A+   A-

Elmira ƏLƏKBƏROVA

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

Siyasi Sənədlər Arxivinin direktor müavini

 

 

 

XX ƏSRİN II YARISINDA ERMƏNİ TERRORUNUN QURBANLARI

 

İstər qədim, istərsə də müasir tarixə nəzər salanda görürük ki, hər bir xalq məqsəd və amallarına çatmaq yolunda mübarizədə adətən özünün sahib olduğu dəyərlərdən, müəyyən bəşəri xüsusiyyətlərindən istifadə edir: döyüşkən xalqlar mübarizədə “ya qələbə, ya ölüm” şüarını, hiyləgərlər, zirənglər “Troya atı” prinsipini, sülhsevər, humanist xalqlar isə sülh, danışıqlar yolunu seçir və s. Bunun məntiqi davamı kimi görürük ki, “Böyük Ermənistan” dövlətinin yaradılmasını qarşılarına məqsəd qoymuş qəddar, qaniçən, qatı şovinist ermənilərin də bu amallarına çatmaq üçün seçdikləri yol məhz terror olmuşdur. XIX əsrin sonlarından başlayaraq ermənilər tərəfindən yaradılmış “Armenakan”, “Hnçak”, “Daşnaksütyun”, ASALA, “Geqaron”, “Erməni gizli azadlıq ordusu”, “Erməni azadlıq hərəkatı”, “Erməni azadlıq cəbhəsi”, “Demokratik cəbhə”, “Apostol”, “Erməni birliyi”, “Orli qrupu” və bir sıra digər radikal təşkilatlar terror aktlarından, sui-qəsdlərdən geniş istifadə etmişlər.

Bu terrorçu təşkilatların nizamnamələrinə nəzər salsaq, görərik ki, onlarda bəşər qanunlarına, insan hüquqlarına zidd olan bəndlər yer almışdır. “Hnçak” partiyasının nizam­naməsinin 4-cü bəndində terror – xalqda ruh yüksəkliyi yaratmaq, xalqı müdafiə etmək, xalqın etimadını qazanmaq metodu kimi təqdim edilir və partiyanın Osmanlı hökumətinə qarşı terroru dəstəklədiyi, dağıdıcı təşkilatların yaradılmasını qarşısına məqsəd qoyduğu bəyan edilmişdir.

Ermənilər bu bəyanatlarını yalnız kağız üzərində qeyd etməklə kifayətlənməmiş və planlı şəkildə həyata keçirmişlər. Təkcə 1904-1906-cı illərdə erməni terror qruplaşmaları 105 siyasi qətl həyata keçirmişdilər. Bütün dünyaya məlum olduğu kimi, erməni terrorunun əsas hədəfi ilk gündən türk xalqı olmuşdur. Lakin bu da faktdır ki,  onlar hətta öz millətlərindən olan, lakin onların planları ilə razılaşmayan, yaxud terrorun dəstəklənməsinə pul ayırmayanları da qətlə yetirməkdən çəkinmirdilər.

XX əsrin birinci yarısında ermənilər tərəfindən törədilən qırğınlar zamanı Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda və Azərbaycanın bir sıra digər bölgələrində 2 milyona yaxın insan xüsusi qəddarlıqla qətlə yetirilmiş, öz doğma yurdlarından didərgin salınmış, bir çox kəndlər, milli memarlıq abidələri, məscidlər dağıdılmışdır. Bakıdan başlanan bu vəhşiliklər Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində də xüsusi qəddarlıqla həyata keçirilmişdir. Erməni quldurları İrəvan quberniyasında 211, Zəngəzurda 115, Qarsda 92, İğdır və Eçmiədzin qəzalarında 60, Göycə mahalında 22, Sürməli qəzasında 96, Yeni Bəyaziddə 84, Şərurda 76, Vedibasarda 118, Dərələyəzdə 74 kəndi yerlə yeksan etmiş, yerli əhalinin böyük bir hissəsini qətlə yetirmişlər.

Kütləvi qırğınlarla türk xalqına qarşı olan haqsız nifrətlərinin odu sönməyən erməni cəlladları XX əsrin ortalarından başlayaraq öz terror siyasətlərinin yeni mərhələsinə qədəm qoymuşlar.

Erməni terrorunun həmin yeni mərhələsində – XX əsrin II yarısında törədilmiş “siyasi” terror aktlarının qısa xronologiyasına nəzər salaq.

XX əsrin 70-ci illərinə təsadüf edən yeni mərhələ 1973-cü ilin yanvar ayında ABŞ-da Türkiyənin Los-Anjelesdəki baş konsulu Mehmet Baydarın və daha bir türkiyəli diplomatın qətli ilə başlanmışdır. Elə həmin ilin aprelində Parisdə, oktyabrında Nyu-Yorkda ermənilər tərəfindən müxtəlif türk agentlikləri, həmçinin Türkiyə səfirliyi yaxınlığında bomba partladılsa da, zərərçəkən olmamışdır. Onu da qeyd edək ki, ermənilərin terror aktları insan tələfatı ilə nəticələnmədiyi halda belə, hər zaman qarşı tərəfin külli miqdarda maddi zərərinə səbəb olmuş, Türkiyə səfirliklərinin, türk banklarının xarici ölkə filiallarının, hava limanlarının və sairənin yerləşdiyi tikililərə çox ziyan dəymiş, bəziləri tam yararsız hala salınmışdır.

1975-ci ildə 4 dəfə – yanvar, fevral və oktyabr aylarında Beyrutda, oktyabrda Vyanada və Parisdə 3 türkiyəli diplomat erməni terrorunun qurbanı olmuşlar.

1976-cı ilin fevralında Beyrutda, mayında Almaniyanın Frankfurt, Essen, Koloq şəhərlərində, eləcə də Sürixdə törədilmiş terror aktlarında yenə Türkiyə səfirlikləri hədəfə alınmış, nəticədə 1 türkiyəli diplomat qətlə yetirilmişdir.

1977-ci ilin martında Beyrutda, may ayında Paris və İstanbulda, iyunda Sürix və Vatikanda, oktyabrında isə Los-Anjelesdə törədilmiş terror aktlarında 9 nəfər (3-ü türkiyəli diplomat) qətlə yetirilmiş, 52 nəfər yaralanmışdır.

1978-ci ilin yanvarında Brüsseldə, iyun ayında Madriddə, dekabr ayında isə Cenevrədə terror aktı nəticəsində 2 nəfər qətlə yetirilmişdir.

1979-cu ildə terror aktları daha da intensivləşmişdir. Həmin ilin iyun ayında Parisdə, avqust ayında Cenevrə və Frankfurtda, oktyabr ayında Kopenhagen, Haaqa və Milanda, oktyabr ayında yenə Haaqa və Milanda, noyabrda Paris, Roma və Madriddə, dekabr ayında yenə Roma, Paris, London, Amsterdamda törədilmiş terror aktları nəticəsində 1 nəfər ölmüş, 28 nəfər yaralanmışdır. Onu da qeyd edək ki, təkcə Roma şəhərində Roma şəhərində dekabr ayında ermənilər düz 3 dəfə terror aktı həyata keçirmişlər.

1980-ci il də ermənilərin törətdiyi terrorlarla yadda qalmışdır. Belə ki, həmin il ermənilər 33 terror aktı həyata keçirmişlər. Onlardan on biri oktyabr ayında baş vermişdir. Bu il ərzində Tehran, Madrid (3 dəfə), Brüssel, Paris (3 dəfə), Bern, Roma (5 dəfə), Marsel, Afina, Lion, Nyu-York (2 dəfə), Cenevrə (3 dəfə), Milan, Los-Anjeles (2 dəfə), Beyrut (2 dəfə), London (3 dəfə), İnterlaxen, Marsel və Sidneydə törədilmiş terror aktları güclü dağıntılarla nəticələnmiş, 9 nəfər (3-ü türkiyəli diplomat) qətlə yetirilmiş, və 30-dan çox insan yaralanmışdır.

1981-ci il ərzində isə ermənilər 35 terror aktı törətmişlər. Yanvar ayından başlayaraq, Paris (14 dəfə), Milan, Los-Anjeles (5 dəfə), Tehran (3 dəfə), Kopenhagen, Cenevrə (4 dəfə), Bern (2 dəfə), Lozanna, Roma, Madrid, Beyrut (2 dəfə) şəhərlərində erməni terroru nəticəsində 5 nəfər (3-ü türkiyəli diplomat) qətlə yetirilmiş və 44 nəfər (3-ü türkiyəli diplomat) yaralanmışdır.

1982-ci ildə həmçinin ermənilər öz mənfur fəaliyyətlərini davam etdirmiş və il ərzində 25 terror aktı həyata keçirmişlər. Toronto (2 dəfə), Cenevrə (2 dəfə), Paris (7 dəfə), Los-Anjeles (3 dəfə), Kembric (2 dəfə), Beyrut, Ottava (2 dəfə), Dortmund, Ankara, Lissabon, Rotterdam, Burqas və Afina şəhərlərində baş vermiş bu aktlar nəticəsində 17 nəfər (5-i türkiyəli diplomat) qətlə yetirilmiş və 116 nəfər (2-si türkiyəli diplomat) yaralanmışdır.

1983-cü ildə ermənilərin Paris (5 dəfə), Brüssel (3 dəfə), Lüksemburq, Belqrad, İstanbul, London, Tehran (4 dəfə), Lissabon, Marsel və Beyrut (2 dəfə) şəhərlərində törətdikləri 20 terror aktında 15 nəfər (2-si türkiyəli diplomat) qətlə yetirilmiş, 142 nəfər (1-i türkiyəli diplomat) yaralanmışlar.

80-ci illərin sonunda artıq bütün güclərini Azərbaycan xalqına qarşı terrora yönəltməyə hazırlaşan erməni terrorçularının qardaş Türkiyəyə qarşı terror aktlarının sayı bir qədər azalmağa başladı. Belə ki, artıq 1984-cü ildə ermənilər tərəfindən Tehran (2 dəfə), Vyana və Brüsseldə həyata keçirilmiş 4 terror aktı nəticəsində 3 türkiyəli diplomat həlak olmuş, 9 nəfər (2-si türkiyəli diplomat) xəsarət almışdır.

Beləliklə, görürük ki, 9 il ərzində erməni terrorçuları tərəfindən törədilmiş 170 teror aktında qətlə yetirilənlərin sayı 67 nəfər (25-i türkiyəli diplomat), yaralananların sayı isə 421 nəfər (8-i türkiyəli diplomat) olmuşdur. Gördüyümüz kimi, bu terrorçuluq əməlləri zamanı diplomatlarla yanaşı, siyasətdən tamamilə uzaq olan dinc əhali böyük tələfat vermiş, bir çox ailələr başsız, körpələr valideynsiz, analar övladsız qalmışlar.

Çox qəribədir ki, gətirdiyimiz bu statistikada yaralananların böyük qismi, eləcə də dağıdılmış binalar, xəsarət almış idarələrin çox hissəsi hal-hazırda ermənilərlə bağlı hər bir məsələdə ikili standartlara yol verən ölkələrə aid olmuşdur. Bu heç bir məntiqə sığmayan tərəfkeşlikdən daha da həyasızlaşan ermənilər tərəfindən 80-ci illərin sonunda Azərbaycan xalqına qarşı vəhşiliklərin də yeni mərhələsinə qədəm qoyuldu.

Görkəmli tarixçi Sabir Əsədovun tədqiqatları göstərir ki, 1987-ci ilin sonlarından 1988-ci ilin əvvəllərinə qədər olan çox qısa bir zaman ərzində Ermənistanın müxtəlif bölgələrində azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər zamanı 225 nəfər qətlə yetirilmiş, 1154 nəfər yaralanmışdır. 1989-1994-cü illər ərzində qətlə yetirilən və yaralanan dinc əhalinin sayı isə 2000-i keçmişdir. Onu da qeyd edək ki, bu insanlar arasında böyük əksəriyyəti qadınlar, körpələr və qocalar təşkil edirdi.

Ermənilərin 80-ci illərdə törətdikləri terror aktlarının da qısa xronologiyasına nəzər salaq:

1984-cü ildə Bakı şəhərində 106 saylı marşrut avtobusu erməni terrorçusu tərəfindən partladılmış, 1 qadın həlak olmuş və 3 nəfər yaralanmışdır.

1989-cu ildə ermənilər Tiflis-Bakı reysini həyata keçirən avtobusu partlatmış, nəticədə 5 nəfər ölmüş, 25 nəfər yaralanmışdır. Elə həmin il erməni A.Abramyan Xankəndi yaxınlığında Xəlfəliçay üzərindəki körpünü partlatsa da, tələfata nail ola bilməmişdir.

1990-cı ildə ermənilər 6 terror aktı həyata keçirmişlər. Həmin ilin fevralında Şuşa-Bakı, avqustunda isə Tiflis-Ağdam marşrutu ilə hərəkət edən iki avtobus partladılmış, iyul ayında Kəlbəcərə təsərrüfat malları aparan avtomobil karvanına hücum olunmuş, sentyabrında Dağlıq Qarabağ MV-nin teleradio mərkəzi partladılmış və dekabrında bir qrup terrorçu tərəfindən dinc əhaliyə hücum olunmuşdur. Bu terror aktları zamanı erməni cəlladları tərəfindən 26 nəfər qətlə yetirilmiş, 66 nəfər yaralanmışdır.

1991-ci ildə erməni terrorçuları “öz işlərinə” yanvarın 9-da, Laçın-Şuşa yolunun 5 km-liyində azərbaycanlı jurnalist Salatın Əsgərovanın qətli ilə başlamışlar. 10 gün sonra Xankəndində DQMV Daxili İşlər İdarəsinin rəisi general-mayor N.Kovalyovun həyatına sui-qəsd edilmişdir. Həmin ərəfələrdə “Xocalı” aeroportunun rəisini də qətlə yetirən terrorçular Kəlbəcərə gedən daha bir avtomobil karvanına basqın etmişlər. Həmin terror aktları zamanı 8 nəfərin həyatına son qoyulmuşdur.

Növbəti terror zamanı – may ayının 9-u, Qələbə günü erməni qruplaşmaları DQMV üzrə Azərbaycan Respublikası Təşkilat Komitəsinin üzvü Viktor Polyaniçkonun həyatına sui-qəsd etsələr də, o, sağ qalır. Lakin təəssüf ki, ermənilər 2 il sonra, Şimali Osetiyada onu qətlə yetirməyə müvəffəq olurlar.

Mayın sonunda ermənilər Xasavyurt yaxınlığında “Moskva-Bakı” sərnişin qatarını partladırlar. Daha bir qatar isə iki ay sonra, yenə Dağıstan ərazisində – Temirtau stansiyası yaxınlığında erməni terroruna tuş gəlir. Bu iki aktda 27 nəfər həlak olur, 42 nəfər yaralanır.

İyul ayının 27-dən 28-nə keçən gecə bir dəstə erməni cəlladı Martuni rayonunun Qaradağlı kəndinə hücum edərək 6 dinc sakini qətlə yetirir. Bir müddət sonra, həmin ilin yayında Xankəndi-Şuşa yolunda SSRİ DİN Daxili Qoşunlarının mayoru Xomiç qətlə yetirilir.

1991-ci il Azərbaycan tarixinə “Qarakənd faciəsi”, yaxud “20 noyabr faciəsi” adları ilə düşmüş çox dəhşətli terror aktı ilə yekunlaşmışdır. Həmin gün Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbiləşdirilmiş dəstələri tərəfindən Azərbaycan hərbi helikopteri vurulur. Bu terror aktı nəticəsində həlak olan 22 nəfər arasında Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev, Rusiya Federasiyasından olan müşahidəçilər – general-mayor M.Lukaşov, podpolkovnik V.Koçaryov və b. olmuşlar.

1992-ci ilin yanvar ayında ermənilər tərəfindən “Krasnovodsk-Bakı” sərnişin bərəsi partladılmış, nəticədə 25 nəfər həlak olmuş, 88 nəfər ağır yaralanmışdır.

20 gün sonra Ağdam-Şuşa marşrutu ilə sərnişin daşıyan mülki vertolyot Şuşa şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən vurulmuş, 44 nəfər həlak olmuşdur.

1993-cü ilin fevral ayında Qudermes stansiyası yaxınlığında “Kislovodsk-Bakı”, qatarı iyun ayında isə Bakı Dəmiryol vağzalında ehtiyat yolda dayanan sərnişin qatarının vaqonu partladılmışdır. İkinci terror aktında insan tələfatı olmasa da, birinci akt nəticəsində 11 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır.

1994-cü ildə ermənilər tərəfindən yenidən partladılan sərnişin qatarlarının sayı 3-ə çatmışdır. Fevral ayında yenə Bakı şəhərində “Kislovodsk-Bakı” sərnişin qatarı, yenə həmin ay Xudatda dəmiryolu vaqonu, aprel ayında isə Dağıstan ərazisində “Moskva-Bakı”, sərnişin qatarının partladılması nəticəsində 9 nəfər həlak olmuş, 20-dən çoxu yaralanmışdır.

Həmin ilin martında Xankəndi şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən İran Hərbi Hava Qüvvələrinə məxsus Herkules tipli təyyarə vurulmuş, təyyarədə olan diplomatlar və onların ailələri – 34 nəfər həlak olmuşdur.

1994-cü ilin 3 iyul tarixində Bakı metropoliteninin 28 may - Gənclik stansiyaları arasında elektrik qatarında həyata keçirilmiş terror aktında isə 13 nəfər həlak olmuş, 42 nəfər yaralanmışdır.

Ümumilikdə, 1984-1994-cü illər ərzində törədilmiş 28 terror aktı nəticəsində 220 nəfər qətlə yetirilmiş, 262 nəfər yaralanmışdır.

Tarix göstərir ki, xalqımız belə vəhşiliklərlə üzləşsə belə, erməni terroru qarşısında sınmamış, onların arxasında duran siyasi qüvvələrə boyun əyməmişdir.

Bu gün ümumtürk xalqının başına gətirilmiş müsibətləri xatırlayaraq, bütün bu hadisələrin bir daha təkrar olunmaması üçün əlimizdən gələni əsirgəməyəcəyimizə söz verməliyik. Söz verməliyik ki, beynəlxalq siyasət aləmində erməni məkrini sübuta yetirən dövlət xadimlərimizlə yanaşı, biz də öz borcumuzu yerinə yetirəcəyik: alimlər – elmi əsərləriylə, şairlər – vətənpərvər şeirləriylə, rəssamlar – dərin mənalı tablolarıyla və hər birimiz – şəhid qanına bulaşmış doğma torpağa olan hörmət və sevgimizlə...

 

 

ƏDƏBİYYAT:

 

Cəfərov F. Erməni vəhşiliyi. Bakı: Nurlan, 2009

Асадов С. Миф о «Великой Армении». Баку: Издательство «Азербайджан», 1999

Асадов С., Мамедов И. Терроризм – причина и следствие. Баку: Издательство «Азербайджан», 2001

Armenian Allegations: Myth and Reality. A Handbook of Facts and Documents. Washington, D.C., 1987

 

   832 dəfə baxılıb