GÖRKƏMLİ DÖVLƏT XADİMİ ƏZİZ ƏLİYEV

 GÖRKƏMLİ DÖVLƏT XADİMİ ƏZİZ ƏLİYEV

Böyük ziyalı, tanınmış dövlət xadimi Əziz Əliyev haqqında arxivdə tariximiz üçün qiymətli sayılan sənədlər var. Ə.Əliyev 1897-ci ildə İrəvanda, yoxsul kəndli ailəsində anadan olub. 1914-cü ildə İrəvan gimnaziyasının 6-cı sinif şagirdi olan Ə.Əliyev,  ailəsinin ağır maddi durumuna yardım məqsədilə erkən yaşlarında əmək fəaliyyətinə başlamağa məcbur olub. O, səhərlər dərsə gedir, axşamlar isə özü müəllimlik etməklə pul qazanmağa çalışıb. Gimnaziyanı bitirdikdən sonra məşhur xeyriyyəci və mesenat Hacı Zeynalabdin Tağıyevin vəsaiti ilə Peterburq Hərbi-Tibb Akademiyasına daxil olub, lakin 1920-ci ildə valideynlərinin ölümü onu təhsilini yarımçıq qoyaraq Naxçıvanın Şahtaxtılı kəndinə gəlməyi vadar edib. Burada bir müddət tibb məntəqəsində işləyir, 1927-ci ildə Bakıya köçür və paytaxtda onun parlaq əməli, elmi və siyasi fəaliyyəti başlayır.

Azərbaycan SSR Xalq Komissarları Sovetində kargüzar, katib kimi işə başlayan Ə.Əliyev qısa müddətdə Tibb institutunda həkim-ordinator, Səhiyyə Komissarlığında şöbə müdiri, Dövlət Klinik İnstitutunun direktoru vəzifələrinə kimi yüksəlir. 

1930-40-cı illərdə ona  məsuliyyətli vəzifələr tapşırılır. 1932-34-cü illərdə Tibb institutunun rektoru, 1934-35-ci illərdə Bakı səhiyyə şöbəsinin müdiri, 1935-38-ci illərdə Tibb institutu ilə yanaşı Azərbaycan Dövlət Universitetinin rektoru,

 1938-39-cu illərdə Azərbaycan SSR Rəyasət Heyətinin katibi, 1939-cu ildə Səhiyyə Komissarı, 1941-42-ci illərdə Azərbaycan KP MK-nın katibi, həmin dövrdə hərbi şuranın üzvü, və, nəhayət, 1942-48-ci illərdə Dağıstan vilayət partiya komitəsinin birinci katibi vəzifəsində çalışır. 1949-1950-ci illərdə Moskvada Ali Partiya təhsili alan Ə.Əliyev, bir müddət ÜİK(b)P-nin MK-sında inspektor işləyir, 1950-ci ildə isə Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini vəzifəsinə təyin edilir. Yüksək dövlət və hökumət vəzifələrində çalışmış Ə.Əliyev, həyatı boyu halal zəhmətlə, şərəf və namusla yaşamış, xalqına və dövlətinə sədaqətlə xidmət etmiş, yüksək insani keyfiyyətlər nümayiş etdirmişdir. Arxiv sənədləri Azərbaycan səhiyyəsinin təşəkkülündə və inkişafında, respublikada tibbi kadrların hazırlanmasında, səhiyyə ocaqlarının açılmasında və digər nəcib və məsul  işlərdə Ə.Əliyevin əvəzolunmaz 

xidmətləri olduğunu təsdiqləyirlər. Azərbaycan xalqı, Dağıstan zəhmətkeşləri və ilk növbədə dövlətimiz böyük şəxsiyyət Ə.Əliyevin əməyinə layiqli qiymətini vermiş, onun xatirəsini daim əziz tutmuşdur.