“İŞIQ” qəzetinin imperatriça Aleksandra Fyodorovnaya təqdim edilməsi
A+   A-

“İŞIQ” qəzetinin imperatriça Aleksandra Fyodorovnaya təqdim edilməsi

“İŞIQ” qəzetinin imperatriça Aleksandra Fyodorovnaya təqdim edilməsi

(Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi bu nadir tapıntını “İşıq” qəzetinin 103 illiyinə həsr edir)

 

XX əsrin maarifçi, fəal ziyalı qadınlarımızdan: Şəfiqə xanım Əfəndizadə, Sona xanım Tağıyeva, Rəhilə xanım Hacıbababəyova, Mədinə xanım Qiyasbəyli, Fatma xanım və Liza xanım Muxtarova, Səltənət xanım və Nigar xanım Qayibovalar, Əminə xanım Batrişina, Xədicə xanım Əlibəyova və başqaları xeyriyyə cəmiyyətləri yaradaraq qadınların elmə yiyələnməsi, oxuması üçün qadın hüquqları uğrunda fəal mübarizə aparırdılar. Bu xanımların arasında Azərbaycanda ilk qadın mətbuat orqanı “İşıq”ın qurucusu Xədicə xanım Əlibəyova xüsusi seçilir.

X.Əlibəyova (1884-1958) Tiflisdə ruhani ailəsində anadan olmuşdur. Atası Ələddin Sübhanquliyev Tiflisin sayılib-seçilən ziyalılarından biri, Qafqazın ruhani idarəsinin üzvü olmuşdur. O, qızını Tiflis qız gimnaziyasında oxumağa qoymuş, ona mükəmməl təlim-tərbiyə vermişdir. Xədicə xanım gimnaziyanı bitirdikdən sonra Zaqafqaziya Olginskaya Mamalıq İnstitutunda oxumuş, 1907-ci ildə dərəcəli mama-ginеkoloq ixtisasına yiyələnmişdir.

Xədicə xanım ixtisasca hüquqşünas olan, ictimai xadim, publisist Mustafa bəy Əlibəyovla (1872-1942) ailə həyatı qurduqdan sonra ictimai və mədəni həyatda daha fəal iştrak etməyə başlayır. Xədicə xanım Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyətinin, Mustafa bəy isə “Yaşıl qələm”in, “Hidayət” xeyriyyə cəmiyyətinin (1905-ci il) katibi, həmçinin ”Möhtaclara kömək” cəmiyyətinin, “Əhrar” partiyasının üzvü olmuşdur. Dövrün ictimai həyatında yaxından iştirak edən bu ziyalılarımız cəmiyyətimiz üçün gərəkli, tərbiyəli və savadlı insanlar yetişdirməkdən ötrü qadınların təhsil almalarının vacibliyini yaxşı başa düşürdülər. Buna görə də müsəlman qadınları ətraflarına toplamaq, onları qəflət yuxusundan oyatmağa, elmə, ailədə və ictimai həyatda öz hüquqlarını bilməyə səsləmək üçün qadın mətbuat orqanına ehtiyac olduğunu duyan Xədicə xanım və Mustafa bəy “qadın qəzetəsi” çıxarmaq qərarına gəlirlər. Nəhayət, onlar Azərbaycanda ilk qadın mətbuat orqanının əsasını qoyaraq, Bakıda 1911-ci il yanvarın 22-də “İşıq” qəzetini təsis edirlər. Redaktoru Xədicə xanım Əlibəyova, naşiri Mustafa bəy Əlibəyov olan, 8-12 səhifə həcmində çıxan bu qəzetdə, həm Azərbaycan, həm də rus dilində məqalələr dərc edilirdi. Nəşri 1912-ci il aprelin 21-nə qədər davam edən ”İşıq” özünü “xanımlar üçün qəzetə” adlandırırdı. “Kaspi” qəzeti 22 yanvar 1911-ci il tarixli sayında “İşıq”ın çap olunması haqqında yazırdı: “Dünən Bakıda Xədicə xanım Əlibəyovanın redaktorluğu ilə həftədə bir dəfə çıxan “İşıq” qəzetəsinin ilk nömrəsi tatar dilində çapdan çıxmışdır. Qəzetə müsəlman qadın və uşaqların tərbiyəsinə xidmət edən bir orqandır”.

“İşıq” qəzetinin çıxması Qafqazda böyük marağa səbəb olur. “Kavkazskaya kopeyka” qəzeti bu haqda yazırdı: “22 yanvar 1911-ci ildə yeni müsəlman qadın qəzetinin – “İşıq”ın ilk nömrəsi çıxdı. Qəzet qadın məsələlərinə həsr olunur (“Kavkazskaya kopeyka”, №18, s. 3).

Qaranlıq bir aləmdə müsəlman qadınların yoluna işıq salan bu qəzetin üst qabığındakı şəkildə adına uyğun olaraq bir qadın öz uşağının əlindən tutaraq ətrafa nur saçan günəşi göstərirdi. Redaktor ilk sayda qeyd edirdi: “Qəzetin qarşısında duran əsas məqsəd vacib olan maarifləndirmə yolu ilə ümumi inkişafa çatmaqdır. Qəzetin elm, ədəbiyyat, təbabət və hüquqa dair, başlıcası – evdarlıq və uşaqların tərbiyəsi şöbələri olacaqdır. Bundan başqa, qəzet bütün həyati məsələlərə öz münasibətini bildirəcəkdir” (“İşıq”, №1, s. 1).

“İşıq”ın ətrafında çoxlu ziyalı qadınlarımız toplaşaraq tez-tez öz yazılarını dərc etdirirdilər. Görkəmli ziyalılarımızdan M.Hadi, Y.Çəmənzəmənli, B.Şaxtaxtinski, İ.Məlikov və başqaları qadın mətbuatının oncülü olan “İşiq”ın nəşrinə sevinərək təbrik məktubları yazırdılar. Xalqımızın dəyərli ziyalılarından B.Şaxtaxtinski “Yeri gəlmişkən” adlı məktubunda yazırdı: “Yalnız tərbiyəli, savadlı və bizi əhatə edən həyatı gözəl tanıyan ana övladına yaxşı tərbiyə verib, onun həyatını yaxşı təmin edə bilər... Bu həyat qanunu elə onların vasitəsilə müsəlmanlarla maarif arasında bir körpü qurdu” (“İşıq”, №7, 1911). Məktubunda B.Şaxtaxtinski qadın ziyalıların vəzifəsini izah edərək, onların fəaliyyətini alqışlayır, uzaqgörənliklə qadınlarımızın gələcəyini nikbin gördüyünü yazırdı.

“İşıq”ın Azərbaycan qadın mətbuatı tarixindəki rolu danılmazdır. XX əsrin əvvəllərində Azərbaycan qadınının vəziyyətini anlamaq baxımından da “İşıq” əhəmiyyətli bir mənbədir. Təəssüf ki, bir neçə araşdırmaçı alimimiz istisna olmaqla uzun illər bu dəyərli mənbə tədqiq edilməmişdir.

Kitabxanamızın tədqiqatçılarından A.Qasımzadə “İşıq”ın nəşri tarixi haqqında tədqiqat işi apararkən fondumuzda saxlanılan “İşıq” qəzetindən istifadə etmiş, bunun əsasında “Zülmətdə “İşıq” adlı elmi-publisistik əsərini çap etdirmişdir (2000-ci il). Əsərdə “İşıq”ın nəşri tarixi, ideya istiqaməti və redaksiyaya gələn məktublar haqqinda geniş bəhs olunur.

Dəyərli tədqiqatçılarımızdan L.Əliyeva “Jenşinı v obşestvenno-politiçeskoy jizni Azerbaydjana (1900-1920)” adlı elmi əsərində “İşıq”ın hərtərəfli əhəmiyyəti haqqında məlumat verir (səh. 100-110). “İşıq” qəzetinin 1911-ci ildə çıxan 34, 1912-ci ildə isə 13 nömrəsi fondumuzda saxlanılır. Ancaq “İşıq”a dair məqalələrdə qəzetin 68 sayının işıq üzü gördüyü yazılır.

2013-cü il dekabrın 11-21-də Moskva şəhərində ezamiyyətdə olarkən Rusiya Dövlət Kitabxanasında (RDK) oldum. RDK-nın mehriban kollektivi məni bu zəngin kitabxana ilə tanış etdi. Bu kitabxanada Azərbaycanın tarixini, mədəniyyətini öyrənmək üçün qiymətli, dəyərli mənbələr saxlanılır. Burada “İşıq” qəzeti ilə maraqlandım. Çünki qəzetin bir hissəsi abunə yolu ilə, qalan hissəsi isə (200 nüsxə) pulsuz olaraq qeyri şəhərlərə göndərilirdi və bu baxımdan kitabxanada neçə nömrənin saxlanıldığı maraqlı idi. Məlumdur ki, “İşıq” məcmuə halında çap olunsa da, qəzet adlanır. Mənə 2 komplekt verilmişdi. 1-ci komplekt qalın bir qovluq içərisində tünd-qırmızı rəngdə, üzərində əl işi ilə qızılı saplarla toxunmuş Rusiya imperatoru tacının şəkili olan balaca sandıqça idi ki, onun içərisində üzü ağ atlazla cildlənmiş və üzərində ipək saplarla “İşiq” qəzetinin şəkli bəzədilmişdir. İmperatriça Aleksandra Fyodorovnaya göndərilən bu komplektdə 1911-ci ilin 1-34-cü sayları vardır. Adi cildlənmiş halda olan 2-ci komplektdə isə 1912-ci ilin 1-13-cü sayları mövcuddur. Məni daha çox sevindirdirən 1911-ci il saylarının komplekti oldu. Toplunun cildində bu sözlər yazılmışdır: “Ея Императорскому Величеству Государынъ Императирицъ Александръ Феодоровнъ – «Ишыгь» за 1911 годъ. «Светь»”.

Bu hədiyyənin göndərilmə səbəbinə nəzər salaq. “İşıq”ın bağlanması təhlükəsini hiss edən redaktor X.Əlibəyova qəzetin bir illik komplektini Rusiya imperatoru II Nikolayın xanımı imperatriça Aleksandra Fyodorovnaya göndərmək üçün icazə istəyir. “Kaspi” qəzetinin 1912-ci ilin 4 noyabr tarixində çıxmış sayındakı “Bakinskaya xronika” adlı rubrikasında verilən xəbərdə yazılırdı:

“İmperatriçaya təqdim edilən müsəlman qadın qəzeti haqqında hesabat. Əlahəzrət imperatriça Aleksandra Fyodorovnaya Bakı şəhərində yaşayan, vəkilin həyat yoldaşı Хədicə xаnım Əlibəyovadan onun redaktorluğu ilə buraxılan müsəlman qadın qəzeti “İşıq”ın 1911-ci il tam toplusunu təqdim etmək üçün ərizə. Mərhəmətli imperatriça bu ərizədəki xahişin icazəsinə razılıq vermişdir”.

Beləliklə, xahişnaməni qəbul edən imperatriça Aleksandra Fyodorovnaya 1911-ci ildə nəşr olunan “İşıq” qəzetinin illik komplekti göndərilir. Mənə təqdim olunan qəzet komplektlərinin birindən “Kaspi” qəzetinin yuxarıda adı çəkilən qəzet nüsxəsi də çıxdı. Qəzetin 1-ci səhifəsində “Əlahəzrət imperator, hökmdar imperatriçası Aleksandra Fyodorovnaya dərin hörmət bəsləyən, hədsiz ehtiramla öz əməyini sizə təqdim edən redaktor Xədicə xanım Əlibəyova. “İşıq” qadın qəzetinin 1911-ci ilin sayları” yazılmışdı.

Bütün bünlardan da aydın olur ki, milli mətbuatımızın ilk qadın mətbuat orqanı olmuş “İşıq”ın əhəmiyyətli rolunu anlayan Xədicə xanım kimi ziyalılarımız bu dəyərli nəşrin davam etməsi üçün əllərindən gələni edirdilər. Baxmayaraq ki, “İşıq”ın nəşri o qədər də uzun bir zamanı əhatə etmir, yenə də o, Azərbaycan qadınının həyatında önəmli rol oynaya bilmişdir. Bu gün yenidən işıq üzü görən və öz işıqlı ideyalarını yaşadan “İşıq” jurnalı bunun bariz sübutudur.

 

 Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin

məsləhətçisi Rəqibə Məmmədova

 “İşıq” qadın jurnalı, № 1 (77), 2014, səh.54-57

 

   5741 dəfə baxılıb