1970-1980-CI İLLƏRİN ƏVVƏLLƏRİNDƏ AZƏRBAYCANDA HEYDƏR ƏLİYEVIN RƏHBƏRLİYİ ALTINDA BAŞ VERMİŞ DƏYİŞİKLİKLƏR

1970-1980-CI İLLƏRİN ƏVVƏLLƏRİNDƏ AZƏRBAYCANDA HEYDƏR ƏLİYEVIN RƏHBƏRLİYİ ALTINDA BAŞ VERMİŞ DƏYİŞİKLİKLƏR

                   

 

 

 

   Bu  gün  tam  əminliklə  söyləmək olar  ki,

                                      Azərbaycanın dövlət suverenliyi və iqtisadi

                        müstəqilliyi, sistemli  şəkildə  artan  xarici

                                                 iqtisadi  əlaqələri,  dünya  iqtisadiyyatına

                                      get- gedə daha dərindən  inteqrasiya olunması

                      hələ 1970-1985-ci illərdə təməli qoyulmuş

                xalq təsərrüfatı potensialına əsaslanır

                                                                                              Heydər Əliyev

 

 


1970-1980-ci illərin əvvəllərində Azərbaycanda Heydər Əliyevin rəhbərliyi altında baş vermiş dəyişikliklər etatist modernləşmənin yeni mərhələsi kimi

 

XX əsrin sonlarının fundamental transformasiyalar şəraitində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin strateji kursu sayəsində dinamik inkişaf edən dövlətə çevrilmişdir. Azərbaycan prezidenti İlham Əliyev 2010-cu ildə təntənəli surətdə Azərbaycanda keçid dövrünün başa çatdığını elan etmiş və ölkəmizin yaxın perspektiv hədəfini müəyyənləşdirmişdir: “Biz inkişaf etmiş ölkələrin sırasına daxil olmalıyıq” [1].

     2015-ci ilin iyul ayının 13-də cari ilin Nazirlər Kabinetinin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı çıxışında Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “Azərbaycan uğurla inkişaf edir”. İlham Əliyev qeyd etmişdir ki, neftin qiyməti aşağı səviyyədə olmasına baxmayaraq altı ay ərzində iqtisadiyyatımız inkişaf edib  5,7 faiz artmışdır, qeyri-neft sektorunda artım 9,2 faiz olub, sənaye istehsalı təxminən 4 faiz artmışdır. “Bu da son illərdə sənayeləşmə, yeni sənaye zonalarının yaradılması ilə bağlı görülmüş işlərin, tədbirlərin nəticəsidir”.

      Azərbaycan rəhbərliyi nəşr etdirdiyi “Azərbaycan – 2020: Gələcəyə baxış” inkişaf konsepsiyasında ölkəmiz qarşısında duran həlli vacib təməl vəzifələri açıqlamışdır. Azərbaycan Respublikasının qarşısında duran əsas məsələ kimi “dünya ölkələrinin inkişaf sürəti ilə müqayisədə geriliyə yol verməmək” vəzifəsi göstərilmişdir. Bu isə “ilk növbədə... orta və uzunmüddətli perspektivdə dünya iqtisadiyyatının xammal əlavəsinə və texnoloji “autsayderə” çevrilmək təhlükəsinin qarşısını almaq kimi mühüm məsələnin daim diqqət mərkəzində saxlanılmasını tələb edir. Karbohidrogen ixracı amili son onillikdə iqtisadi artımın əsas aparıcı qüvvəsi olsa da, hazırkı mərhələdə qarşıda duran əsas vəzifə qeyri-neft sektorunun daha sürətli inkişafına nail olmaq, iqtisadiyyatın səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq və onun innovasiya əsaslı irəliləyişini təmin etməkdir. Bu isəo deməkdir ki, artıq indidən ənənəvi iqtisadiyyatdan “bilik iqtisadiyyatına” keçidin əsası qoyulmalı, bunun üçün həlledici olan insan kapitalının adekvat inkişafı ön plana çəkilməlidir” [2, 7-8].

     Beləliklə, biliklərə əsaslanan innovasiya səciyyəli iqtisadiyyatın formalaşması ümumdövlət əhəmiyyətli prioritet vəzifə kimi müəyyən edilmişdir. Bu cür mövqe qlobal trendi tutmaqdadır; sonuncusuna görə, qloballaşan dünyamızda innovasiyalar iqtisadi yüksəlişin amillərindən birinə çevrilmişdir. İnnovasiya proseslərinin daim artırılması iqtisadi həyat fəaliyyətinin bütün sferalarını köklü surətdə dəyişdirir. Cəmiyyətdə elmin və innovasiyaların yeni sintezi təşəkkül tapır ki, o da sistemli və mütəşəkkil tərəqqiyə yol açır [3, 267].

     Bütün bunlar əvvəlki dönəmlərdə toplanılmış təcrübəni, o cümlədən SSRİ-də elmi-texniki inqilabın (ETİ) 1970-ci illərdəki mərhələsinin təcrübəsini öyrənmək zərurətini doğurur. Yaxın keçmişin təcrübəsi müasir şəraitdə taleyüklü transformasiya proseslərini yaşayan və beynəlxalq iqtisadi sistemdə öz yerini tapmağa çalışan ölkəmiz üçün önəmli nəzəri və əməli resurs kimi çıxış edir. Söylənilənlər o anlama da əsas verir ki, Azərbaycan özünün strateji inkişaf yolunu müəyyənləşdirərkən, o cümlədən rəqabətə qabil iqtisadi modeli formalaşdırarkən həm dövlətin modernizasiya proseslərində dominant rolunu nəzərdə tutan sovet təcrübəsini, həm də özəl təşəbbüsə söykənən Qərb təcrübəsini əxz edə bilər.

Heydər Əliyev Azərbaycan rəhbərliyinə 14 iyul 1969-cu ildə, çətin bir dövrdə gəlmişdi. 1969-cu il Azərbaycan üçün dönüş nöqtəsi oldu. Azərbaycan rəhbəri respublikada nəhəng dəyişikliklərə şərait yaratmış mühüm qərarların qəbuluna nail oldu. 1970-ci illərin Azərbaycan üçün epoxal önəmə malik bir dövr olduğunu konstatasiya etməliyik. Məhz o zaman Sovetlər Birliyinin digər respublikaları arasında sosial-iqtisadi inkişafın autsayderi olan respublikamız gerçəkdən nəhəng sıçrayışa nail oldu. Belə bir reallıq nəzərə alınmalıdır ki, əgər 1970-ci illər SSRİ iqtisadiyyatının artım sürətinin bir qədər aşağı düşməsi ilə əlamətdar olmuşdusa, Azərbaycan SSR o illərdə xalq təsərrüfatının bütün sahələrində öz tarixində görünməmiş artım templəri nümayiş etdirmişdi. Azərbaycan iqtisadiyyatı nümunəsində hətta sadəcə artımdan deyil, əsl iqtisadi inkişafdan danışmaq məqsədəuyğundur.

      Görkəmli iqtisadçısı və sosioloq Yozef Şumpeterə görə iqtisadi artım kəmiyyət dəyişiklikləridir, iqtisadi inkişaf isə hər şeydən öncə əvvəllər bəlli olmayan nə isə yeni bir şeyin, təbiri caizsə, innovasiyanın meydana gəlməsidir. Başqa sözlə, inkişaf artıma yönəlmiş olumlu keyfiyyət dəyişiklikləridir [4, 154-161]. Əgər Şumpeterin tərifi ilə razılaşsaq, etiraf etməliyik ki, 1970-ci illərdə Azərbaycan iqtisadiyyatında dəyişikliklərin səciyyəsi fundamental xassəli keyfiyyət dəyişmələrindən xəbər verir. Bu zaman Heydər Əliyevin yorulmaz fəaliyyəti sayəsində dövlətçilik resursunun artması baş verirdi.

Azərbaycanın ümummilli lideri artıq müstəqillik əldə edildikdən sonra XX əsrin respublikanın XX əsrin 70-80-ci illərinin əvvəllərində inkişafını belə dəyərləndirirdi: “1970-1985-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Baş verən dəyişikliklərin miqyasına, iqtisadi və sosial sahələrdə aparılan dərin struktur islahatlarının xarakterinə, xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçirilməsinə görə doqquzuncu, onuncu və on birinci beşilliklər Azərbaycanın yeni tarixində ən mühüm yerləri tutur...” [5, 145].

      Heydər Əliyevin həyatı haqqında bioqrafik romanın müəllifi E.Axundovanın qeyd etdiyi kimi, 1969-cu ilə kimi “ümumittifaq plenumlarında və müşavirələrində respublikanın adını hər zaman geridə qalmışlar sırasında çəkir, nümunə göstərəndə də mənfi planda göstərirdilər” [6, 20].

      1971-1975-ci illər həqiqətən də Azərbaycanın sosial-iqtisadi inkişafında dönüş yaratdı. Bu illər çatışmazlıqların aradan qaldırılması, sürəkli geri qalmanın ləğv edilməsi, xalq təsərrüfatının coşqun yüksəlişi dönəmi idi. Respublika rəhbərinin sərrast təbirincə, “Azərbaycanının tarixində görünməmiş yüksək inkişaf sürətinə nail olunmuşdu. Müharibədən sonrakı illərdə ilk dəfə olaraq beşillik plan bütün əsas göstəricilərinə görə vaxtından əvvəl yerinə yetirilmişdi” [7, 9]. Bu illərdə milli gəlir artımı 1,6 dəfə, sənaye məhsulunun artımı isə 2 dəfə səkkizinci beşilliyin müvafiq artımlarını üstələmişdi.

      Bu illərdə elmi-texniki tərəqqini müəyyən edən sənaye sahələrinin, o cümlədən elektrik energetikasının, maşınqayırmanın, kimya və neft-kimyanın sürətli inkişafını təmin etmək mümkün oldu, istehsalın ümumi həcmində onların pay çəkisi yüksəldi. Sənaye istehsalının ümumi həcmində maşınqayırma və metal emalının, kimya sənayesinin payı 18,2%-dən 20,9%-dək artdı, istehsalın effektivlik göstəriciləri nəzərəçarpacaq dərəcədə yaxşılaşdı [8, 148].

     Azərbaycan özünün əsas makroiqtisadi göstəricilərinə görə SSRİ-nin orta statistik səviyyəsini ötüb keçdi. Bütövlükdə ittifaq miqyasında Azərbaycanda sənaye məhsulunun həcmi 1970-1985-ci illərdə 2,9 dəfə artmışdı; onun artım tempinə görə respublikamız yalnız cüzi fərqlə Belarusdan geri qalaraq, ikinci yeri tutmuşdu [9, 120-124, 243]. 

       Respublikanın xalq təsərrüfatı nəinki kəmiyyət, bir o qədər və hətta ondan daha artıq keyfiyyət dəyişikliklərinə məruz qalmışdı. 1970-ci illərin ortalarında və ikinci yarısında sənayenin strukturunda ciddi dəyişikliklər baş vermiş, maşınqayırmanın yeni sahələri – avtomobilqayırma, yüngül və yeyinti sənayesi maşınqayırması, elektron sənayesi yaranmışdı. İnkişaf planlarına daha effektiv texnika və texnologiyaların tətbiqinin genişləndirilməsi, maşın sistemləri və avadanlıq komplekslərinin istehsalının yaradılmasını və mənimsənilməsini, məmulatların yeni mütərəqqi növlərinin buraxılışının artırılmasını nəzərdə tutan xüsusi bölmənin təşkili  daxil edilmişdi. Heydər Əliyevin qeyd etdiyi kimi, elmi-texniki tərəqqini müəyyənləşdirən sənaye sahələrinin qabaqlayıcı inkişafına xüsusi diqqət yetirilmişdi [10, 14, 18]. 

       Heydər Əliyev çıxışlarında respublika iqtisadiyyatının keyfiyyətcə yeni duruma keçidi probleminə toxunurdu. O deyirdi: “Biz respublika xalq təsərrüfatının inkişafının keyfiyyətcə yeni mərhələsinə çıxmışıq... İqtisadiyyatın artım sürətinin... inkişafında əsaslı dönüş yaradılması vəzifəsi qoyulmuş və müvəffəqiyyətlə həll edilmiş, indi biz onun ən qabaqcıl, mütərəqqi və perspektivli sahələrinin keyfiyyətcə inkişafı vəzifələrini həll edə bilərik” [7, 6, 7].

       Heydər Əliyevin o illərə aid mətnlərində “elmi-texniki tərəqqi”, “texniki (texnoloji) yenidən təchizat”, “yenidən qurma”, “modernləşmə” kimi anlayışları xüsusi olaraq diqqəti diqqəti çəkir.  H.Əliyev 1976-cı ilin oktyabr ayında məruzəsində demişdi: “Mahiyyət etibarı ilə biz Azərbaycanın inkişafının sosial, iqtisadi, elmi-texniki dəyişiklər səciyyəsinə görə həqiqətən tarixi əhəmiyyətə malik keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm basırıq” [7, 10-11, 20].

      Beləliklə, məruzədə söhbət məhz inkişafdan, yəni daha geniş təfsirdə cəmiyyətin keyfiyyətcə yeni duruma aparan tərəqqidən gedirdi. Faktiki olaraq H.Əliyev diskursunda industrial cəmiyyətin keyfiyyət etibarı ilə yeni mərhələsi haqqında təsəvvürlər görünməkdədir; bu mərhələni biz yeni industrial cəmiyyət deyə səciyyələndiririk. Sonrakı illərdə də respublikada struktur dəyişiklikləri, elmi-texniki tərəqqini müəyyən edən mütərəqqi sahələrin istehsalının genişləndirilməsi, istehsalın intensiv tipinə keçidi, istehsalat proseslərinin texniki rekonstruksiyası və modernləşdirilməsi nəzərdə tutulurdu. Artıq 1976-1980-ci illərdə milli gəlir planla nəzərdə tutulmuş 32% əvəzinə 44% çoxalmışdı [11, 12-13]. 

     Azərbaycan iqtisadiyyatının müsbət dinamikası on sonrakı illərdə də davam edirdi. 1982-ci ilin oktyabrında Heydər Əliyev raport verərək göstərirdi: “Yekunlara görə milli gəlir tapşırıqla nəzərdə tutulmuş 8% əvəzinə 13,1% artmışdır” [12, 10].

     Rəhbərliyinin ilk dövründə H.Əliyev iqtisadiyyatın intensivləşdirilməsinə böyük diqqət yetirir və onu sənaye inkişafının yeni pilləsinə keçid prosesində strateji məqsədlərdən biri hesab edirdi. Onun tərəfindən sənaye strukturunun təkmilləşdirilməsi bu məqsədə çatmağın mühüm istiqamətlərindən biri kimi qavranılırdı. Strukturun təkmilləşdirilməsi dedikdə isə elmi-texniki tərəqqinin nailiyyətlərini istehsalata tətbiq etməyi nəzərdə tuturdu.

     Heydər Əliyev xalq təsərrüfatı kompleksinin modernləşdirilməsində və texniki cəhətdən yenidən təchizatında maddi, sosial, idarəçilik faktorları ilə yanaşı mənəvi amilləri də əsas götürürdü. O, hesab edirdi ki, inkişaf və tərəqqi azsaylı insanın nəsibi olmamalıdır.

     Gətirilən faktlar, statistik məlumatlar görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyilə göstərilən müddət ərzində Azərbaycanın xalq təsərərrüfatının sosial-iqtisadi inkişafında gerçəkləşdirdiyi nəhəng sıçrayışı əyani şəkildə nümayiş etdirir. H.Əliyev sonralar qlobal iqtisadi sistemdə hakim olan təmayülləri bəsirətlə müəyyən etmişdi. Gətirilmiş bilgilərə onu da əlavə edərdik ki, 1969-1982-ci illər ərzində respublikanın ümumi daxili gəlirində elmtutumlu, texnoloji məmulatların payı 0,2%-dən 26%-ə çatdırılmışdı [13, 122].

Məhz Heydər Əliyevin dövlətçilik fəaliyyətində səriştəlilik, icadçılıq, məsuliyyətlilik fenomenal şəkildə üzə çıxmışdı. H.Əliyev nəinki ensiklopedik biliklərə malik strateji təfəkkür və analitik zəka sahibi idi. Onun heç də az əhəmiyyəti olmayan daha bir keyfiyyəti – intuisiyası var idi. Məhz intuisiya, fəhm, “sezgi” bəzən məntiqi əqli nəticələrin çalışmadığı bir şəraitdə qeyri-adi qərarlar qəbul etməyə imkan verirdi.

Azərbaycanın iqtisadiyyatında və sosial strukturunda baş vermiş dəyişikliklərin xarakteri bizə belə bir əsas verir göstərək ki, məhz 1970-1980-ci illərin əvvəllərində Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dönəmdə respublikada yeni sosial-iqtisadi situasiyanın konturları aşkara çıxmaqda idi; onun mahiyyət cəhətləri kimi elmi tutumluluq və koqnitiv-innovasiyalı yönümlülük amilləri üstünlük edirdi. Bu səbəbdən H.Əliyevin fəaliyyəti etatist modernləşmə kontekstində keyfiyyətcə yeni mərhələ kimi təsnif edilə bilər.

 

Ədəbiyyat

 

1. İlham Əliyev Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimdə iştirak etmişdir // http://az.president.az/articles/640

2. Azərbaycan – 2020: Gələcəyə baxış” inkişaf konsepsiyası // http://www.president.az/files/future_az.pdf

3. Белл Д. Грядущее постиндустриальное общество. Опыт социального прогнозирования/Перевод с английского. Изд. 2-ое, испр. и доп. — М.: Academia, 2004, 940 c.

4. Шумпетер Й. Теория экономического развития. М.:Прогресс, 1982, 455 с.

5. Əliyev H. Müstəqilliyimiz əbədidir. Otuz birinci kitab (noyabr, 2010 – yanvar 2001). Bakı, Azərnəşr, 2010, 512 s.

6. Ахундова Э. Гейдар Алиев. Личность и эпоха. Ч. II. (1969-1982). Баку, «Озан», 2007, 840 с.

7. О задачах партийной организации республики по выполнению Постановления ЦК КПСС «О результатах рассмотрения предложений ЦК Компартии Азербайджана по развитию отдельных отраслей промышленности республики в 1976-1980 гг.». Материалы пленума ЦК КП Азербайджана от 18 октября 1976 г. Доклад кандидата Политбюро ЦК КПСС, первого секретаря ЦК Компартии Азербайджана товарища Г.А.Алиева. Баку, Азернешр, 1976

8. Самедзаде З.А. Структура и эффективность общественного производства (на материалах Азербайджанской ССР). Баку, Издательство Элм, 1980, 208 s.

9. Nadirov A.A. Müstəqil Azərbaycan iqtisadiyyatının inkişaf mərhələləri. Bakı, Elm, 2001, 452 s.

10. О задачах партийной организации республики, вытекающих из решений Октябрьского (1976 г.) Пленума ЦК КПСС и речи Генерального Секретаря ЦК товарища Л.И.Брежнева. Доклад кандидата Политбюро ЦК КПСС, первого секретаря ЦК Компартии Азербайджана товарища Г.А.Алиева. Баку, Азернешр, 1976, 57 c.

11. Алиев Г.А. Отчет Центрального Комитета КП Азербайджана XXX съезду Коммунистической Партии Азербайджана. Доклад 28 января 1981 года. Баку, Азернешр, 1981

12. Алиев Г.А. Доклад на пленуме ЦК Компартии Азербайджана 22 октября 1982 г. Баку, Азернешр, 1982

13. Abbasov Əli. Azərbaycan iqtisadiyyatının inkişafında Heydər Əliyev mərhələsi // Xalqın böyük xilaskarı. H.Əliyevin 32 illik rəhbərlik dövrünə və Azərbaycanın müstəqilliyinin 10 illiyinə həsr olunmuş elmi-nəzəri konfransın materialları. Bakı, 2001.

 

 

                                                   Lətifə Əliyeva, tarix üzrə fəlsəfə doktoru, 

                                                    elmi işlər üzrə direktor müavini