Böyük ziyalı, tanınmış dövlət xadimi Əziz Əliyev haqqında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivində tariximiz üçün qiymətli sayılan sənədlər mühafizə olunur. Ə.Əliyev 1897-ci ildə İrəvanda, yoxsul kəndli ailəsində anadan olub. İrəvan gimnaziyasının 6-cı sinif şagirdi olan Əziz Əliyev ailəsinin ağır maddi durumuna yardım məqsədilə 1914-cü ildən əmək fəaliyyətinə başlamağa məcbur olub. O, səhərlər dərsə gedir, axşamlar isə müəllimlik etməklə pul qazanmağa çalışıb. Gimnaziyanı bitirdikdən sonra məşhur xeyriyyəci və mesenat Hacı Zeynalabdin Tağıyevin vəsaiti ilə Peterburq Hərbi-Tibb Akademiyasına daxil olub. Lakin 1920-ci ildə valideynlərinin ölümü onu təhsilini yarımçıq qoyaraq Naxçıvanın Şahtaxtılı kəndinə qayıtmağa vadar edib. Bir müddət burada tibb məntəqəsində işlədikdən sonra 1927-ci ildə Bakıya köçən Əziz Əliyevin paytaxtda parlaq əməli, elmi və siyasi fəaliyyəti başlayır.
Azərbaycan SSR Xalq Komissarları Sovetində(XKS) kargüzar, katib kimi işə başlayan Ə.Əliyev qısa müddətdə Tibb institutunda həkim-ordinator, Səhiyyə Komissarlığında şöbə müdiri, Dövlət Klinik İnstitutunun direktoru vəzifələrinə kimi yüksəlir. 1930-1940-cı illərdə ona məsuliyyətli vəzifələr tapşırılır. 1932-1934-cü illərdə Tibb institutunun rektoru, 1934-1935-ci illərdə Bakı səhiyyə şöbəsinin müdiri, 1935-1938-ci illərdə Tibb institutu ilə yanaşı 1937-ci ildən Azərbaycan Dövlət Universitetinin rektoru (ARP İİ SSA, f. 1, siy.20, sax.vah.32, vər.111.), 1938-1939-cu illərdə Azərbaycan SSR Rəyasət Heyətinin katibi, 1939-cu ildə Səhiyyə Komissarı, 1941-1942-ci illərdə Azərbaycan KP MK-nın katibi, həmin dövrdə hərbi şuranın üzvü, və, nəhayət, 1942-1948-ci illərdə Dağıstan vilayət partiya komitəsinin birinci katibi vəzifəsində çalışır.
1949-1950-ci illərdə Moskvada Ali Partiya təhsili alan Əziz Əliyev, bir müddət ÜİK(b)P MK-da inspektor işləyir, 1950-ci ildə isə Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini vəzifəsinə təyin edilir. Təcrübəli səhiyyə və elm təşkilatçısı olan Ə.Əliyev 1951-ci ildə Elmi-Tədqiqat Ortopediya və Rekonstruktiv Cərrahiyyə İnstitutuna direktor vəzifəsinə təyin olunur (ARP İİ SSA, f. 1, siy.37, sax.vah.105, vər.280.). Araşdırma nəticəsində əldə olunan arxiv sənədlərindən göründüyü kimi, bu İnstitutda işlədiyi dövrdə Əziz Əliyevin onlarla elmi məqaləsi çap olunur, həkim və tələbələr üçün hazırladığı dərs vəsaiti işıq üzü görür. 1959-cu il sentyabrın 29-da AKP MK-nın Büro iclası Azərbaycan SSR Nazirlər Soveti və AKP MK-nın İnzibati, maliyyə-ticarət və plan təşkili orqanları şöbəsinin təklifini qəbul edir və Ə. Əliyev Azərbaycan SSR Səhiyyə nazirliyinin Həkimlərin Təkmilləşdirmə İnstitutunun direktoru vəzifəsinə təyin edilir (ARP İİ SSA, f.1, siy.46, sax.vah.105, vər.190.).
Yüksək dövlət və hökumət vəzifələrində çalışmış Əziz Əliyev həyatı boyu halal zəhmətlə, şərəf və namusla yaşamış, xalqına və dövlətinə sədaqətlə xidmət etmiş, yüksək insani keyfiyyətlər nümayiş etdirmişdir. Arxiv sənədləri Azərbaycan səhiyyəsinin təşəkkülündə və inkişafında, respublikada tibbi kadrların hazırlanmasında, səhiyyə ocaqlarının açılmasında və digər nəcib və məsul işlərdə Ə.Əliyevin əvəzolunmaz xidmətlərini təsdiqləyirlər. Onun əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Ə.Əliyev iki dəfə Lenin ordeni, Birinci dərəcəli Vətən müharibəsi ordeni, Qırmızı Əmək Bayrağı ordeni, dörd medal və “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilmişdir (ARP İİ SSA, f.1, siy.46, sax.vah.105, vər.195.).
Azərbaycan xalqı, Dağıstan zəhmətkeşləri və ilk növbədə dövlətimiz böyük şəxsiyyət Əziz Əliyevin xatirəsini daim əziz tutmuşdur.