Əsrlərlə dalğalanan bayrağımız!

Əsrlərlə dalğalanan bayrağımız!

Bu gün Azərbaycan Respublikasının suverenliyinin və müstəqilliyinin rəmzi olan üç rəngli bayrağının yaranmasının 100-cü ildönümüdür. Ölkənin varlığını, tarixini, dəyər və mənəviyyatını özündə cəmləşdirən vacib atributudur. Dövlətin şərəf tarixi və mübarizə əzmi məhz bu bayraqla tanınır, bu bayraqla ucalır. Bu bayraq üzərində üç rəngin əks olunması Azərbaycan milli ideologiyasının təməl daşlarını təşkil edən türkçülük, müasirlik və islam ənənələri üzərində qurulduğunu göstərir. Azərbaycan bayrağı XX əsrin əvvəllərində bütün dövlət müəssisələrində, parlament iclaslarında eyni zamanda xaricdə fəaliyyət göstərən bizim diplomatik missiyalarda dalğalanıb. Azərbaycan bayrağı o zaman təsis olunması nəzərdə tutulan dövlət gerbində, orden və medallarda, poçt markalarında da öz əksini tapıb. Üç rəngli, ay ulduzlu bu bayraq dövlət rəmzi kimi Azərbaycan xalq Cümhuriyyəti hökumətinin 1918-ci il noyabrın 9- da keçirilən iclasında qəbul olunub. Sovet hakimiyyəti dövründə bayraqdan imtina edilib və 1920-ci ildə bolşevik işğalından sonra bu bayraq tarixə qovuşub, Azərbaycan Sovet Sosialist Respublikasının qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəz olunub. Hal-hazırda bu barədə sənəd arxivimizdə qorunub saxlanmaqdadır. (AR Pİİ SSA, f.1, siy.38,iş 99, vər.19,20,21,24)

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonrakı tarixi hadisələr və proseslər göstərdi ki, kommunist rejiminin hər cür təzyiq və məhdudiyyətlərinə baxmayaraq, Azərbaycan xalqını, Azərbaycan gəncliyini milli azadlıq, müstəqillik, istiqlal idealları və arzuları heç vaxt tərk etməmişdir. Azərbaycan Xalq Cümhuriyyətini «milli sərvətimiz, tariximizin parlaq səhifəsi» kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin böyük müdrikliklə dediyi kimi, «Azərbaycan Demokratik Respublikası ilk dəfə milli azadlıq, müstəqillik toxumlarını bütün Azərbaycana səpdi. Bu toxumlar uzun müddətdən sonra cücərdi, boy atdı və nəhayət, 1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini əldə etdi». Azərbaycan Respublikasının müstəqillik əldə etməsindən xeyli əvvəl 1990-cı ilin noyabrında hələ dövlət müstəqilliyi elan olunmazdan əvvəl Ümum Milli Lider Heydər Əliyev ilk dəfə Naxçıvanda üç rəngli Azərbaycan bayrağını ucaltdı. Məhz Ulu öndərin təşəbbüsü ilə bu bayraq Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı elan edilərək yüksəklərə qaldırıldı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatəti və tələbi ilə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti «Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Azərbaycan Respublikasının Qanunu»nu qəbul etdi. Bu Konstitusiya Qanunu ilə (05.02.91, № 217-XII) ilə üçrəngli milli bayrağımız Azərbaycan Respublikasının Dövlət bayrağı kimi təsdiq edildi və bu müqəddəs istiqlal rəmzimiz bütün Azərbaycan üzərində dalğalanmağa başladı...

Xatırlayırsınızsa, bu yaxınlarda Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində asılmış dövlət bayrağı mayın 24-ü Nazirlər Kabinetində baş nazir Novruz Məmmədova təqdim olunub. Tədbirdə çıxış edən baş nazir dövlət bayrağının Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu ərəfədə Türkiyədən Azərbaycana gətirilməsini tarixi hadisə adlandırıb.

Yazıçı-tədqiqatçı, sosiologiya elmləri doktoru, İstanbul Universitetinin doktorantı Əfqan Vəliyev Azərbaycan Xalq Cümhuriyyəti parlamentində asılan dövlət bayrağını və həmin dövrə aid bir çox arxiv materiallarını – əlyazma məktubları, tarixi sənədləri, xəritələri baş nazirə təqdim edib. Əfqan Vəliyev bildirib ki, bolşevik işğalı nəticəsində ölkəni tərk etmək məcburiyyətində qalan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti nümayəndələrinin əksəriyyəti Türkiyəyə mühacirət edib. İctimai xadim Mirzə Bala Məmmədzadə də onlardan biri olub. O, 1920-ci ilin aprelində Xalq Cümhuriyyəti parlamentində asılan dövlət bayrağını da özü ilə qardaş ölkəyə aparıb. Mühacir həyatı sürən Mirzə Bala Məmmədzadə yaşadığı ölkələrdə – İranda, Türkiyədə, Polşada və Almaniyada bu bayrağı göz bəbəyi kimi qoruyub saxlayıb. Onun varisi bu bayrağın İstanbulda təhsil alan və Cümhuriyyətlə bağlı tədqiqat aparan Əfqan Vəliyevə verilməsini və Azərbaycana qaytarılmasını vəsiyyət edib. Dövlət xətti ilə İstanbul Universitetində təhsil alan tədqiqatçı Əfqan Vəliyev həmçinin Xalq Cümhuriyyəti hökumətinin mühacir nümayəndələrinin qohumları ilə əlaqələr yaradaraq o dövrə aid çoxlu arxiv materialları da əldə edib.

Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 9-da respublikamızda dövlət bayrağı gününün qeyd olunması haqda sərəncamlar imzalayıb. 2010-cu ildə isə Dövlət Bayraq meydanının təntənəli açılışı olub. Açılış mərasimində dövlət başçısının da vurğuladığı kimi, əzəmətli bayraqdan qürur duyan hər bir azərbaycanlının qəlbində bir müqəddəs arzusu var. Üçrəngli bayrağımızı Azərbaycanın işğal altında olan yaşayış məntəqələri üzərində ucaltmaq! Dövlət başçısı İlham Əliyevin milli maraqlara əsaslanaraq həyata keçirdiyi uğurlu diplomatiya və hərbi quruculuq siyasəti isə bu ülvi arzunun, prinsipial məqsədin gerçəkləşəcəyinə birmənalı olaraq əminlik yaradır.

Meydan üçün seçilmiş məkan dövlət bayrağının, paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. Bayraq meydanında ucaldılan Azərbaycan Dövlət Bayrağının dirəyinin hündürlüyü 162-metrdir. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir. Meydandakı bayrağın çəkisi təxminən 350 kq-dır. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himinin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanmışdır. Bayraq meydanında Dövlət Bayraq Muzeyi də yaradılıb. Səkkiz guşəli ulduz formasında olan muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, sovet hakimiyyətinin, xanlıqların, o cümlədən İrəvan xanlığının bərpa olunmuş bayraqları, gerblər, Respublikamızda fəaliyyət göstərən, müxtəlif illərində qəbul olunmuş konstitusiya broşürləri nümayiş olunur.

Arxivlərdə təxminən yüzədək müxtəlif medal eskizləri qorunub saxlanılır. Lakin bir çox sənədlər sovet hakimiyyəti illərində məhv edildiyindən dövlət rəmzləri və atributları haqqında məlumatlar dolayı mənbələrdən əldə edilir.

Dövlət Bayraq Muzeyi bugünki gündə nəinki Azərbaycan vətəndaşlarının, eyni zamanda ölkəmizə gəlmiş xarici ölkə vətəndaşlarının ən çox ziyarət etdikləri məkandır. Bu ilk növbədə bayrağımıza, dövlətçilik ənənələrimizə göstərilən yüksək dəyərin ifadəsidir. Unutmamalıyıq ki, Azərbaycan öz müstəqilliyini asanlıqla əldə etməyib və bu bayrağın dalğalanması üçün nə qədər qanlar tökülüb, nə qədər insanlar şəhid olub.

Yetişməkdə olan gənc nəsil bayramımızı qürur mənbəyi hesab edir. İndi Bayrağımız dünyanın 180-dən artıq müstəqil dövlətinin bayraqları ilə bir sırada dalğalanmaqdadır. Azərbaycan Respublikası bu gün üçrəngli milli, dövlət bayrağımızla müstəqillik yolları ilə inamla irəliləyir. Azərbaycanda bayraq hər zaman müqəddəs sayılıb.

 

 

Azərbaycan Respublikasının Bayrağı

Hər birimizin and yeridir

Hər birimizin fəxridir

Hər birimizin sevincidir

Hər birimizin canıdır

Hər birimizin qəlbidir

Hər birimizin qürurudur

Hər birimizin , hər birimizin.........

YIXILMAZ, ƏYİLMƏZ, SINMAZ

VƏ ALINMAZ QALASIDIR !

 

 

 

Bayramınız mübarək !

 

 

Azərbaycan Respublikası Prezidentinin

İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin

məsləhətçisi Zeynalova Mətanət.