Nəriman Nərimanov Kolleksiyası
A+   A-

İlk təhsilini Tiflis müsəlman rühani məktəbində almış, 1890-cı ildə Qori müəllimlər seminariyasını bitirmişdir. Təhsilini davam etdirmək üçün Odessaya yollanan N.Nərimanov, Novorossiysk Tibb Universitetinə daxil olmuş, burada tələbə hərəkatına qoşulmuşdur. Çar hökuməti siyasi fəaliyyətinə görə üniversiteti müvəqqəti bağladıqdan sonra o, Bakıya qayıtmış, sosial-demokrat «Hümmət» təşkilatına daxil olmuşdur. Bu təşkilatın fəallarından olmaqla yanaşı o, İran sosial-demokrat «Mücahid» partiyasının əsasını qoyanlardan biri idi. 1906-cı ildə RSDFP-nın proqramını Azərbaycan dilinə tərcümə etmişdir. Həmin ilin dekabr ayında təhsilini başa çatdırmaq üçün Odessaya qayıtmış və 1908-ci ildə universiteti bitirərək Bakıya dönmüşdür.

1909-cu ildə N.Nərimanov Tiflisə köçüb, burada həkim-terapeft kimi fəaliyyət göstərib. Lakin az sonra İran inqilabi hərəkatında iştirakına görə həbs edilərək, Metex qalasına salınmışdır. N.Nərimanovla bağlı bu və digər hadisələrə aid sənədlər arxivdə 1956-ci ildə yaradılmağa başlanan  «N.Nərimanov kolleksiyası» adlı xüsusi fondda saxlanılır.

1909-cu ilin sentyabrında Həştərxana sürgün edilən Nərimanov burada ictimai-siyasi fəaliyyətini davam etdirmişdir. 1913-cü ildə Bakıya qayıdan N.Nərimanov siyasi fəaliyyətini bir az da genişləndirir, 1917-ci ilin martında «Hümmət» təşkilatı komitəsinin sədri və RSDF(b)P Bakı komitəsinin üzvü seçilmişdir. Bakı Müsəlman İctimai Təşkilatları bürosunun tərkibinə Ə.M.Topçubaşov, F.X.Xoyski və başqaları ilə birlikdə Nərimanov da daxil idi. 1917-ci ilin 3 iyun tarixindən N.Nərimanovun redaktorluğu ilə «Hümmət» qəzeti nəşrə başlamışdır. Həmin ilin oktyabrında Bakı şəhər dumasına üzv seçilmiş, noyabr ayında isə Müəssisələr Məclisinə namizədliyini irəli sürmüşdü .

1917-ci ilin payızında bolşeviklər Bakıda hakimiyyəti ələ keçirdikdən sonra N.Nərimanov türk-müsəlman milli qüvvələrinə qarşı S.Şaumyanın rəhbərliyi ilə bolşeviklərin həyata keçirtdiyi milli düşmənçilik siyasətinin qarşısını almağa çalışmışdır. O, Azərbaycan əhalisinə qarşı soyqırımı dayandırmaq üçün S.Şaumyana və Caparidzeyə müraciət etmiş, onları müsəlman sosialistləri ilə bir araya gətirərək, danışıqlara dəvət etmişdir. 1918-ci ilin martında yaradılmış Bakı şəhəri və rayonların İnqilabi Müdafiə Komitəsinin üzvü olan Nərimanov silahlı erməni milli hərbi hissələrinin ləğv edilməsi haqqında Komitənin göstərişini imzalamışdır. Bu hadisələri  təsdiqləyən sənədlər yuxarıda adı çəkilən «N.Nərimanov kolleksiyası» fondunda saxlanılır.

N.Nərimanov Azərbaycan Xalq Cumhuriyyəti dövrünün siyasi və dövlət xadimlərini Sovet hakimiyyətinin təqiblərindən qorumağa çalışmışdı. O, bir çoxlarının mühacirətə getməsi üçün şərait yaratmış, ölkədə 

qalmaq istəyənləri himayəsinə götürməyə səy göstərmişdir. ADR dövründə təhsil üçün Avropa ölkələrinə göndərilən tələbərin dövlət tərəfindən maddi yardımının verilməsini təmin etmiş, bundan ötrü xüsusi qərar imzalamışdır.

Azərbaycanda N.Nərimanov Azərbaycan xalqının milli ənənələrinin qorunmasına, elm, maarif və mədəniyyətin inkişafına, Azərbaycan dilinə dövlət statusu verilməsinə və digər milli mədəniyyət məsələlərinə dövlət quruculuğunun tərkib hissəsi kimi baxmış, bu sahədə görülən işlərə xüsusi diqqət yetirmişdir. O, Sovet hökumətinin Şərq siyasətini düzgün istiqamətləndirməyə çalışmış, Sovet Rusiyasının Türkiyə, Afqanistan və digər Şərq ölkələri ilə rəsmi münasibətlərinin formalaşmasına  çalışmışdı. 1922-ci ildə Rusiya ilə Türkiyə arasında Qars müqaviləsinin  bağlanması və ratifikasiya edilməsində N.Nərimanovun xüsusi xidmətləri olmuşdur. Bütün bu faktlar arxivdə saxlanılan sənədlərdə öz əksini tapır. «N.Nərimanovun kolleksiyası adlanan fondda onun müasirləri və inqilabi mübarizədə partiya silahdaşlarının xatirələri də qorunur.Sovet hakimiyyətinin qələbəsindən sonra N.Nərimanov Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri seçildi. Rəhbərlik etdiyi dövrdə o, Azərbaycan xalqının mənafeyinə zidd siyasəti ifşa etmiş, mərkəz qarşısında müvafiq məsələlər qaldıraraq, «Şərq məsələsi» və «Azərbaycanda vəziyyət» bölmələrindən ibarət «Ucqarlarda inqilabızın tarixinə dair» adlandırdığı iri həcmli məktub-məruzəni MK-yə İ.Stalinə, L.Trotskiyə və K.Radeka göndərmişdir. Məruzədən irəli gələn faktları yoxlamaq üçün Bakıya komissiya göndərilmiş, bu hadisə respublika rəhbərliyində (S.M.Kirov, M.D.Hüseynov, L.İ.Mirzoyan, Ə.A.Qarayev, R.Ə.Axundov) Nərimanova qarşı qərəzli münasibətin yaranmasına səbəb olmuşdu. Bütün bu hadisələri əks etdirən sənədlər AR Pİİ SSA-da mühafizə olunur.

   2227 dəfə baxılıb