ADI TARİXƏ YAZILMIŞ BÖYÜK SƏRKƏRDƏ
A+   A-

ADI TARİXƏ YAZILMIŞ BÖYÜK SƏRKƏRDƏ

AZƏRBAYCAN PREZİDENTİNİN İŞLƏR İDARƏSİNİN SİYASİ SƏNƏDLƏR ARXİVİNDƏ

AZƏRBAYCANIN GÖRKƏMLİ HƏRBİ XADİMİ, GENERAL-LEYTENANT

ƏLAĞA ŞIXLİNSKİNİN ANADAN OLMASININ 150 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR.

Tədbir Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il noyabr ayında imzaladığı general Əlağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında sərəncama əsasən təşkil olunmuşdur. Tədbirə tarixçi alimlər, millət vəkilləri, hərbçilər və dövlət xadimləri qatılmışdır. Yubiley iştirakçılarına görkəmli sərkərdənin şanlı sülaləsindən olan rejissor Ziya Şıxlinskinin çəkdiyi “Считался богом артилерии” və “Yazılsın tarixə bir qızıl xətlə” adlı sənədli filmlər təqdim olunmuşdur.

Arxivin direktoru Mais Bağırov general Əlağa Şıxlinskinin keçdiyi şərəfli həyat yolu və hərbi xidmətlərindən söz açaraq qeyd etdi ki, o, öz istedadı və bacarığı ilə, qəhrəmanlığı və şücaəti ilə Rusiyanın yüksək zabit heyyətinə daxil olmuşdur, və ilk azərbaycanlıqdı ki, dünya hərbi təcrübəsinə verdiyi tövhələrə qörə (onun məşhur “artileriya üçbucağı”nı qeyd etmək kifayətdir) Fransanın “Fəxri Leqion” ordeni ilə təltif olunmuşdur.   

Bakı Dövlət Universitetinin “Mətbuat tarixi” kafedrasının professoru Şirməmməd Hüseynov böyük sərkərdənin həyat yoluna nəzər salaraq qeyd etdi ki, Ə.Şıxlinski ömrünün böyük hissəsini vətənindən uzaqlarda keçirsə də, Azərbaycana, doğma mahalı Qazaxa bağlı insan olub. Təsadüfi deyil ki, Rusiyanın müharibə etdiyi Cin, Yaponiya, Avropa ölkələri cəbhələrində hərbi əməliyyatlara rəhbərlik etmiş general, Rusiyada Oktyabr çevrilişindən sonra, bir an belə tərəddüd etmədən Azərbaycana dönüb və bolşevik-daşnak əsaritinə düşmüş Bakını Türk Ordu komandanlığl ilə birlikdə azad olunmasında iştirak etmişdir.

Millət vəkili, akademik Ziyad Səmədzadə bildirdi ki,  Əlağa Şıxlinskinin və başqa görkəmli Azərbaycan sərkərdələrinin geniş təbliğinə ehtiyac var. Onlar haqqında sənədli filmlər çəkilməli, elmi və bədii əsərlər yazılmalıdır. Rejisyor Ziya Şıxlinskinin çəkdiyi sənədli filmləri bu sahədə ilk kövrək addımlar kimi qiymətləndirən akademik, bu işi genişləndirməyin labüd olduğunu vurğuladı.

Millət vəkili, akademik Teymur Bunyadov qeyd etdi ki, bu cür filmləri Orduda mütləq nümayiş etdirmək lazımdır ki, gənc nəsil Azərbaycan hərbçiləri Şıxlinski, Mehmandarov, Naxçıvanski kimi generallarımızın şərəfli həyat yolundan ibrət alsınlar.

Millət vəkili, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev general Ə.Şıxlinskinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə onun heykəlinin Qazax şəhərində ucadılmasını təklif etdi. Onun fikrincə, gənclərdə vətənpərvərlik hissini gücləndirmək üçün təbliğat işinin bir hissəsini təşkil edən bu qəbil təsviri sənət nümunələri bütün görkəmli generalların şərəfinə Azərbaycanda ucadılmasına ehtiyac var. 

Millət vəkili Fəzayıl İbrahimli baxışı keçirilən sənədli filmlərə və təklif olunan heykəllərə öz münasibətini bildirərək bütün bu işlərin tarixçi alimlərlə birgə həyata keçirilməsinin vacibliyini söylədi.

Sonda Müdafiə Nazirliyinin polkovniki Nazim Əhmədov general Ə.Şıxlinskinin 150 illiyi münasibətilə nazirlik tərəfindən cari ilin sentyabr ayında geniş tədbirlərin keçiriləcəyini qeyd etdi.

General Ə.Şıxlinskinin şanlı yubileyinə həsr olunmuş tədbirdə Qazax rayonunun tanınmış elm, hərb və ədəbiyyat xadimləri, habelə hərbi müxbirlər iştirak etmişlər.

   5177 dəfə baxılıb