Əfsanəvi general Səməd bəy Mehmandarov
A+   A-

Əfsanəvi general Səməd bəy Mehmandarov        

 

Görkəmli hərbi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, general Səməd bəy Sadıq bəy oğlu Mehmandarovun anadan olmasının 160 illiyi tamam olur. Bununla baglı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2015-ci il 29 sentyabr tarixində sərəncam imzalamışdır. Səməd bəy Mehmandarov 1855-ci il oktyabrın 16-da Lənkəranda anadan olmuşdur. Gimnaziya təhsilini Bakıda almış və 16 yaşından Peterburq II Konstantinovka Artilleriya Məktəbində oxumuşdur.       Podporuçik, kapitan, podpolkovnik, polkovnik, general-mayor, general-leytenant və nəhayət, tam artilleriya generalı olmuşdur. O, 10 ilin içində üç dəfə general rütbəsi almışdır. Tam artilleriya generalı adına layiq görülən ilk azərbaycanlı kimi tarixə düşmüşdür.  Rus-Yapon müharibəsi dövründə Port-Artur döyüşlərindəki xidmətlərinə görə Səməd bəy Mehmandarova 1904-cü il oktyabrın 22-də general-mayor rütbəsi verilmişdir. Səməd bəy həm də 4-cü dərəcəli «Müqəddəs Georgi», birinci dərəcəli «Müqəddəs Stanislav» ordenləri və brilyantla bəzədilmiş qızıl dəstəkli qılıncla təltif edilmişdir. Təltiflər bununla bitmir. Doğrusu, generalın ordenlərinin sayını yazmaq elə də asan deyildir.  General Səməd bəy Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti höküməti tərkibində Hərbi Nazir vəzifəsini icra edərək, müstəqil Azərbaycanın 40 minlik ordusunu yaratmağa nail olmuşdur. 25 dekabr 1918-ci ildə S.S.Mehmandarov Milli Ordunun formalaşdırılması üçün Azərbaycan vətəndaşlarına müraciət etmişdir. Müraciətdə deyilirdi ki, hakimiyyət bütün qüvvəsini ölkədə anarxiyaya yol verilməməsinə, qanunsuzluqların aradan qaldırılmasına yönəltməlidir. Bu məqsədlə digər hökumət tədbirləri kimi Azərbaycan Ordusunun yaradılması qərara alınıb. Azərbaycanın ən ağır vaxtlarında Türk ordusunun köməyə gəlməsi, onun komandiri ordunun formalaşdırılmasını və artıq yaradılmış hissələrin təlimini də öz üzərinə götürməsi kimi məslələr qeyd olunmuşdur.      Müraciətdə daha sonra deyilirdi: «Hazırda bizim ordumuzun yaradılması işini öz üzərimə götürmüşəm. İndi ölkəmizin bütün vətəndaşları, istər varlı, istərsə də kasıb vətəndaşlar olsun, hərbi xidmətə eyni qaydada gələcəklər və əgər hansı varlı hərbi xidmətdən azad ediləcəksə, təqsirkar şəxslər ağır cəzalanacaqlar...»  Hərbiyyə naziri olan kimi Səməd bəy Mehmandarov 1918-ci ilin dekabrında hərbi salamlaşma haqqında əmr verir: «..əsgərlərin Azərbaycan türkcəsində salamlaşması - bir sözlə, - «Salam», cavabının isə «Əleyküm salam» olmasını bütün zabitlərə əmr edirəm. Təltif zamanı əsgərə deyilməlidir: «Mərhaba!», əsgər cavab verməlidir: «Çox sağ ol!».        Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 25 fevral 1919-cu il tarixli «Hərbi Nazirliyin ştatları haqqında Qanun»un Milli Ordu quruculuğunda önəmli əhəmiyyəti olmuşdur. Belə ki, həmin Qanunla Hərbi Nazirliyin tərkibində 38 qurum yaradılmışdır. (AR Pİİ SSA, f.277, siy.2, iş 79, vər.1-15)       Milli Ordu üzrə verilmiş ayrı-ayrı sənədlərin öyrənilməsi göstərir ki, Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti Milli Ordu quruculuğunda hərbi mütəxəssislərdən, peşəkar hərbçilərdən istifadə edilməsinə xüsusi diqqət yetirmişdir.       Nazirlər Şurası Müsəlman korpusunun yaradılması ilə kifayətlənməmiş, bu korpusun maddi bazasının möhkəmləndirilməsi qayğısına qalmışdır. Belə ki, Nazirlər Şurasının 25 iyun 1918-ci il tarixli qərarı ilə Müsəlman korpusu üçün 500000 rubl məbləğində kredit ayrılmışdır.       Milli Orduda başqa millətlərdən olan, konkret halda xristian hərbçilərinin dini etiqadına da həssaslıqla yanaşılırdı. Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunun Baş Qərargahının rəisi polkovnik Səlimovun 18 yanvar 1919-cu il tarixli 3 N-li əmri ilə bütün xristian-hərbçilər yanvar 19-da xaç suyuna salınma günü münasibətilə məşğələlərdən azad edilmişdilər.         Öz millətinin ordusunun komandanı olmaq xoşbəxtliyi cəmi ilyarım sürdü. 1920-ci il aprelin 27-də Parlamentin son iclasından qayıdan Səməd bəy Mehmandarov ailəsinin çamadanları hazırlayıb yola çıxmaq istədiyini görüb dedi: «Boşaldın, heç yerə gedəsi deyilik. Vətəndən ayrılmağa heç bir əsasım yoxdur».       Biləcəridə Müsavat hökumətinin rəhbərlərini Tiflisə aparacaq qatar S.S. Mehmandarova görə saat yarım ləngidi. O isə Bakıda qaldı. Amma gedənlərin taleyi necə oldu, bunu da bilirik…       S.Mehmandarov general A.Şıxlinski ilə birgə Nəriman Nərimanovun köməkliyi ilə ölümdən xilas edilib. N.Nərimanov V.İ.Leninə onlarla əlaqədar məktub yazıb: Məktubda N.Nərimanov generalların Moskvaya göndərilməsi barədə V.İ.Lenindən xahiş edirdi. Bu tarixi sənəd AR Pİİ SSA-də qorunub saxlanılır (AR Pİİ SSA, f.1, siy.609, iş 71, vər.57-58)         S.Mehmandarov Nəriman Nərimanovun şəxsi zəmanəti əsasında hərbi fəaliyyətini davam etdirmiş və Azərbaycanda yaradılmış hərbi komandirlər məktəbində 1921-1928-ci illərdə müəllimlik etmişdir. Qafqaz ordusunun komandiri olmuş Birinci dərəcəli Ordu komandiri İ.Ç.Yakir 1925-ci ildə yazmışdır: «Mehmandarov nadir artileriyaçıdır».        General Səməd bəy Mehmandarov 1924-1927-ci illərdə Azərbaycanda hərbi sahədə aparılan geniş islahatlarda və tədbirlərdə fəal iştirak etmişdir.        1928-ci ildə general S.Mehmandarov səhhətinə görə orduda xidmətdən tərxis olunmuş və ona fərdi dövlət təqaüdü verilməsi müəyyən edilmişdir.       General Səməd bəy Mehmandarov dövrünün görkəmli şəxsiyyətlərindən biri olmuşdur. O, türk və fars dillərini yüksək səviyyədə bilirdi. Ömrünün son üç ilində islam tarixi və fəlsəfə ilə məşğul olmuşdur.       General Səməd bəy Mehmandarov 12 fevral, 1931-ci ildə Bakıda vəfat etmişdir. 

 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

Siyasi Sənədlər Arxivinin Arxiv fondunun istifadəsi şöbəsinin

məsləhətçi-arxivçi Mətanət Zeynalova 

   5721 dəfə baxılıb