“Azərbaycan həqiqətləri yeni rakursdan” layihəsi üzrə növbəti seminar keçirilmişdir
A+   A-

2019-cu il dekabrın 13-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivində (ARP İİ SSA) 1881-1919-cu illərdə nəşr olunan rusdilli “Kaspi” qəzetinin materialları əsasında hazırlanmış “XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda maarifçilik məsələləri” mövzusunda seminar keçirildi. Seminarı açıq elan edən ARP İİ SSA-nın direktoru Elmira Ələkbərova öz çıxışında qeyd etdi ki, SSA-da mühafizə olunan dövrü mətbuat nümunələrinin araşdırılması, istər XX əsrin əvvəllərində, istərsə də sonrakı dövrdə baş verən sosial-siyasi proseslərə dair maraqlı məlumatların əldə olunmasına kömək edir. ARP İİ SSA-da bu istiqamətdə aparılan işlər haqqında qısa şərh verən E. Ələkbərova arxivin elmi kitabxanasında mühafizə olunan “Kaspi” qəzetinin saylarının müasir standartlara uyğun texnologiyalara əsasən yüksək səviyyədə bərpa edilib, qorunub saxlanmasının vacibliyini vurğuladı və bildirdi ki, görülən işlər gələcək nəsillərin mənbələr əsasında tarixi keçmişimizin öyrənməsində ümdə əhəmiyyət kəsb edir. Sonra E. Ələkbərova sözü ARP İİ SSA-nın əməkdaşı Lalə Hacıyevaya verdi.

  1. Hacıyeva çıxışında bildirdi ki, 1881-1919-cu illərdə Bakıda nəşr olunan rusdilli “Kaspi” qəzeti müsəlman “Kaspi”si kimi də adlandırılmışdır. Məruzəçi mətbəə və kitabxana mövzularına toxunaraq qeyd etdi ki, o dövrdə Azərbaycan xeyriyyəçiləri ölkədə maarifin inkişafına maddi və mənəvi dəstək vermiş və bu həqiqətlər “Kaspi” qəzetində nəşr olunmuş məqalələrdə öz əksini tapmışdır. Bu məsələyə toxunan L. Hacıyeva seminar iştirakçılarının diqqətinə çatdırdı ki, bu mətbuat orqanının 1893-cü il 255 saylı nəşrində dərc olunan məqalə H. Z. Tağıyevin maarif məsələlərinə xüsusi diqqət yetirdiyini, böyük xeyriyyəçinin o dövrdə Bakıda yaranan yeni kitabxanaya etdiyi yardımı geniş işıqlandırmışdır. Məruzəçi eyni zamanda göstərilən dövrdə maarif problemi ilə bağlı materialların yalnız “Kaspi” qəzetində deyil, ARP İİ SSA-nın elmi kitabxanasında saxlanılan “Весь Кавказ” məcmuəsində, “Ziyayi-Qafqaziya” və “Şərqi-Rus” qəzetlərində də nəşr edildiyini vurğulayaraq, bildirdi ki, F. Köçərlinin 1903-cü ildə Tiflisdə “Весь Кавказ” məcmuəsində nəşr olunmuş “Литература адербейджанских татар” adlı məqaləsində ölkədə təhsilin vəziyyəti diqqətə çatdırılmış və ilk Azərbaycan məktəbinin XVIII əsrin sonlarında Molla Pənah Vaqif tərəfindən Qarabağda açıldığı göstərilmişdir.

Növbəti məruzədən öncə ARP İİ SSA-nın elmi katibi Həcər Verdiyeva ARP İİ SSA-nın əməkdaşı Ülkər Həmidovanın hazırladığı “Azərbaycan mühacirət ədəbiyyatının ilk nümunəsi “Yeni Qafqasya” məcmuəsi” adlı məruzənin özünəməxsusluğunu seminar iştirakçılarının diqqətinə çatdıraraq bildirdi ki, məruzəçi mövzunu öyrənərkən əski əlifbada nəşr olunmuş mətbu orqanlar ilə işləmişdir. H. Verdiyeva onu da diqqətə çatdırdı ki, əski əlifba ilə yazılmış mənbələr əsasında hazırlanmış məruzə bu layihə çərçivəsində ikinci araşdırmadır. Bu istiqamətdə aparılan ilk tədqiqat işi 2018-ci ilin oktyabrında arxivin əməkdaşı Sevinc Quluyevanın seminara təqdim etdiyi “Şəfiqə Əfəndizadə – mübariz qadın” adlı məruzə olmuşdur.

 Ülkər Həmidova çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) süqutundan sonra müxtəlif ölkələrdə sığınacaq tapmış Azərbaycan ziyalıları və ictimai-siyasi xadimlərinin Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün səylər göstərdiyini, təşkilatlar yaratdığını, lakin bu təşəbbüslərin gözlənilən nəticə vermədiyini bildirdi. Məruzəçi M.Ə. Rəsulzadənin Azərbaycan SSR-də baş verən sosial-siyasi proseslərin reallığını göstərmək məqsədi ilə 1923-cü ildə Türkiyədə “Yeni Qafqasya” adlı məcmuəni təsis etdiyini, onun ilk sayının 1923-cü il 26 sentyabrda (Rumi təqvimi ilə 26 Eylül 1339) işıq üzü gördüyünü auditoriyanın diqqətinə çatdırdı. Jurnalın ilk sayında nəşr olunan məqalələr haqqında məlumat verən məruzəçi daha sonra həmin sayda M.Ə. Rəsulzadənin imzasız nəşr olunmuş “Atəş çalan Promete” məqaləsini geniş təhlil etdi.

Hər iki məruzə seminar iştirakçıları tərəfindən maraqla dinlənilmiş və mövzu ilə bağlı fikir mübadiləsi aparılarkən vurğulanmışdır ki, ARP İİ SSA-da mühafizə olunan mənbələrdən istifadə edən məruzəçilər Azərbaycanın tarixi keçmişini düzgün qiymətləndirmiş və Azərbaycan həqiqətlərini işıqlandırmışlar.

   380 dəfə baxılıb