Bizim bayrağımız qürur mənbəyimizdir
A+   A-

Azərbaycanın bayrağı sadəcə bayraq deyil.

O bizim dövlətçiliyimizin, müstəqilliyimizin

 rəmzidir.

 Heydər Əliyev

Müasir dünyamızda qədim dövlətçilik ənənələri ilə tanınan Azərbaycan özünün dövlət rəmzlərinə malikdir. Azərbaycan Respublikasının rəmzləri - bayrağı, gerbi və himni beynəlxalq aktor olan dövlətimizin suverenliyinin atributlarıdir. Müstəqil dövlətimizin rəmzlərindən olan bayraq millətimizin qüruru, gələcəyə inamımızın təcəssümüdür.Azərbaycan Respublikasının bayrağı mənəvi birliyimizin, yenilməz əzmimizin, torpaqlarımızın bölünməzliyinin, dövlətimizin, xalqımızın ərazi bütövlüyü uğrunda apardığı mübarizənin, xalqımızın şərəf və ləyaqətinin rəmzidir. Suveren dövlətimizin atributlarından olan Azərbaycan Respublikasının üçrəngli bayrağının şərəfli bir tarixi var və bu tarix Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin vətən tarixində tutduğu yeri haqqında Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Demokratik respublikanın yaranması Azərbaycanın müstəqilliyini ilk dəfə olaraq dünyaya nümayiş etdirdi. Azərbaycan xalqının öz dövlətçiliyinə nə qədər bağlı olduğunu əks etdirdi”.

XX əsrin əvvəllərində dünya görünməmiş sosial-siyasi fəlakətlər yaşadı. Birinci cahan müharibəsi dünya xəritəsini dəyişdirdi, imperiyalar tarix səhnəsindən silindi, Romanovlar Rusiyası devrildi. Bu qlobal dəyişikliklər Qafqaz meqaregio-nuna da öz təsirini göstərsdi. Oktyabr çevrilişindən sonra Cənubi Qafqazda baş verən sosial-siyasi proseslərin nəticəsi olaraq, Azərbaycan xalqı müstəqillik yolunu seçdi.1918-ci il mayın 28-də Tiflisdə keçmiş Qafqaz Canişinin sarayında Milli Şuranın sədr müavini Həsənbəy Ağayevin sədrliyi ilə keçirilən Müsəlman Milli Şurasının ilk iclası Azərbaycanın istiqlaliyyəti haqqında bəyannaməni qəbul etdi. Azərbaycan Xalq Cümhuriyyəti(AXC) dilindən, dinindən, cinsindən, yaşından asılı olmayaraq, ölkədə yaşayan bütün insanlara qanun qarşısında hüquq bərabərliyi verdi.

“           23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətinin ilkin mərhələsində ağır, mürəkkəb, ziddiyyətli bir dövrü keçir. Azərbaycanın müstəqiliyini qan içində boğmaq istəyən S.Şaumyanın “Gəncə yürüşü”nə qarşı mübarizə aparan AXC hökuməti 1918-ci il 16 -17 iyunda “iyun böhranı”nı yaşayır

və yaranmış vəziyyətdə müstəqillik ideyasını əsas götürür.

Şərqdə ilk demokratik qurum yaradan AXC-nin dövlətçilik quruculuğunda atdığı ilk addımlarından biri 21 iyun 1918-ci ildə Dövlət bayrağının təsdiq edilməsi haqqında qərar olur. Bu qərara görə üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı olaraq qəbul edilir və bayrağın göstərilən təsvirlərdən ibarət olması o dövrdə Gəncədə hökm sürən “ilhaqçılıq” əhvalı-ruhiyyəsi və ölkədə yaranmış mürəkkəb sosial-siyasi vəziyyətin təsirinin nəticəsi olaraq götürülür.

Azərbaycan xalqının istiqlaliyyət uğrunda apardığı davamlı mübarizəsi, Qafqaz İslam Ordusunun 1918-ci il sentybrın 15-də Bakını azad etməsi və 1918-ci ilin çeşməkeşli payızı çadğaş tariximizin təzadlar səhifələrini təşkil etmişdir. O zaman gərgin bir tarixi dövr yaşayan AXC, 1918-ci il noyabrın 9-da Nazirlər Şurası qarşısında ikinci hökumət kabinetinin sədri Fətəli xan Xoyskinin etdiyi məruzədən sonra, müstəqil Azərbaycanın üçrəngli - mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul edir.Türkçülüyü, islam mədəniyyətini və ümümbəşəri demokratik dəyərləri təcəssüm etdirən üçrəngli milli bayrağımız 1918-ci il noyabrın 9-da, 99 il öncə, multikultural dəyərlər məkanı Bakıda dalğalanır.

  Azərbaycanıın üçrəngli bayrağı yüksəldiyi gündən etibarən İngilis müdaxiləçilərinin təzyiqlərinə məruz qalmış, yasaq edilmiş üçrəngli Azərbaycan bayrağı bu məhdudiyyətlərdən 1919-cu il avqustun 13-də, İngilis müdaxiləçiləri ölkəni tərk etdikdən sonra, qurtula bilmişdi. Lakin Azərbaycan bayrağı göstərilən məhdudiyyətləri yaşasa da, tarixə şanlı səhifələr yazmış, 1918-ci il dekabrın 7-də AXC-nin Parlamentinin açılışında üçrəngli Azərbaycan bayrağı məşhur xeyriyyəçi və neft milyonçüsü H.Z.Tağıyevin XX əsrin əvəllərində polyak memarı İ. Qoslavskinin layihəsi əsasında tikdirdiyi Qızlar məktəbi*( Nikolayevski(İstiqlal)

* H.Z.Tağıyev,  xalqının gələcək inkişafını maarifdə, tərəqqidə gördüyündən, qızların təhsilinə xüsusi diqqət yetirmiş, bu sahədə Avropa dəyərlərinin pozitiv təsirini görmüşdü. Qaraguruhçu ruhanilərin ciddi müqaviməti ilə üzləşən H.Z.Tağıyev Quran ayələri əsasında göstərir ki, islam dini müslimələrin də biliklərə yiyələnmələrinin vacibliyini göstərir. O, Bakıda ilk qızlar məktəbini açmaq üçün banka 150.000 man. pul qoyur. Bina 1898-ci ildən tikilməyə başlayır və 1900-cü ildə hazır olur. Bu məktəb 184.000 man. başa çatır. Qızlar məktəbində ilk dərslər 1901-ci ilin sentyabrın 7-də başlanır. 58 şagirddən 35-i kasıb ailədən olduğu üçün böyük xeyriyyəçi onları öz hesabına oxutdurur. Beləliklə, böyük xeyriyyəçi H. Z. Tağıyev, Şərq dəyərləri ilə Avropa dəyərlərini çulğalaşdırır, Şərq qızlarını dünyəvi təhsilə aparır..

küçəsində, hal-hazırda AMEA-nın Əlyazmalar fondu bu binada yerləşir) binasının üzərində qaldırılmışdı.

H.Z.Tağıyevin qızlar məktəbibinası qotik üslubda tikilib.      XX əvvəllərində müstəqillik sevincini yaşayan xalqımız azadlıq timsalı milli bayrağımıza iftixar hissi ilə baxır, onunla fəxr edirdi. Azərbaycanın vətənsevər övladları milli bayrağımızla fərəhlənir, ona şeirlər həsr edirdilər. Ürəyi vətən eşqi ilə döyünən unudulmaz Cəfər Cabbarlının1919-cu ilin avqustunda çap olunan ”Azərbaycan  bayrağına”şeri  üçrəngli milli bayrağımıza olan sevginin bariz nümunəsidir.

1920-ci il Arpel çevrilişi Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq hakimiyyətinə son qoydu.Üçrəngli milli bayrağımız 1920-ci il mayın 3-də AXC Parlamentinin binası üzərindən endirilsə də, azadlıq amalı ilə yaşayan Azərbaycan xalqı istiqlaliyyət yolundan geri çəkilmədi. Xalqımızın təfəkkür və mənəvi dünyasının meyarı olan üçrəngli bayrağımız ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edildi və qədim Azərbaycan diyarı Naxçıvanda dövlət bayrağı olaraq qəbul edildi, yüksəklərə ucaldı. Cağdaş dövrümüzün müdrik siyasətçisi Ulu öndər Heydər Əliyev üçrəngli bayrağımızı yaşatmaq məqsədi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırilması üçün gərgin iş gördü və 1991-c i il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti «Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Azərbaycan Respublikasının Qanunu»nu qəbul etdi və bu aktla bir dəfə ucalan bayraq Azərbaycan üzərində dalğalanmağa başladı. Bu tarixi hadisələri ibrət dərsi kimi dəyərləndirən Ümummili lider Heydər Əliyevin söylədiyi fikirlər diqqətəlayiqdir: “Tariximizin hər bir səhifəsi – istər lap qədim dövrə, orta əsrlərə, istərsə də XIX əsrə, XX əsrə aid olsun, - bizim üçün qimyətlidir”.

Azərbaycanın milli üçrəngli bayrağı Azərbaycanı müstəqilliyə aparan yolla bağlıdır.Türk və müsəlman dünyalarının bir parçası olduğunu və Avropa demokratiyasının əsaslarına söykəndiyini göstərən üçrəngli bayrağımız 1991-ci il oktyabrın 18-də «Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı» qəbul edildikdən sonra müstəqilliyimizin rəmzi olaraq, dünya dövlətlərində dalğalanmağa başlayır.

Müstəqillik rəmzi olan milli bayrağımız dövlətimizin Ali Qanunu Azərbaycan Respublikasının Konstitusiyasında qanunvericilik səviyyəsində təsdiq olunmuş və təsviri verilmişdur. Konstitusiyanın 23-cü maddəsi “Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir” olduğunun göstərərək, bayrağın təsvirinin Konstitusiya qanunu ilə müəyyən edildiyini bildirir. Konstitusiyanın 75-ci maddəsi müstəqil dövlətimizin rəmzlərindən olan bayrağa hörmət edilməsinin vacibliyini göstərir və bayrağa, ümumən “Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur” prinsipini əsas götürür.

Dövlət atributlarından olan Azərbaycan bayrağının və ümumən Azərbaycan respublikasının bütün rəmzlərinin mahiyyətinin və əhəmiyyətinin ölkə ictimaiyyəti arasında geniş təbliğinin zəruriliyini diqqətə çəkən Ulu öndər Heydər Əliyev 1998-ci il martın 13-də imzaladığı sərəncamda Nazirlər Kabineti qarşısında dövlət rəmzləri ilə bağlı təbliğat işinin gücləndirilməsi üçün bir sıra məsələlər qoymuşdu. Ümumilli lider Heydər Əliyevin dövlətçilik siyasətini davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müstəqil dövlətimizin rəmzlərindən olan üçrəngli bayrağımıza hörmət və ehtiramı təmin etmək məqsədilə 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət bayrağı gününün təsis edilməsi haqqında” sərəncam imzalamışdır.

Bu sərəncama əsaslanaraq, 2009-cu ilin dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirmiş, bu tarix Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, qeyri-iş günü olan bayramların siyahısına salınmışdır.

Azərbaycanın üçrəngli bayrağı Azərbaycan Respublikasının ərazi bütövöüyü uğrunda apardığı mübarizə tarixini yaşayır. XX əsrin sonlarında ikinci dəfə müstəqiliyini əldə edən Azərbaycan Respublikası erməni millətçilərinin Azərbaycanın tarixi torpaqlarına qarşı irəli sürdüyü əsassız iddiaların qarşısını almaq, 1992-1994-cü illərdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş torpaqlarını azad etmək, vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə aparmağı prioritet vəzifə olaraq götürür. XX əsr boyu qondarma “Dağlıq Qarabağ” probleminin mərhələlərini süni şəkildə yaradan erməni millətçiləri Ermənistan Respublikasını daşnak siyasətindən uzaqlaşmağa qoymur və  Ermənistan Respublikası rəhbərliyinin apardığı qərəzli siyasət  problemin dinc yolla həll olunmasına maneələr yaradlr. Tarixən ermənilərə aid olmayan Azərbaycan torpaqlarını qəsb etmək prinspi ilə hərəkət edən Ermənistan silahlı qüvvələri mütəmadi olaraq atəşkəs rejimini pozur, təmas xəttində davamlı olaraq təxribatlar törədir. Qarabağ uğrunda mübarizə aparan, üçrəngli milli bayrağımızın tarixi torpaqlarımızda dalğalanması arzusu ilə yaşayan Azərbaycan Ordusu erməni qəsbkarlarının fasiləsiz təxribatlarının qarşısını almaq məqsədi ilə 2016-cı il aprelin 2-dən 5-dək sərhədyanı bölgələrin müxtəlif istiqamətlərində uğurlu əks-hücum əməliyyatı keçirir. Çağdaş tariximizə “dördgünlük müharibə” adı ilə daxil olmuş aprel döyüşləri zamanı, Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabit heyəti Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" adlandırılan yüksəkliyə nəzarəti ələ keçirə bilir. "Lələ təpə" strateji mövqeyini ələ keçirərkən korpus komandiri polkovnik Mais Bərxudarov əsgərlərlə birgə döyüşə girərək, Lələtəpə yüksəkliyinin və on kilometrlərlə ərazinin azad edilməsində şəxsən iştrak etmiş, nizami hissə rəisi mayor Elnur Əliyev, kəşfiyyatçılar Ruhin Qəhrəmanov və Orxan Həmidov əsil qəhərəmanlıq nümunəsi göstərərək, Azərbaycan bayrağını erməni qəsbkarlarından azad edilmiş torpaqlarda sancılması üçün şəhidlik zirvəsinə qalxmış, məzara torpaq dəyərini özündə ehtiva edən milli bayrağımızla qoyulmuşlar.

Azad olumuş "Lələ təpə" yüksəkliyində Azərbaycan bayrağı dalğalanır.

Bu gün Azərbaycan xalqının siyasi, mənəvi və mədəni birliyinin rəmzi olan üçrəngli bayrağımız  Dövlət Bayrağı Meydanında əzəmətlə dalğalanır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Dövlət Bayrağı Meydanının açılış mərasimində belə bir fikri diqqətə çatdırmışdır ki, erməni qəsbkarları tərəfindən işğal olunan torpaqlarımızı azad etmək, üçrəngli bayrağımızı vətən torpaqlarında dalğalandırmaq xalqımızın, hər bir azərbaycanlının müqəddəs borcudur. Torpaq -  Vətən deməkdir, Vətənin rəmzi də bayraqdır.

                                                                                                  Həcər Verdiyeva,
                                                                                                 tarix üzrə elmlər doktoru

 

 

   250 dəfə baxılıb