Şər də azar kimidir, gələndə batmanla gəlir.
...Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə 1988-ci ilin fevral ayının 26-da Naxçıvandan bir cinayət informasiyası daxil olmuşdu: Yerevan şəhər sakinləri V. Aleksanyan və Z. Xaçaturyan adlı iki erməni sərxoş vəziyyətdə Naxçıvanda Q. Hüseynovun etimadını qazanıb aldadaraq mənzilinə daxil olmuş, ona və qızına bıçaqla ağır bədən xəsarəti yetirmişlər.
Bu hadisədən Xocalı vəhşətinin törədiləcəyi, insanlığın susub göz yumduğu o şər mücəssəməsi vəhşət gecəsinə hələ dörd il var idi...
Və o müdhiş rəzalətədək erməni seperatçıları və qanunsuz silahlı dəstələri “miatsum” işğalçılıq siyasətinin başgicəlləndirici “arzu və cinayət” hökmü ilə Şimali Qafqazdan tutmuş, Ağrı dağının ətəklərinədək olan böyük bir coğrafiyada azərbaycanlılara qarşı milli zəmində 530-dan çox cinayət törədəcəklər. Onlar yol gedən soydaşlarımızın qarşısını kəsib döyəcək, avtomobillərini saxladıb məhv edəcək, Bakıya gələn qatarları daşa basacaq, örüşlərimizə hücum edib xalqın mal-qarasını oğurlayıb aparacaq, su kəməri, dəmiryol, telefon xətlərini, körpüləri partladaraq Azərbaycana qarşı fitnələr törədəcək, sərnişin avtobuslarımızı, evləri yandırıb yararsız hala salacaq, Bakı ərazisinə gizli yolla partladıcı qurğular keçirib terror aktları törədəcəklər. İnsanlığa yaraşmayan bu cür hallara və buna bənzər qanunsuzluqlara qarşı göz yuman, ikili standartlarla Ermənistan – Azərbaycan münaqişəsini erməni himayədarlığı pərdəsi altında ört-basdır etməyə çalışan mərkəzi İttifaq dövlətinin hakim dairələri məsələnin hansı bir faciəyə istiqamət alacağından hətta ehtiyat da etmirdi. Sanki problemin hər anı nəzarətdə idi və gözəgörünməz əllə idarə olunurdu. Tökülən qanlar, yurd-yuvasından didərgin düşənlər Azərbaycandan başqa heç bir varlığı rahatsız etmirdi. Zaman və həyat qanlı-qadalı gələcəkdən xəbər verərək sürətlə 88-ci ilin fevralına üz tutmuşdu.
Atalar yaxşı deyib: Azərbaycan daş qazandır – gec qaynayar, gec də dəmdən düşər. Budəfəki erməni xəyanətinə qarşı da belə oldu, Azərbaycan aylarla səbirli davrandı, davam edən neodaşnakçılığa qarşı ilk etiraz sədasını ancaq səkkiz ay sonra Bakıda, 1988-ci ilin noyabr ayının 17-də indiki Azadlıq meydanından ucaltdı. Şuşanın əzəmətli Topxana meşəsinin vəhşicəsinə qırılması xalqın səbir kasasını doldurmuşdu. Ölkədə mitinqlər ara vermirdi. Məqsəd ədalətsizliklərlə qarşılaşmış bir millətin həyəcan təbilini Mərkəzə – Kremlə çatdırmaq idi.
Beləliklə, Meydan hadisələri inkişaf edərək Azərbaycan Milli-Azadlıq Hərəkatına çevrildi. Bu hərəkatı da qarşıda dəhşətli hadisələr gözləyirdi.
Göründüyü kimi, faciələrə uzanan yol “Meydan hərəkatı” adı altında milli tariximizə daxil olmuş anti-sovet ictimai-siyasi yönlü ümumxalq etirazlarından xeyli əvvəl başlamışdı. Azərbaycandakı 1988-ci ilin 17 noyabr – 5 dekabr tarixli mitinqlər amansızcasına yatırıldı. Əvəzində “Ermənistan SSR” adlandırılmış vətən torpaqlarında əsrlər boyu yaşamış soydaşlarımıza qarşı təxribatlar, hədələyici fitnəkarlıq və qətllər artdı, hər cür qanunsuzluqlara ara vermədən növbəti deportasiya siyasətinə rəvac verildi. Qərbi azərbaycanlıların Azərbaycana doğru axını başladı. Onlardan bir qrupu, oxşar tale yaşayan axıska türklərinin də böyük bir hissəsi Özbəkistandan didərgin düşüb, Azərbaycana pənah gətirdi, Xocalıda məskunlaşmağa möhtac oldu. Xankəndindən qovulmuş bəzi azərbaycanlı ailələr də burada yuva saldı. Hər gün dərd üstünə dərd gəldi, ona görə ki, ev-eşiyini atmaq məcburiyyətində qalanlar bu dəfə də Xocalıda isti ocaq qura bilmədilər: ya bu torpaqlarda qəddərcasına həlak edildilər, ya da məşəqqətlər içində başlarını götürüb qaça bildilər...
Xocalı Azərbaycanın qədim yaşayış məskənlərindən biri olsa da, rayon kimi 1991-ci il noyabr ayının 26-da Əsgəran rayonunun əsasında yaradılmışdı. Tərkibinə 1 şəhər, 2 qəsəbə, 50 kənd daxil idi. Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə (Ağdam şəhərinin 18, Xankəndi şəhərinin 14 km-liyində) yerləşən, hərbi cəhətdən mühüm strateji mövqeyə malik bu əraziləri işğal etməklə, həmin məntəqədən keçən Əsgəran-Xankəndi avtomobil yolunu, aeroport və dəmiryol qovşağını ələ keçirmək və hərbi üstünlük qazanmaq Ermənistan silahlı qüvvələrinin əsas məqsədi idi. Çünki işğalın davamı olmalı idi.
Buradakı uzaq keçmişin milli-mənəvi izlərini yaşadan qədim maddi-mədəni abidələri də işğal etməklə onları ya özününküləşdirmək, ya məhv edib elmi dövriyyədən çıxarmaq da həmin riyakar planın tərkib hissəsinə daxil olunmuşdu. Azərbaycan dövləti tərəfindən hifz edilib qorunan, miladdan əvvəl XIV-VII əsrlərə aid, Xocalı-Gədəbəy mədəniyyətinə məxsus abidələrin yerləşdiyi bu məkanda arxeoloqlar son bürünc və ilkin dəmir dövrlərinə məxsus daş dəfn qutuları, kurqanlar və nekropollar tapmış, dairəvi qəbr və mavzoleylər əsasında bu torpaqlarda yaşamış əski insanlarımızın həyat və məişəti barədə maraqlı mülahizələri faktlaşdıra bilmişdilər. Qazıntılar zamanı buradan müxtəlif daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılmışdı. Alimlər sübut etmişlər ki, tapılan muncuq dənələrindən birinin üstündə hətta Assuriya şahı Adadnerarinin ( e.ə. 807–788-ci illər) adı yazılmışdır. Qədim türk tayfalarına məxsus rəmzlərlə – qoç və yəhər şəkilli xeyli qəbir daşları, müqəddəs ziyarətgahları olan bu məkanın sakinləri əsrlər boyu dinc və humanist əməklə – bağçılıq, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul idi. Müasir Xocalının da camaatı iş-gücünü belə qurmuşdu, onların arasında Xocalı Toxuculuq fabrikində işləyənlər də vardı, yeni nəsil isə 2 orta məktəb və 2 natamam orta məktəbə gülə-gülə dərsə gedib, evə qayıdırdılar. Ancaq erməni vəhşəti bu insanların hamısının arzusunu gözlərində qoydu...
Bax, bu zənginliyin və insaniyyətin də Ermənistan tərəfindən darmadağın olunması faktı da bəşəriyyətə qarşı qətliamdır, Xocalı soyqırımının bir qoludur.
Sakitlik, dinc həyat Qarabağdan qaçaq düşmüşdü. Hər gün gələn məlumatlar müharibə xəbərlərinə bənzəyirdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Dağlıq Qarabağ: Hadisələrin xronikası (1988 – 1994-cü illər)” kitabını sakit-sakit vərəqləmək mümkün deyil, onun həyəcan dolu hər sətirindən mənəvi gərginlik yagır.
Xocalı 1991-cı ilin oktyabrından artıq blokadada idi. Oktyabrın 30-dan etibarən şəhərə aparan bütün avtomobil yolları bağlanmış, yeganə nəqliyyat vasitəsi kimi ancaq vertolyot qalmışdı. Dəhşət – həmin ilin noyabr ayının 20-də qonşu Xocavənd rayonunun Qarakənd kəndinin səmasında Azərbaycanın və digər respublikaların yüksək vəzifəli dövlər məmurlarının və hüquq-mühafizə orqanları əməkdaşlarının, jurnalistlərin olduğu vertolyot erməni silahlılarının yerdən açılan atəşilə vurularaq daha bir faciə törədildi, bütün Azərbaycan yas yerinə çevrildi...
Bir neçə ay sonra daha bir faciə – Şuşa–Ağdam arası camaatı təhlükəsiz yerə daşıyan mülki vertolyotun vurulması və içindəki 40 nəfər azərbaycanlının həlak olması Xocalı ilə də hava əlaqəsinə son qoymağa məcbur etdi. Yanvarın 2-dən şəhərə elektrik enerjisi də kəsilmirdi. Xocalının dinc sakinlərini ancaq cəsur eloğlularımız, kiçik bir qrup yerli milis işçiləri tərəfindən müdafiə olunurdu. 1992-ci il fevral ayının 17-də Qaradağlı kəndi də qətliam yerinə çevrildikdən sonra Xocalı erməni silahlı dəstələrinin mühasirəsində qaldı.
Xocalıya hücum 1992-ci il fevral ayının 25-də gecə saatlarında sovet ordusunun 366-cı alayı və Ermənistan silahlılarının birgə hücumu ilə başlanılmışdı. Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta onların nəşinin götürülməsi belə mümkün olmamışdı. Bir neçə gün sonra telereportyor Çingiz Mustafayevin də olduğu bir vertolyot yüzlərlə qocanın, cavanın, uşağın, qız-gəlinin, baba və nənəin cansız bədəninin səpələndiyi Xocalının şaxtalı çölündə yerə enərək, bu gün dünyanın insanpərvər ictimaiyyətini inildədən, qanürpədici görüntüləri lentə alıb əbədiləşdirəcək. O kadrlarda hətta Müqəddəs kitablardakı sözə də yer yoxdur, ancaq rəhmətlik Çingizin hıçqırtıları, bir də məsum insanlarımızın “nahaq qan yerdə qalmaz” – deyən soyuq baxışları var.
... Erməni vəhşəti demokratiya və ədalət bağıran dünyanın gözü qarşısında tüğyan edirdi. Dünya ictimaiyyətindən törətdikləri cinayətin bədəlini ödəmək ittihamını eşitməyən, vicdan əzabı çəkmədən Xocalıda törətdikləri vəhşəti “hay qəhrəmanlığı” kimi təbəssümlə bəyan edib, özünə siyasi karyera hazırlayan riyakarlar və qatillər ordusu kod adı «dağlarda toy» olan növbəti faciənin – Şuşaya hücumun hazırlığına başlamışdı...
Elçin CABBAROV,
filologiya üzrə fəlsəfə doktoru,
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
Siyasi Sənədlər Arxivinin baş elmi işçisi.