Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivində araşdırılan sənədlərin içərisində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadəyə həsr olunmuş xatirələr, şeirlər, fotoşəkil diqqəti cəlb edir (AR Pİİ SSA, f.1, siy.43, sax. vah. 402). Hətta heç vaxt əlinə qələm almayan insanlar belə Mehdinin qəhrəmanlığından ilham alıb, ona şeirlər vəsf etmiş, əfsanəvi döyüşçünü əsərlərin müsbət qəhrəmanı kimi oxuculara təqdim etmişlər.
Qəhrəmanlar ölmür, onlar ürəklərdə əbədilik qazanır, xatirələrdə daimi yaşayırlar. Bəlkə də tarix ona görə ədalətlidir ki, “Əmanətə xəyanət olmaz” kəlamına söykənir. Həqiqət budur ki, qəhrəmanların tarixin sinəsində açdıqları cığırları ot-alaq basa bilməz.
Tanrı onu qəhrəman kimi yaratmışdı. Onu əfsanəyə çevirən nə idi? Yəqin ki, həqiqətin ilahi vəhdəti... Söhbət göstərdiyi igidliyi ilə faşistləri lərzəyə salmış əfsanəvi partizan, kəşfiyyatçı, leytenant Mehdi Hüseynzadədən gedir.
Siyasi sənədlər Arxivinin fondlarında mühafizə olunan sənədlərin birində igid döyüşçünün dostlarının xatirəsi gedir.
“Günəşli yanvar günlərinin birində briqadamız Sanoviy yaylasında yerləşdiyi zaman bizim batalyona Mehdi Hüseynzadənin başçılığı ilə tərkibində 39 döyüşçüdən ibarət olan bir silahlı qrup gəlmişdir. Onlar İtaliya və alman avtomatları ilə yaxşıca silahlanmışdılar.
İndiyədək Mehdini xatırlayıram: o, 23-24 yaşlı, qarabuğdayı, tünd rəngli saçlı, enlikürəkli, ortadan bir az hündür bir gənc idi. Onun əynində idman şalvarı və plaş-çadırdan tikilmiş frenç kurtka var idi. Kurtkanın altında onun istilik düşənədək əynindən çıxarmadığı qolsuz kürk var idi. Onun ayağında tikanlı İtaliyan alpinist çəkmələri var idi. Onun başını beşgüşəli ulduzlu İspaniya pilotkası bəzəyirdi” (AR Pİİ SSA, f.1, siy.43, sax. vah. 402, vər.24).
M.Hüseynzadənin cəbhə dostu Q.Jilyayev xatirələrində yazmışdır: “...O, özü korpus emalatxanalarında müxtəlif sistemli gec açılan və saat mexanizmli, elektrik və kimyəvi fuqas, minalar düzəldirdi. Diversiya məktəbində Hüseynzadə həmçinin partizan diversiya taktikasının nəzəriyyəsini keçdiyindən onun təcrübəsi böyük idi. Mehdi hitlerçilərin partizan diversantları ilə apardıqları bütün hiyləgərliklərini və kələklərini yaxşı bilirdi.
Mehdi çox yaxşı minaçı idi və o bunu bir çox körpülərin minalanması və dəmir yollarının dağılması ilə və bir çox faktlarla sübut etmişdir. Mehdi Hüseynzadə sakit və ehtimalla hərəkət edən qorxmaz, cəsur döyüşçü idi. Diversiyalar üçün hər dəfə öz bacarığını təkmilləşdirərək, yeni metod və üsullar axtaran Mehdi müxtəlif vasitələrdən istifadə edirdi. Mehdi Hüseynzadənin törətdiyi bütün diversiyaları təsvir etmək mümkün deyil, bunun üçün qısa olaraq onlardan bir neçəsinə toxunmaq istərdim.
... Diversiya üçün Mehdi bütün növ maskalanmadan istifadə edirdi. O əsgər, unter-zabit adı ilə həm Alman hərbi formasını geyinir, həm də İtaliya “karabinerlərinin” polis formasını, eyni zamanda müxtəlif mülki paltarları da geyinirdi (AR Pİİ SSA, f.1, siy.43, sax. vah. 402, vər.26)
“...Daha bir özünəməxsus hadisə. Sovet batalyonuna bayraq üçün qırmızı ipək parça tələb olunurdu. Biz uzun müddət onu tapa bilmirdik. Məsələni öyrəndikdə Mehdi parçanı tapmağa söz verdi. Bu hadisədən bir aydan çox vaxt keçmişdi, lakin Mehdi hələ parçanı gətirib çıxarmamışdı. Biz düşünürdük ki, komandanlığın tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı Mehdi öz gündəlik çətin işləri arasında çoxdan bizim xahişimizi unutmuşdur. 1944-cu ilin yağışlı may günlərinin birində Mehdi Sovet batalyonunun qərargahına qırmızı ipək parçanı gətirdikdə sonralar bu parçadan iki bayraq tikildi, bizim sevinc və heyrətimizin həddi-hüdudu yox idi (AR Pİİ SSA, f.1, siy.43, sax. vah. 402, vər.35).
“...Mehdi Hüseynzadə barədə xəbərlər Dənizkənarı Sloveniyada o qədər geniş yayılmışdı ki, Mehdi azad olunmuş partizan kəndlərinə gəldikdə, yerli əhali ona çox xoş münasibət göstərir, onu qonaq etməyə tələsir və sadəcə məşhurlaşmış qəhrəmana baxmağa çalışırdı. O zamanlaradək 10 mindən artıq döyüşçüsü olan Doqquzuncu partizan korpusunda Mehdi ən görkəmli şəxs idi və hamı tərəfdən hörmət bəslənən və hərarətlə sevilən döyüşçü idi (AR Pİİ SSA, f.1, siy.43, sax. vah. 402, vər.37).
1944-cü ilin noyabrında bu cəsur döyüşçü növbəti tapşırığa hazırlaşırdı. Bu dəfə Mehdi almanların ləvazimat anbarını partlatmaq tapşırığını almışdı. Tapşırığı uğurla başa vuran M. Hüseynzadə korpus qərargahına qayıdarkən yolda Vitole kəndində faşistlərlə rastlaşır. Cəsur partizan son nəfəsədək qəhrəmanlıqla döyüşür. Düşmən çox amansız idi. Ələ keçməmək üçün Mehdi son gülləni köksünə sıxır.
Məslək yoldaşları Mehdini hörmət-izzətlə Çepovan kəndində torpağa tapşırdılar. O günü onlar belə xatırlayırlar: “Mixaylonun qəhrəmancasına həlak olması barədə dəhşətli xəbər bütün Dənizkənarı Sloveniyada tez yayıldı. Onun ölümü bütün 10 minlik Doqquzuncu partizan korpusunu və Dənizkənarı Sloveniyanın adi insanlarını belə kədərləndirmişdi. Mehdinin ölümü barədə marşal Titoya da məlumat verilmişdi. Mehdi Hüseynzadənin dəfn edilməsi günü – 1944-cü il noyabrın 19-da marşal Tito Doqquzuncu korpusun qərargahına başsağlığı radioqramıı göndərmişdi. Mərd partizanı son mənzilə yola salmağa bir neçə min partizan və ətraf kəndlərin əhalisi gəlmişdilər. Bir çox adamlar dəfn mərasiminə bu ərazidən 25-30 kilometr aralı olan yerlərdən gəlmişdilər.
Çepovan dərəsinin üzərində o gün qara buludlar var idi. Kiçik, çətinliklə hiss edilən yağış yağırdı, sanki təbiət özü igid partizanın həlak olmasına ağlayırdı.
Dəfn mərasiminə çoxsaylı canlı güllər və əkillər gətirilmişdi. Dəfn mərasimi keçirilən yer, Podçepovandan Çepovanadək, ağır itki qarşısında başını aşağı salmış insan axını və döyüşçü partizanla dolu idi.
Dəfn mərasimi korpusun nəfəsli orkestrinin musiqisi altında Çepovana tərəf gedirdi. Mehdini son mənzilə onun yaxın dostları, həmyerliləri və Doqquzuncu korpusun qərargahından, 30 və 31-ci diviziyanın qərargahlarından, Mehdi Hüseynzadənin xidmət etdiyi 18-ci “Bazovşik” zərbəçi briqadasından olan Yuqoslaviyalı yoldaşları yola salmışdılar” (AR Pİİ SSA, f.1, siy.43, sax. vah. 402, vər. 44-45, 48-51).
M.Hüseynzadənin başdaşı üzərində onun qəhrəmanlığına şahidlik edən “Rahat yat, Azərbaycan xalqının qəhrəman oğlu, əzizimiz Mehdi. Azadlıq, hünər göstərdiyin rəşadət dostlarının qəlbində daim yaşayacaqdır” sözləri gənclərimizi, böyüməkdə olan yeni nəsli qəhrəmanlığa, qurub-yaratmağa səsləyir.
2011-ci il iyunun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Sloveniya Respublikasının Prezidenti Türk Novo Qoritsa şəhərində Sovet İttifaqı Qəhrəmanı, Azərbaycan xalqının igid oğlu Mehdi Hüseynzadənin memorialını ziyarət etmişlər. Dövlət başçıları əfsanəvi qəhrəmanın memorial muzeyinin açılışında da iştirak etmişlər.