Siyasi sənədlər Arxivində “Azərbaycan həqiqətləri yeni rakursdan” layihəsi çərçivəsində ilk seminar keçirilib

   

08 noyabr 2018-ci il tarixində Siyasi sənədlər Arxivində “Azərbaycan həqiqətləri yeni rakursdan” layihəsi çərçivəsində ilk seminar keçirilib.

Siyasi sənədlər Arxivinin direktoru Elmira Ələkbərova seminarı açıq elan edərək, əvvəlcə Arxiv əməkdaşlarını qarşıdan gələn 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi. E.Ələkbərova bayrağın hər bir dövlətin bütövlük, müstəqillik, yenilməzlik, ucalıq rəmzi olduğunu söylədi və bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Sərəncamında göstərildiyi kimi, Azərbaycan Respublikasının Dövlət bayrağının ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edildiyi nəzərə alınaraq, hər il noyabr ayının 9-unun Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunması qərara alınmışdır. Dövlət başçısının bu addımı dövlətçilik, milli həmrəylik, vətənpərvərlik hisslərinin aşılanması baxımından da mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan E.Ələkbərova qeyd etdi ki, bu gün üçrəngli bayrağımız Dövlət Bayrağı Meydanında əzəmətlə dalğalanır və biz əminik ki, erməni qəsbkarları tərəfindən işğal olunan torpaqlarımızı tezliklə azad edərək, müqəddəs bayrağımızı əzəli torpaqlarımızda yüksəldəcəyik.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş videoçarx nümayiş etdirildi.

Seminarın davamında Siyasi sənədlər Arxivinin Elmi araşdırmalar və elmi kitabxana şöbəsinin əməkdaşı Sevinc Quluyeva “Azərbaycanın ilk qadın jurnalisti Şəfiqə Əfəndizadə” mövzusunda məruzəsini təqdim etdi. S.Quluyeva öz çıxışında Cənubi Qafqazda ilk Azər-baycan dili müəlliməsi, ilk Azərbaycan qadın jurnalisti və publisisti olmuş Şəfiqə xanım Əfəndizadənin Azərbaycan ictimai fikrinə, Azərbaycan qadınının maariflənməsinə dəyərli töhfələr verdiyini vurğulayaraq, bu mətin qadının həyat və yaradıcılıq yoluna qısa ekskurs etdi. Ş.Əfəndizadənin XX əsrin əvvəllərində fəaliyyətə başlamış bir ziyalı kimi qadınlarda milli şüurun daha da güclənməsi, savadsızlığın, cəhalətin, qadın hüquqsuzluğunun aradan qaldırılması yolunda istər pedaqoq, istər jurnalist, istərsə də publisist kimi çəkdiyi zəhməti, çoxşaxəli fəaliyyətini diqqətə çatdıran məruzəçi onun ədəbi-publisistik irsinin lazımınca araşdırılmadığını, məqalə və hekayələrinin müasir oxucu üçün uzun müddət əlçatmaz qaldığını, lakin Şəfiqə Əfəndizadənin Siyasi sənədlər Arxivi tərəfindən 2017-ci ildə nəşr edilmiş “Seçilmiş əsərləri”nin bu sahədəki boşluğu doldurduğunu bildirdi.

Ş.Əfəndizadə haqqında və problemlə bilavasitə əlaqədar Arxivin Elmi kitabxanasında mühafizə olunan “İrşad”, “Açıq söz”, “Azərbaycan” qəzetlərini və bir sıra elmi-publisistik ədəbiyyatı ciddi şəkildə araşdıran S.Quluyeva çıxışının sonunda Şəfiqə Əfəndizadənin bəzi məqalələrinin tənqidi təhlilini təqdim etdi.

Çıxış seminar iştirakçıları tərəfindən maraqla qarşılandı və sonda məruzəçi mövzu ilə əlaqədar sualları cavablandırdı.