Müstəqilliyimizin ilk qurbanları
A+   A-

 

 Müstəqilliyimizin ilk qurbanları

20 noyabr 1991-ci ildə Qarakənddə ermənilər tərəfindən törədilmiş terrordan 24 il ötür 

Bir igid ömrü qədər illər...       

 

 

 

20 noyabr 1991-ci ildə  müstəqilliyimiz yenicə bərpa olunmuşdur. 70 ildən sonra özümüzü azad ölkə, azad xalq hiss edirdik. Yeni həyata, demokratik cəmiyyətə dəvət edən bir yol açılmışdı qarşımızda. Arzular böyük, istəklər əl çatmaz görünmürdü artıq. Özümüz öz müqəddəratımızı həll etmək iqtidarındaydıq. Amma mənfur qonşu nə özü dinc yaşamaq, nə bizi dinc buraxmaq fikrindəydi. Əzəli torpaqlarımızda məskan salması az imiş, indi də Qarabağa, digər torpaqlarımıza gözünü dikmişdi. Əhaliyə hücumlar edir, kəndlərimizi yandırırdı. Nə xalq, nə də hakimiyyət buna göz yummaq fikrində deyildi. Xalq öz gücüylə müdafiə olunmağa çalışır, hakimiyyət isə növbəti dəfə mənfur qonşunu çirkin əməllərdən çəkindirməyə çalışırdı. Elə bu səbəbdən növbəti dəfə dövlət katibi Tofiq İsmayılov başda olmaqla hakimiyyət nümayəndələri sülh missiyası ilə Qarabağa yollandılar. Ermənilərlə danışıqları işıqlandırmaq üçün dövlət televiziyasının əməkdaşları da dəvət etdilər. Lakin sülhə atəşlə cavab verildi...      20 noyabr Qarabağ səmasında bu vaxta kimi misli görünməmış terror aktı baş verdi. Mİ-8 helikopterində 22 nəfər dövlət xadimi, yüksək rütbəli hərbçilər və mətbuat nümayəndələri amansızcasına  gətlə yetirildi. Məqsəd isə Azərbaycanın müstəqilliyini beşiyində boğmaq, Azərbaycan dövlətinin qol-qanadını sındırmaq idi. İlk illərdə bu təhlükə real idi. 1992-1993-cü illərdə torpaqlarımızın 20% zəbt olundu, dinc əhali yurd-yuvasından didərgin düşdü. Qaçqın problemi, iqtisadiyyatın tənəzzülü, ölkədaxili siyasi çəkişmələr ictimai-siyasi böhranı bir az da dərinləşdirdi. İşıqlı sabaha ümid qalmadığı yerdə ümummilli lider, böyük siyasətçi Heydər Əliyev müstəqilliyi yaşatmaq üçün  hakimiyyətə qayıtdı. “Müstəqilliyimiz dönməzdir, əbədidir”,- deyən ulu öndər, bu şüarı reallığa çevirərək, ölkəni dinc həyata qaytardı, günahsız tökülən qanın yerdə qalmayacağını göstərdi. Ötən illərdə olduğu kimi, bu gün də 20 noyabr 1991-ci il şəhidləri xalqımız tərəfindən sevilərək, layiq olduqları səviyyədə anılır. Onları “xalqın qaymaqları” deyə anırlar. Bu da təsadüfi deyil. Bir çoxusu böyük ziyalı, zamanında tanınmış şəxs, adlı-sanlı dövlət, elm və mədəniyyət xadimi olmuşdur. Talelərinə müstəqilliyimizin ilk qurbanları olmaq qisməti düşsə də, Tofiq İsmayılov müstəqil Azərbaycanın ilk dövlət katibi, İsmət Qayıbov Azərbaycan Respublikasının ilk Baş prokuroru, Osman Mirzəyev Azərbaycan Prezidentinin ilk mətbuat katibi vəzifələrinin daşıyıcısı oldular. Müasir tariximizdə bu şərəfli adlarla qaldılar.  Amma bu gün Vətən qurbanları olmuş bu adamları ayırmaq istəmirik. Onları dərin hüznlə yad edirik:

 

Tofiq İsmayılov – akademik, texniki elmlər doktoru, AR dövlət katibi;

İsmət Qayıbov –  AR Baş prokuroru;

Məhəmməd Əsədov – Daxili İşlər naziri;

Zülfü Hacıyev – Baş nazirin müavini;

Osman Mirzəyev – AR Prezidentinin mətbuat katibi:

Vəli Məmmədov – xalq deputatı;

Vaqif Cəfərov – xalq deputatı;

Qurban Namazaliyev – su təsərrüfatı və meliorasiya nazirinin müavini;

Rafiq Məmmədov – dövlət katibinin köməkçisi;

Alı Mustafayev – Milli qəhrəman, telejurnalist;

Fəxrəddin Şahbazov – videooperator;

Arif  Hüseynzadə - işıqçı;

Plavski İqor Aleksandroviç -  Dağlıq Qarabağ Muxtar vilayətinin prokuroru;

Kovalyov Vladimir Vladimiroviç – general-mayor, Dağlıq Qarabağ Muxtar vilayətinin daxili işlər idarəsinin rəisi.

Allah rəhmət eləsin!

P.S.

Arxivimizdə saxlanılan və bu mövzuya aid etdiyimiz bəzi sənədləri təqdim edirik. Haqqında çox az yazılan İ.Plavski və Qarabağda o zamanki durumu təsvir edən sənədləri.

Arxiv fondunun istifadəsi şöbəsinin məsləhətçisi

Lamiyə Həsənova

   5180 dəfə baxılıb