Bizim bayrağımız qürur mənbəyimizdir
A+   A-

Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik.Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.     Heydər Əliyev

 

Hər bir ölkənin tarixi və dövlətçilik ənənələri onun rəmzlərində və atributlarında öz əksini tapır. Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Yüz ilə yaxın bir müddətdir ki, üçrəngli dövlət bayrağımız insanlarımız üçün müqəddəs ideal rəmzinə çevrilmişdir. Mövcudluğunun 18 ayı dövründə (1918-ci ilin 9 noyabrı) ən istəkli bir varlıq kimi sevilmiş, əzizlənmiş, adına və hüsnünə şeirlər yazılmış, mahnılar bəstələnmişdir. Bayraq, gerb, himn kimi rəmzlər milli dövlətçiliyin varlığını, xalqın amallarını lakonik, obrazlı və bədii dildə ifadə edən mühüm amillərdəndir. Odur ki, özünütəsdiq simvolu olan bayraq bütün dünyada qürur və güvənc yeri sayılır. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin, mənəvi dünyasının göründüyü ən şəffaf və dəqiq meyardır. Belə bayraqlardan biri Xəzər dənizinin sahilində, Bakı buxtasında qürurla dalğalanır, bütün dünyaya müstəqil dövlətin varlığını bəyan edir.Hələ qədim zamanlardan başlayaraq bütün dövlətlərin özünəməxsus fərqləndirici əlamətləri – simvol və rəmzləri olmuşdur. Bunlar müxtəlif emblem, bayraq, gerb, medal və sairdən ibarət olmuşdur. Azərbaycanın dövlətçiliyi təşəkkül tapdıqdan sonra onun yaradıcıları dövlətin milli əlamətlərini əks etdirəcək özünəməxsus rəmzlərinin təxirə salınmadan yaradılması tədbirlərinə əl atmışlar. Bu tədbirlər sırasında ilk növbədə gözəl təsvirli və çoxmənalı bayrağın qəbul edilməsini xüsus ilə qeyd etmək lazımdır. Dövlətin mühüm atributlarından sayılan himnin və gerbin layihələri də hazırlanmış, lakin rus işğalçılarının ölkəyə müdaxiləsi üzündən təsdiq edilməsinə imkan olmamışdır. Azərbaycan Xalq Cümhuriyyətinin möhürü və bir çox medallarının eskizləri də işlənilib hazırlanmışdır. Arxivlərdə təxminən yüzədək müxtəlif medal eskizləri qorunub saxlanılır. Lakin bir çox sənədlər sovet hakimiyyəti illərində məhv edildiyindən dövlət rəmzləri və atributları haqqında məlumatlar dolayı mənbələrdən əldə edilir.Keçmişdə xalqımızın maddi, mənəvi və bədii mədəniyyətinin zənginliyini, rəngarəngliyini ifadə edən heraldika və rəmzlər sistemi mövcud olmuşdur. Məsələn, folklor və ədəbiyyatda, arxeoloji, etnoqrafik, dekorativ və təsviri sənət abidələrində at, maral, qurd, şir, əjdaha, qartal, simurq, tovuz və s. bu kimi heyvan və quşların, sərv, palıd, nar, lalə, nərgiz, qızılgül və s. kimi ağac və çiçəklərin təsvirləri, həndəsi və nəbati naxışlarda həkk olunmuş obrazları simvolik məna kəsb etmiş, milli təfəkkürü, xalqın bədii zövqünü, estetik və əxlaqi təsəvvürlərini əks etdirən rəmzi mahiyyət daşımışdır. Təsadüfi deyildir ki, Azərbaycan xalqının qəhrəmanlıq tarixi, azadlıq və istiqlaliyyət naminə mübarizəsi, milli dövlətçilik meylləri, gözəllik anlayışları qədim mifoloji təsəvvürlərdə, folklor qaynaqlarında, feodalizm dövrü dövlət qurumlarının bayraq, nişan, emblem və digər rəmzlərində ifadə olunmuşdur.Bu məlumatlar bugünki Azərbaycan bayrağı haqqında gərəkli olan ilkin təəssuratı yaradır. Ancaq məsələyə bir qədər dəqiqliklə baxanda bayrağımızın hələ ilk müstəqillik dövründə bir neçə dəfə dəyişdirildiyinin, SSRİ dövründə hətta 6-7 dəfə müxtəlif formalarda tərtib edildiyinin, xanlıqlar dövründə isə hər xanın öz istədiyi şəkildə bayraq yaratdığının şahidi oluruq. Bəzi maraqlı məqamlara diqqət yetirək.1922-ci il dekabrın 30-da SSRİ-nin tərkibinə daxil olan Azərbaycan öz müstəqilliyini de-fakto itirir və Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi yeni latın qrafikalı əlifbanın ərəb əlifbası ilə eyni hüquqa malik olması barədə qərar qəbul edir və bu dəyişiklik Azərbaycanın al-qırmızı bayrağında öz əksini tapır. «ASSR» abviaturası bayrağın üzərində hər iki əlifba ilə verilir. 1924-cü ilin dekabrında (konstitusiyanın yeni redaktədə qəbul edilməsindən sonra bayrağımızın üzərində bayrağın ümumi eninin altıdan biri ölçüsündə oraq və çəkic şəkili, onlardan yuxarıda isə aypara və beşgüşəli ulduz təsviri verildi.1930-cu ildən sonra bayrağın üzərindəki ərəb əlifbası (Konstitusiyada «köhnə əlifba» kimi göstərilirdi) yığışdırıldı və dövlətin adı ancaq latın qrafikası ilə göstərildi. 1939-cu ildə latın əlifbasının rus əlifbasına keçməsi ilə əlaqədar bayrağın üstündəki «Az.SSR» sözləri yeni əlifba ilə yazıldı. Üstəlik artıq bayrağın üzərində aypara və ulduz təsvirləri də yox idi.1952-ci il oktyabrın 7-də Azərbaycan SSR Ali Sovetinin fərmanı ilə Azərbaycan Müttəfiq Respublikasının dövlət bayrağı ikirəngli üfuqi zolaqdan ibarət, oraq çəkicli bayraq kimi qəbul edildi. (AR Pİİ SSA, f.1, siy.38,iş 99, vər.19,20,21,24)Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonrakı tarixi hadisələr və proseslər göstərdi ki, kommunist-sovet rejiminin hər cür təzyiq və məhdudiyyətlərinə baxmayaraq, Azərbaycan xalqını, Azərbaycan gəncliyini milli azadlıq, müstəqillik, istiqlal idealları və arzuları heç vaxt tərk etməmişdir. Azərbaycan Xalq Cümhuriyyətini «milli sərvətimiz, tariximizin parlaq səhifəsi» kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin böyük müdrikliklə dediyi kimi, «Azərbaycan Demokratik Respublikası ilk dəfə milli azadlıq, müstəqillik toxumlarını bütün Azərbaycana səpdi. Bu toxumlar uzun müddətdən sonra cücərdi, boy atdı və nəhayət, 1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini əldə etdi». Lakin Azərbaycan Respublikasının müstəqillik əldə etməsindən xeyli əvvəl, Azərbaycan Xalq Cümhuriyyətinin 1920-c i il mayın 3-də azadlıqsevər xalqımızın qəlbinə endirilmş müqəddəs istiqlal rəmzi – üçrəngli milli, dövlət bayrağımız 70 il sonra 1990-cı il noyabrın 17-də qədim Azərbaycan diyarı Naxçıvanda XX əsrin böyük siyasətçisi və dövlət xadimi Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar respublikasının dövlət bayrağı kimi qəbul edilərək yüksəklərə qaldırıldı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatəti və tələbi ilə 1991-c i il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti «Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Azərbaycan Respublikasının Qanunu»nu qəbul etdi. Bu Konstitusiya Qanunu ilə (05.02.91, № 217-XII) ilə üçrəngli milli bayrağımız Azərbaycan Respublikasının Dövlət bayrağı kimi təsdiq edildi və bu müqəddəs istiqlal rəmzimiz bütün Azərbaycan üzərində dalğalanmağa başladı...Az müddətdən sonra «Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı» (18 oktyabr 1991-ci il) ilə Azərbaycan Respublikası özünün dövlət müstəqilliyini elan etdi. İlk olaraq Türkiyə Cümhuriyyəti ölkəmizin müstəqilliyini tanıdı. Böyük öndər Qazi Mustafa Kamal Atatürkün vaxtilə söylədiyi «Azərbaycan bayrağının Türkiyə bayrağı yanında Türkiyə səmasında dalğalanmasını görmək bütün millətimiz üçün böyük bir bayramdır» sözləri artıq həqiqətə çevrildi... İndi təkcə Türkiyənin deyil, dünyanın bir çox dövlətlərinin səmasında ölkəmizin səfirlikləri üzərində Azərbaycan bayrağı – müstəqilliyimizin müqəddəs rəmzi dalğalanır...Dövlət bayrağı dövlətin rəsmi fərqləndirici əlamətidir və onun təsviri, adətən konstitusiyada qanunvericilik yolu ilə təsbit edilir. Dövlət bayrağı məxsus olduğu dövlətin suverenliyinin rəmzidir. Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng - islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Dövlət bayrağının istifadəsi 8 iyun 2004-cü il tarixli ― Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalamışdır. Noyabrın 9-u respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur.Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanmışdır. Bu dövlət rəmzləri Bayraq Meydanının görkəminin möhtəşəmliyini daha da artırmış, onun görünüşünə əlavə çalarlar qatmışdır.2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olmuşdur. Meydanda həmçinin Dövlət Bayrağı Muzeyi də yaradılmışdır.Dövlət Bayrağı Meydanının açılış mərasimində dövlət başçısının da vurğuladığı kimi, əzəmətli bayraqdan qürur duyan hər bir azərbaycanlının qəlbində bir müqəddəs arzusu var. Üçrəngli bayrağımızı Azərbaycanın işğal altında olan yaşayış məntəqələri üzərində ucaltmaq! Dövlət başçısı İlham Əliyevin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi uğurlu diplomatiya və hərbi quruculuq siyasəti isə bu ülvi arzunun, prinsipial məqsədin gerçəkləşəcəyinə birmənalı əminlik yaradır.İndi Bayrağımız dünyanın 180-dən artıq müstəqil dövlətinin bayraqları ilə bir sırada dalğalanmaqdadır. Azərbaycan Respublikası bu gün üçrəngli milli, dövlət bayrağımız altında müstəqillik yolları ilə inamla irəliləyir. 

 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

Siyasi Sənədlər Arxivinin Arxiv fondunun istifadəsi şöbəsinin

məsləhətçi-arxivçi Zeynalova Mətanət. 

   1634 dəfə baxılıb