 66,70,71).

1976-cı ilin 20 aprel tarixində birdə bu məsələ Büroda  müzakirə olmuşdur  (prot.№5,§ 10) və C.Naxçıvanski adına Respublika Xüsusiləşdirilmiş orta ümumtəhsil məktəb-internatının fəaliyyətinin yaxşılaşdırılması məqsədilə tərbiyəçi-müəllimlərin sosial şəraitini yaxşılaşdırmaq, onları yaşayış evləri ilə təmin etmək nəzərdə  tutulmuşdur. (ARPİİ SSA, f.1, siy.63, iş 43, vər. 150-153).

Azərbaycan KP MK-nin l981-ci il 18 iyun (prot.№ l5, §8) qərarında isə məktəbin 10 illiyi ilə bağlı işlərin görülməsi və maddi-texiniki bazasınm möhkəmlənməsi nəzərda tutulmuşdur (ARPİİ  SSA,  f. 1. Siy. 68. iş 90 vər. 122).

Bütün bu illər ərzində məktəbin inkişafı üçün görülən işlər yalnız Heydər  Əliyevin diqqəti və səyi nəticəsində olmuşdur. Bu məktəbin yetirmələri bu günki vahid Azərbaycan Ordusunun yaranması və inkişafında böyük  rol  oynayır.

1991-ci il oktyabrın 9-da «Ordunun yaranması haqqında» Azərbaycan Respublikası Ali Soveti qərar qəbul etsədə, müstəqilliyimizin ilk illərində düzgün aparılmayan siyasət nəticəsində ordumuzda vəziyyət çox acınacaqlı idi. Vahid komandirlərin olmaması, ordu hissələrinin şəxsi maraqlara xidmət etməsi müstəqil dövlətin nüfuzunu sarsıdırdı. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ilə başqa sahələrdə olduğu kimi, hərbi sahədə də hərc-mərcliyə son qoyuldu. Orduda ağır vəziyyəti qaldırmaq  üçün   və  vahid   ordumuzu  yaratmaq  üçün   Ulu  öndərimiz  geniş   miqyaslı   tədbirlər  həyata keçirməyə   başladı.   Bu da   Azərbaycan   Respublikasının   1995-ci   ilin   noyabr   ayında   qəbul   edilmiş Konstitutsiyasının  «Silahlı  Qüvvələr»  adlı  9-cu  maddəsində  öz  həllini  tapdı. 

Azərbaycan Respublikasının  Prezidenti olan Heydər  Əliyevin  1998-ci il 28 may tarixli qərarına əsasən 26 iyun Silahlı Qüvvələr günü elən edildi və bu günü xalqımız hər il bayram kimi qeyd edir. Ulu öndərimizin layiqli davamçısı olan  İlham  Əliyevin  başçılığı  ilə bu  gündə ordumuzun quruculuğu üçün uğurlu addımlar həyata keçirilir. Yüksək ixtisaslı  kadrların yetişdirilməsi üçün hərbi akademiyalar və məktəblər açılır. Hal-hazırda Azərbaycan Respublikasının Silahlı Qüvvələri strukturuna Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları, Hərbi Dəniz Qüvvələri daxildir. Azərbaycan həm döyüş qabiliyyətinə,  həmdə  maddi-texniki  imkanlarına  görə  Cənubi  Qafqazda  ən güclü dövlət  hesab olunur.

   5305 dəfə baxılıb