Siyasi sənədlər Arxivində “Azərbaycan SSR Böyük Vətən müharibəsi illərində” mövzusunda növbəti seminar keçirilib

   

2019-cu il noyabrın 14-də Siyasi sənədlər Arxivində “Azərbaycan həqiqətləri yeni rakursdan” layihəsi çərçivəsində “Azərbaycan SSR Böyük Vətən müharibəsi illərində” mövzusunda seminar keçirilib.

Seminarı açıq elan edən Arxivin direktoru Elmira Ələkbərova Böyük Vətən müharibəsi illərində Azərbaycan xalqının qəhrəmanlığından bəhs edərək bildirdi ki, xalqımızın 650 mindən çox oğul və qızları cəbhələrdə döyüşmüş, qəhrəmanlıq salnamələri yaratmışlar. Bu salnamələrə İ.Stalinin 1941-ci il 18 oktyabr tarixli əmri ilə yaradılmış 77, 223, 396, 402 və 416-cı Azərbaycan milli atıcı diviziyaları öz qəhrəmanlıq səhifələrini yazmışlar.

Seminarın davamında Arxiv fondunun mühafizəsi, uçotu və istifadəsi şöbəsinin əməkdaşı Nərgiz Əsədullayeva “Böyük Vətən müharibəsi illərində Azərbaycan milli diviziyaları” adlı məruzə ilə çıxış edərək bildirdi ki, tədqiqat obyekti ilə bağlı Siyasi sənədlər Arxivində mühafizə olunan, 1 saylı fonda daxil olan siy.26, sax.vah.330, siy.27, sax.vah.84, siy.30, sax.vah.711 və bir sıra digər saxlama vahidlərində çox qiymətli sənədlər yer almışdır. Bu sənədlərə istinad edən məruzəçi 402-ci milli diviziyanın Qafqaz uğrunda gedən ölüm-dirim mübarizəsində, Qroznı-Mozdok istiqamətində gedən döyüşlərdə nümayiş etdirdiyi misilsiz qəhrəmanlıqlardan danışdı, həmin diviziyanın alay komandirləri Akim Abbasovun “Qırmızı Ulduz”, Hacıbaba Zeynalovun “Qırmızı Bayraq” ordenləri ilə təltif olunduqlarını vurğuladı. Eyni zamanda N.Əsədullayeva 77-ci milli diviziyanın Krımın azad edilməsi uğrunda göstərdiyi misilsiz şücaəti haqqında Siyasi sənədlər Arxivində mühafizə olunan sənədlərdə əks olunan maraqlı məlumatları da auditoriyanın diqqətinə çatdırdı.

N.Əsədullayeva sənədlərə istinadla maraqlı bir faktı da seminar iştirakçılarının diqqətinə çatdıraraq bildirdi ki, 1980-ci ildə Azərbaycan KP MK-nın və Rostov vilayət partiya komitəsinin qərarı ilə Böyük Vətən müharibəsində Hitler Almaniyası üzərində qələbənin 35-ci ildönümü ilə əlaqədar Taqanroq şəhəri yaxınlığında yerləşən Sanbek yüksəkliyində 416-cı Taqanroq diviziyasının qəhrəmanlıq salnaməsini əbədiləşdirən xatirə ansamblının təntənəli açılışında Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin rəhbərlik etdiyi, 416-cı Taqanroq diviziyası veteranlarının da daxil olduğu Azərbaycan SSR nümayəndə heyəti də iştirak etmişdir.

Sonda məruzə ilə bağlı seminar iştirakçıları fikir mübadiləsi apardılar. Çıxış edənlər Böyük Vətən müharibəsi illərində Azərbaycan milli diviziyalarının yaradılmasının əhəmiyyətindən, o cümlədən bu diviziyaların faşizm üzərində qələbəyə gedən yolda göstərdiyi misilsiz qəhrəmanlıqlardan və Qafqaz uğrunda gedən döyüşlərdə onların həlledici qüvvə olduqlarından bəhs etdilər.